Göygöl Məşğulluq Mərkəzi xidməti strukturunu İFŞA ELƏDİ - Müəmmalı "təkzib"

  • 13 may 2020, 19:34

Göygöl rayon Məşğulluq Mərkəzi 05 may 2020-ci il tarixdə Demokratik.Az-da yayımlanan " Göygöldə vətəndaşı aldadıblar ki, 190 manatı almasın?! VİDEOŞİKAYƏT " sərlövhəli xəbərə rəsmi cavab verib. 

Cavabın məzmununu olduğu təqdim edirik:
"Göygöl rayonu Göyçəkənd sakini, 1988-ci il təvəllüdlü Əşrəfov Ülfət Hümbət oğlunun saytınızda yayılan müraciəti ilə əlaqədar olaraq bildiririk ki, vətəndaş 13.04.2020-ci tarixdən Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdan keçmiş, 21.04.2020-ci il tarixdə ona işsizlik statusu verilmişdir. Məşğulluq Alt Sistemində vətəndaşın haqqında olan məlumatda onun Əşrəfova Nuranə Vidadi qızı ilə rəsmi nigahda olduğu aydın olmuşdur.
KORONAVİRUS (COVİD-19) Pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə “ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli qərarında və göstərilən qərara dəyişikliklər edilməsi barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli 149 saylı qərarına əsasən Əşrəfov Ülfət Hümbət oğlunun həyat yoldaşı Əşrəfova Nuranə Vidadi qızına 190.00 manat birdəfəlik yardım ödənildiyi üçün Əşrəfov Ülfət Hümbət oğluna müavinət ödənilməsindən imtina edilmişdir.
Əşrəfov Ülfət Hümbət oğlunun müvafiq işlə təmin edilməsi üçün vətəndaşla telefon ələqəsi saxlanılması mümkün olmamış, 12 May 2020-ci il tarixli 20230276277 saylı məktub ilə o, Məşğulluq Mərkəzinə dəvət edilmişdir.
Məktuba Əşrəfov Ülfət Hümbət oğlunun Məşğulluq Mərkəzində qeydiyyatda olması ilə bağlı bildirişin surəti, Əşrəfova Nuranə Vidadi qızının Məşğulluq Mərkəzində qeydiyyatda olması ilə bağlı bildirişin surəti,Əşrəfova Nuranə Vidadi qızına 190.00 manat birdəfəlik yardım təyin edilməsi ilə bağlı bildirişin surəti, Əşrəfov Ülfət Hümbət oğlunun Məşğulluq Mərkəzinə dəvət olunması ilə bağlı məktubun surəti əlavə edilir".


"Demokratik.Az" saytı olaraq Göygöl Məşğulluq Mərkəzinin cavab məktubunun məzmunu və mahiyyəti barədə öncə vətəndaş Əşrəfov Ülfət Hümbət oğlunu məlumatlandırdıq. Aidiyyatı qurumla əlaqə saxlamasını da tövsiyyə etdik. Şikayətçi vətəndaş isə əvvəlki iddialarında qalaraq MM-in cavabına aşağıdakı iradlarını bildirdi, deyəsən haqlıdır da:
"Onlar nağıl danışır, əməlli-başlı başıma oyun açırlar. Martın sonunda müraciətimi uzadıb arpeldə sənədləşdiriblər, indi də müdirləri məni yanına çağırtdırır. Sizcə, prezidentə müraciət etməsəydim və siz də ictimailəşdirməsəydiniz, mənə belə bir dəvət göndərəcəkdilərmi, yox! Bir neçə ildir ki, həyat yoldaşımdan ayrılmışam və o, Yevlaxda yaşayır. Niyə mənə verməyiblər, amma ona veriblər pulu. Hesab edirəm ki, ƏƏSMN-nin diqqətsizliyi ilə işləmədiyim iki aya 380 manatlıq maddi ziyan dəydi, mənə. Həm də işsizəm axı, mənə münasib iş versinlər sağol deyim. Yoxsa aldatmasınlar biz kasıbları, yazığıq..!"- deyə vətəndaş saytımıza bildirib. 
İlk baxışda "vətəndaşa tutarlı cavab" effekti verən, lakin, ölkə başçısına müraciətin təsirində rəsmi qurumun təkzibetmə naminə tərtib etdiyi məktubu əslində nazirliyin aprel-may ayları üçün "190 manatlıq yardım" təyinatındakı müəmmaları ifşa mahiyyəti də daşıyır. Qalmaqallı pulun vətəndaşlara təyinatının Məşğulluq mərkəzlərinə dəxli olmadığını xatırlatmağa çalışmaqla...
Rəsmi cavabdan və vətəndaşın dediklərindən nazir Sahil Babayevin qəsdən filtrlədiyi və təyinatda sayı limitlədiyi "e-sosial.gov.az" saytına qarşı təbii bir sualımız ortaya çıxır.
Nəyə görə, sistem o 190 manatı Göygöl MM-də 13.04.2020-ci tarixdən işaxtaran kimi qeydiyyatdan keçmiş, 21.04.2020-ci il tarixdə işsizlik statusu əldə edən şikayətçiyə deyil, ondan sonra, yəni 26 apreldə Yevlaxda işsiz qeydiyyatından keçən, qeyri-rəsmi ayrıldığı Nuranə Əşrəfovaya təyin edib?
Sonda, inanaq ki, nadir hallarda vətəndaşa "DƏVƏTİYYƏ" yazan Göygöl Məşğulluq Mərkəzinin müdiri Nazim Cəfərov bari şikayətçini bir işlə təmin edər. Təbii, o da varsa...
Oxşar xəbərlər