"KARANTİN REJİMİ İLİN SONUNADƏK DAVAM EDƏCƏK"

  • 16 may 2020, 14:14
"Bu ilin sonuna qədər ölkədə karantin rejimi davam edəcək". Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Ramin Bayramlı deyib ki, dünyada sərt karantin rejimi əvəzinə insanları virusla birgə yaşamağa öyrəşdirməyə başlayıblar. Çünki yaxın 1 il ərzində vaksinin əldə olunacağı gözlənilmir: “Virusu orqanizmdən kənarlaşdırmaq üçün dərman da yoxdur. Bütün amillər deməyə əsas verir ki, qaydalar çərçivəsində yaşamağa alışmalıyıq"-.
O bildirib ki, xüsusi karantin rejimindən mərhələli şəkildə çıxmaq ehtimalı ola bilər: "Bu yükün artması və yumşalma prosesi vətəndaşların sosial məsuliyyətindən asılıdır. Virusla yaşamağa öyrəşməliyik. İlin sonuna kimi vəziyyət belə olacaq".
TƏBİB rəhbəri Ramin Bayramlı deyib ki, əsgərlər arasında ciddi yoluxma qeydə alınmayıb.
R.Bayramlı söyləyib ki, bir neçə zabit arasında yoluxma halı qeydə alınıb. Onların müalicəsi həyata keçirilib: "Hazırda hərbi hissələrimizdə heç bir ciddi yoluxma halı yoxdur və ciddi nəzarət var. Yoluxan zabitlər müalicə edilərək sağalıb"
"Bəzi müəssisələrinin rəhbərləri mövcud çağırışlara əməl etmədiyindən yoluxma faktları artırıb"-deyə, Bayramlı qeyd edib.
TƏBİB sədri bildirib ki, Bakı Tikiş Evində 64 nəfərə virusa yoluxub və onların müalicəsi hazırda davam edir.
O qeyd edib ki, hazırda ölkədə 46 məhbus koronavirusa yoluxub: "Bu rəqəm əvvəl 33 idi. Daha 13 məhbus virusa yoluxub. Cəzaçəkmə müəssisələrində yoluxanlar kənarda tibbi xidmətə cəlb olunurdular. Onlar da əsasən şəkərli diabet və ya böyrək çatışmazlığı ilə bağlı idi".
O bildirib ki, xroniki xəstələrin koronavirusa yoluxma faktları üstünlük təşkil edib: "Belə xəstələr arasında müalicə alanda yoluxma artır. Onlar da təmasda olanları da yoluxdurub. Proses məhdudlaşdırılıb".
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, məhdudiyyətlərin daha bir qisminin yumşaldılması xüsusi karantin rejimində çıxışla bağlı 3-cü mərhələ hesab oluna bilər.
"Ona görə ki, aprelin 27-dən etibarən yumşaldılmanın birinci mərhələsi tətbiq olundu. Mayın 4-dən etibarən isə ölkə sarı və narıncı zonalara bölünərək yumşalma prosesi ikipilləli, ikisürətli, selektiv yanaşma metodu ilə tətbiq edilməyə başladı”, - deyə İ.Məmmədov bildirib
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, karantin rejimi tam ləğv olunmayıb :"Ona görə də postların ləğvi nəzərdə tutulmur".
Onun sözlərinə görə, qaydalara necə əməl olunmasına nəzarət Daxili İşlər Nazirliyi tərəfindən tənzimlənir: "Onlar hesab etsə ki, artım və ya azalmaya ehtiyac var buna uyğun da qərar veriləcək".
O qeyd edib ki, narıncı zona hesab edilən ərazilərə giriş-çıxış qadağası qüvvədədir.
İbrahim Məmmədovun sözlərinə görə, tədris bərpa olunandan sonra kitabxanalar da açılacaq."Kitabxanalar təhsilin bir hissəsidir. Tədris yoxdursa, kitabxanaların açılması da zəruri deyil".
İ.Məmmədov bildirib ki, kütləvi idman tədbirləri ilə bağlı məsələ gündəmdədir: "Ola bilsin ki, növbəti mərhələdə nəsə qərar qəbul edilsin".
İbrahim Məmmədov deyib ki,iri ticarət mərkəzləri ilə bağlı qadağalar hələ ki qüvvədədir: Çünki bu cür yerlər insanların kütləvi toplaşdığı obyektlərdir”.
"Buna görə də belə yerlərdə yoluxma təhlükəsi çox ola bilər. Bu səbəbdən onların açılması hələ ki nəzərdə tutulmur. Təəssüf olsun ki, yoluxmanın statistikası hələ ki iri ticarət mərkəzlərinin açılmasına imkan vermir", - deyə İ.Məmmədov bildirib
İbrahim Məmmədov qeyd edib ki, Naxçıvan və digər bölgələrdə gediş-gəlişin bərpa edilməsi növbəti mərhələdə müzakirə edilə bilər:"Digər bölgələrdə olan və daimi qeydiyyatı Bakı şəhərində olan şəxslərin paytaxta qayıtmasına icazə verilsə də, Naxçıvanla bağlı bu icazə mümkün deyil. Bu texniki baxımdan mümkün deyil. Çünki oradan sadəcə təyyarə ilə gəlmək mümkündür".
İ.Məmmədov söyləyib ki, Nazirlər Kabinetinin Operativ Qərargahında bütün bölgələrə gediş-gəlişlə bağlı müzakirələr aparılır: "Ölkədaxilində gediş-gəlişin tam bərpa olunması arzu olunandır".
Gündəlik 500 min tibbi maska istehsal edilir
İ. Məmmədov əlavə edib ki, gündə 500 min tibbi maska istehsal edilib. Bu isə yerli tələbatı tam təmin etməyə imkan verir. Ölkədə gündəlik 6 min kombinezon istehsal edilir. 
Modul tipli xəstəxanaların yaradılması və “Yeni klinika”nın koronavirusla mübarizəyə uyğunlaşdırılıb. Bu problemin öhdəsindən gəlmək üçün tibbi personalımızın maddi-texniki imkanı var.

Gəncədə infeksiyanın yayılmasının qarşısı müəyyən qədər alınıb
TƏBİB sədri Ramin Bayramlı bildirib ki, Gəncə şəhərində aparılan əks epidemik tədbirlər nəticəsində epidemiyanın yayılmasının qarşısını müəyyən qədər almaq mümkün olub. Amma bu tədbirlər davam etdirilməlidir.
Onun sözlərinə görə, hər gün aparılan təhlillərə əsasən, karantin tədbirlərinin yumşaldılması və ya sərtləşdirilməsi barədə qərarlar qəbul edilir.
R.Bayramlı qeyd edib ki, ölkədə pandemiya ilə mübarizənin birinci mərhələsi ilk yoluxma faktının aşkarlanması ilə başlayıb: “Hazırda biz pandemiya ilə mübarizənin ikinci mərhələsindəyik. Aprelin 27-dən bəzi yumşaldılma tədbirlərinə başlanılıb. Təəssüflər olsun ki, bəzi ərazilərdə qaydalara məsuliyyətlə yanaşılmır. Artıq Yevlax rayonunda da 64 sakində koronavirus aşkarlanıb. Bu rayonda da ciddi epidemioloji tədbirlərin görülməsinə ehtiyac var”.

İkinci yoluxma dalğası təhlükəsi...
R.Bayramlı onu da bildirib ki, hazırda koronavirusaa yoluxmanın ikinci dalğasını yaşamaqdayıq: “Həftələrə diqqət yetirsək, 4-10 may həftəsində ən yüksək - 580 yoluxma olub. Bu həftə 480 yoluxma var, hətfənin sonuna kimi rəqəm artacaq”.
R. Bayramlı deyib ki, bu, ikinci yoluxma dalğası təhlükəsini göstərir: “Hazırda ikinci dalğanı yaşamaqdayıq. Gələcək həftələrdə göstəricilərin azalacağı, yüksələcəyi bizim sosial məsuliyyətimizdən asıldıır”.
Koronavirusa yoluxanların və dünyasını dəyişənlərin yaş göstəriciləri...
R. Bayramlı deyib ki, yoluxanların 54,7 faizi Bakıda, 10,3 faizi Aran zonasında, 10,2 faizi Lənkəranda olub: “Xaricdən idxal olunan infeksiya isə 7,7 faizdir”.
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, testdən keçənlərin 1,7 faizində yoluxma üzə çıxır.
O bildirib ki, yeni növ koronavirus infeksiyasına yoluxanların 22 faizi 50-59 yaş, 18 faizi 30-39 yaş, 5 faizi 0-9 yaş arasındadır, 80 yaş üzərində isə 2 faiz yoluxma halları var.
R. Bayramlı əlavə edib ki, koronavirusa yoluxanların 57 faizi qadınlar, 43 faizi isə kişilərdir.
Ramin Bayramlı, həmçinin bildirib ki, 60-69 yaş arası vəfat edənlər 36 faiz, 40-49 yaş arası ölənlər 6% (ötən həftə ilə müqayisədə 1 faiz artıb), 80 yaşdan yuxarı vəfat edənlər 11 faiz, 70-79 yaş arası 25%, 50-59 yaş arasında isə 22 faiz təşkil edib.
"Bakı Tikiş Evi"ndə 64 yoluxma...
Ramin Bayramlı məlumat verib ki, "Bakı Tikiş Evi"ndə 64 nəfər virusa yoluxub və onların müalicəsi hazırda davam edir. Eləcə də ölkədə 46 məhbus koronavirusa yoluxub. Bu rəqəm əvvəl 33 idi. Daha 13 məhbus virusa yoluxub.
R.Bayramlı əlavə edib ki, yoluxmanın yüksək olmasına görə hüquqi şəxslər məsuliyyət daşıyırlar. Belə ki, qaydalara əməl etməyən hüquqi şəxslər cinayət məsuliyyəti daşıyırlar. İndiyə qədər yoluxanların 1,2 faizi, yəni 36 nəfər vəfat edib. "1976-cı il təvəllüdlü şəxsimiz gecikmiş halda müraciət edib və bütün cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Belə hallar çoxdur, evdə özlərini müalicə etməyə çalışırlar. İndiyə qədər ağır hallar da əsasən vaxtında müraciət etməməyin nəticəsində yaranıb. Xüsusən paralel gedən xəstəlikləri olanların gec müraciət etməsi daha çox problemə səbəb olur”.
Bayram günləri və həftə sonları məhdudiyyətlər ...
R.Bayramlı bildirib ki, bayram günləri və həftə sonları məhdudiyyətlərin tətbiqi qarşıdakı günlərdə nəzərdən keçiriləcək.
Bu, yoluxmanın səviyyəsi ilə bağlı olacaq və müvafiq qərar veriləcək.

Azərbaycana gətirilənlərin 20 faizində koronavirus aşkarlanıb
R. Bayramlı onu da bildirib ki, çarter reysləri ilə Azərbaycana gələnlərin 20 faizində koronavirus aşkarlanıb. 
Buna görə də həm tibbi maska istifadə edilməli, həm də sosial məsafə qorunmalıdır.
Qaydalara riayət etməyənlər cəzalandırılacaq
R.Bayramlı məlumat verib ki, 10-14 gün sonra ortaya çıxacaq göstəricilərə əsasən növbəti mərhələlərlə bağlı qərar veriləcək: "SMS-lə evdən çıxmaq ləğv edilsə də, insanlar küçələrə, bulvara və parklara axın etməməlidir. Hər bir vətəndaşımız məsuliyyətli olmalıdır". TƏBİB rəhbəri qeyd edib ki, restoran və çay evlərində müvafiq tibbi-metodik göstərişlərə əməl olunmalıdır. Qaydalara əməl etməyənlər inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlar.
İri ticarət mərkəzləri nə vaxt açılacaq?
İbrahim Məmmədov bildirib ki, iri ticarət mərkəzləri ilə bağlı qadağalar hələ ki qüvvədədir. Çünki bu cür yerlər insanların kütləvi toplaşdığı obyektlərdir.
Buna görə də belə yerlərdə yoluxma təhlükəsi çox ola bilər. Bu səbəbdən onların açılması hələ ki nəzərdə tutulmur. Təəssüflər olsun ki, yoluxmanın statistikası hələlik iri ticarət mərkəzlərinin açılmasına imkan vermir.
İ.Məmmədov bildirib ki, Azərbaycanda sarı zonadan narıncı zonaya gediş-gəliş qadağandır: "Bakıda işləyənlər Azərbaycanın başqa yerlərindən şəhərə gələ bilirlər. Naxçıvandan isə gediş-gəliş sadəcə texniki baxımdan mümkün deyil. Çünki bu səfər təyyarə ilə həyata keçirilir, bu da 1-2 nəfər üçün mümkün deyil. Yəni kontingent olmalıdır ki, təyyarə uçuş edə bilsin. Bütövlükdə yolların açılması, gediş-gəlişin bərpası müzakirə olunan, arzu olunan məsələdir. Növbəti mərhələlərdə bu məsələ aktuallaş bilər".
Virus dəniz suyunda çox qalmır
R.Bayramlı deyib ki, dəniz suyunda virusun ömrü çox az olur, yoluxma ehtimalı aşağı səviyyədədir. Lakin çimərliklərin fəaliyyətinə hələ yaxın günlərdə baxılacq.
O bir daha xatırladıb ki, restoran və kafelərə girişlə bağlı xüsusi qaydalar müəyyənləşib: “Orada sosial məsafə gözlənilməli, işçilər tibbi maska taxmalıdırlar. Masalar arasında məsafə ilə bağlı qaydanı pozan kafe və restoranlar ciddi cəzalandırılacaq”.
Oxşar xəbərlər