Cümhuriyyət bayrağımız 72 il sonra yenidən Gəncədə necə qaldırıldı? - EKSKLÜZİV

  • 28 may 2020, 22:00
1989-cu il noyabrın 22-də Gəncənin mərkəzi meydanında böyük izdiham varıydı. Həmin günlər müasir Azərbaycan dövlətinin təqvimində Milli "Dirçəliş Günü” kimi qeydə alınan məlum xalq hərəkatının Bakıda “Azadlıq meydanı”ndakı doğuluşundan düz 1 il ötürdü. 
Minlərlə vətənpərvər Gəncəli ölkəmizin dörd bir yanında alovlanmaqda olan milli azadlıq ruhunun işığına, müqəddəs anım gününə toplaşmışdı, hamı həyəcanla mitinq təşkilatçılarının SSRİ rəhbərliyinə ittihamlarını alqışlayır, tanınmış natiqlərin alovlu çıxışları AZADLIQ! şüarlarıyla bir-birini əvəz edirdi. 
O zamankı şəhər İcraiyyə Komitəsinin əzəmətli binasının ətrafında çoxlu milislər gözə dəysə də,  xoşbəxtlikdən nümayiş müdaxiləsiz keçirdi, proseslər yerli əhalinin iradəsilə özünün klüminasiya nöqtəsinə yürüməyə davam edirdi. 
70 illik rus şovinizminin Azərbaycana qarşı həyata keçirdiyi əsarət siyasətinin təzahürləri SSRİ kimi azğın imperiyanın süqutunu bu şəhərdə daha sürətlə şərtləndirirdi. Müstəmləkə əsarətindən qurtulmaq istəyən və dövlət müstəqilliyini yenidən qurmaq arzusunda olan millət 1918-ci ildə olduğu kimi, özünün müstəqil, demokratik Xalq Cümhuriyyətinin varisliyinin bərpasını cani-dildən tələb edirdi.
Əslində, həmin günlərdə Gəncə şəhərinin istiqlalçı əhalisi Azərbaycan tarixinə növbəti parlaq möhürlərini vurur, 1918-ci ildə qürurla daşıdığı Azərbaycan Xalq Cümhuriyyəti paytaxtı missiyasına, milli dövlətçilik və millətçilik ənənələrinə, Rəsulzadə dəyərlərinə tərəddüdsüz sahib çıxırdı. Beləliklə, şanlı tariximiz yenə məhz Gəncədə təkrarlanır, Gəncə adı 70 ildən sonra da Azərbaycanın müstəqillik tarixinə məğrur və milli ruhlu şəhər kimi yenidən yazılırdı. 
Əsrin əvvəlində Cümhuriyyətimizin paxtaxtı olmuş şəhərin meydanında  Gəncə adının tezliklə bərpasından tutmuş, milli kimliyimizin bəyanına kimi doğma və mütərəqqi tələblər vətəndaşları coşdurmuşdu. Hamı Azərbaycana və xalqına hürr arzular diləyirdi. Lakin, o günü yaddaqalan edən çox maraqlı, təsirli bir hadisə də baş vermişdi. Azərbaycan öz tarixi kutsal bayrağına hakim çıxaraq üçrəngli cümhuriyyət bayrağımızı Gəncənin mərkəzində dalğalandırmış, inzibati binanın üzərinə qaldıra bilmişdi. 
Meydanda öz aktivliyi ilə seçilən bir qrup gəncin əlində olan üçrəngli Azərbaycan bayraqlarının işığı göz qamaşdırırdı. Evlərdə millətçi ana-bacılarımızın müstəqillik həvəsilə tikib ərsəyə gətirdikləri bayraqlar hər kəsə böyük coşğu bəxş edirdi, doğma bayraqlar əllərdə qürurla yellənirdi.
Mitinqin təşkilat komitəsinin fəalları – Bayraqdar Məmməd və Vüqar isə əllərindəki irihəcmli Azərbaycan bayrağını İcraiyyə Komitəsinin inzibati binasının damındakı dirəyə taxmaq üçün tələsirdilər. 
İgidlər heç nədən və kimsədən qorxmadan yolunu tapıb indiki İHB-nin binasının damına çıxanda sevincdən əlləri əsirdi. Vüqar əl atıb Gəncəni 70 ildir Kirovabad kimi “işğal” edən Azərbaycan-SSRİ bayrağını qopardıb Məmmədlə birlikdə meydana tərəf atdılar. Havada açılan o bayrağın yerə sərilməsi ilə insanların onu tapdalaması eyni anda baş vermiş, yeni həyəcan yaratmışdı. Məmməd isə artıq yuxarı daşıdıqları üçrəngli bayrağımızı lazım olan yerə bərkidib dalğalanan cümhuriyyət bayrağının ucaldığına qürrələnirdi... 
Beləcə, Gəncədə qürurverici bir günü anmağa, xatırlamağa çalışdıq. İndi deyə bilərik ki, Gəncə üç rəngli bayrağımızı həm 1918-ci ildə, həm də 90-cı illərdə ilk dalğalandıran milli istiqlalçılar şəhəridir. Şanlı-şərəfli tarixin, müstəqillik günün mübarək Azərbaycan!
Osman Nərimanoğlu (müstəqil jurnalist) 
Özəl olaraq Ens.Az və Demokratik.Az saytları üçün
Oxşar xəbərlər