Karantindən çıxmanın növbəti mərhələsi - rəsmi qurumlardan açıqlama

  • 05 may 2020, 10:08

Ekspert: “Təhlillər göstərir ki, adları çəkilən şəhərlərdə vəziyyət hələ də qənaətbəxş deyil, yoluxma halları müşahidə edilir”

Azərbaycanda mayın 4-dən etibarən karantin rejimi yumşaldıldı. Budəfəki yumşaltma ilə ölkə üzrə bir çox obyektlərin fəaliyyəti bərpa edildi, rayonlararası gediş-gəlişə icazə verildi.  Rayonlararası gediş-gəlişin bərpa olunub, bunun Bakıya şamil edilməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İnsanlar sual edirlər ki, Bakı daxilində mağazalarda, avtobuslarda hətta küçələrdə belə sıxlıq yaşandığı halda nə üçün rayonlardan Bakıya girişə, habelə paytaxtdan rayonlara getməyə qadağa hələ qüvvədədir. Bu proses nə zamana qədər davam edəcək?
Əvvəlcə onu bildirək ki, qərara görə təkcə Bakı deyil, eyni zamanda Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundan digər rayonlara gediş-gəliş qadağası qüvvədə qalıb. Ölkənin digər ərazilərində gediş-gəlişə icazə verilir. Lakin bu qərar ictimai nəqliyyatla sərnişindaşıma xidmətinə aid deyil. Yəni rayonlar və şəhərlərarası ictimai nəqliyyatla sərnişindaşıma mayın 31-dək qadağandır.
Yuxarıda da qeyd etdiyimiz kimi, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda, respublikanın digər ərazilərində isə tam sayda bərpa olunub. Eyni zamanda xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin, bütün sahələr üzrə fərdi ticarət obyektlərinin, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlərin fəaliyyəti bərpa olunub.
Xüsusi karantin rejimində qeyd edilən fəaliyyət sahələrində çalışan şəxslərin bir qismi qeydiyyatda olduqları bölgələrə gediblər. Bəs həmin şəxslər Bakıya necə qayıda biləcəklər?
Məsələ ilə bağlı APA-ya  açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, həmin şəxslər əməkdaşı olduqları qurumun vəsiqəsi və işə çağırılması barədə iş yerindən arayışla rahat şəkildə Bakıya gələ bilərlər: “Rəhbərlik imza və möhürlü arayış verir ki, bu şəxs bizim əməkdaşdır və işə çağırılır. Dövlət qurumlarında yox, özəl işlərdə çalışanlar isə (bərbərxana, gözəllik salonu və s.) Bakıya işləməyə qayıtmalıdırsa, icaze.gov.az-da qeydiyyatdan keçməlidir. Həmin şəxslə bağlı da arayış verilə bilər ki, hansısa ünvanda gözəllik salonu, bərbərxana, fərdi tədris mərkəzi və s. yerdə çalışır”.
İbrahim Məmmədov: Üç gündə 500-600 min maska satılır
Bakı Şəhər Baş Polis İdarəsindən  isə bildirilib ki, ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş bəzi şəxslərin müvafiq icazələrdən sui-istifadə edərək, ciddi zərurət olmadan küçələrdə saatlarla sərbəst hərəkət etməsi, nəqliyyat vasitələri ilə avtomobil yollarında sıxlığı artırması, nəticədə isə infeksiyanın yayılmasına şərait yaranması kimi neqativ vəziyyət müşahidə edilir.
Qeyd edilib ki, bu cür halların yolverilməzliyi baxımından, mayın 3-də, həftənin bazar günü fəaliyyətinə icazə verilən bir sıra dövlət qurumlarının və digər sahələrdə çalışan şəxslərin qeyri iş günlərində zərurət olmadan küçəyə çıxmaları müəyyən edilib. Bu növ pozuntulara yol verən yalnız Bakı şəhəri üzrə 275 nəfər saxlanılaraq, hər biri barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Təhlükəli əməl: benzinə həm su qatılır, həm də litri azaldılır ...
Postlardakı vəziyyət də insanlar tərəfindən ən çox müzakirə edilənlər sırasındadır. Bu barədə  “Yeni Müsavat”a danışan ekspert Elməddin Muradlı bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah getdikcə karantin rejimini yumşaldacaq və bununla bağlı planlar da var: “Hesab edirəm ki, hər dəfə yeni qərar verilən zaman ümumi vəziyyət ciddi şəkildə təhlil edilir. Məndə olan məlumata görə, yumşalma prosesi mərhələli formada davam edəcək. Təhlillər göstərir ki, adları çəkilən şəhərlərdə vəziyyət hələ də qənaətbəxş deyil, yoluxma halları müşahidə edilir. Ona görə də bu şəhərlərdə karantin rejimi qalmaqdadır. Müşahidə edirəm ki, yollarda maşınların sayı artır. Bu isə karantin postlarında tıxacların uzanmasına səbəb olur. Səhər ”Azneft" meydanından keçdim. Orada çox uzun tıxac vardı. Dağüstü Park ərazisində də post var ki, bu da Bayıla qədər tıxac yaradır. Eyni zamanda “Qələbə” dairəsində qoyulan posta görə Ziya Bünyadov prospektinin yarısı ona görə tıxac olur. O baxımdan ya həmin postlarda əməkdaşların sayını artırmaq lazımdır, ya da şəhərin mərkəzi küçələrində bu postları yığışdırmaq lazımdır. Şəhərin giriş-çıxış nöqtələrində yoxlayıb buraxmaq lazımdır ki, camaat rahat hərəkət edə bilsin. Əks halda, insanlar şəhər daxilində lüzumsuz yerə vaxt itirir, 3 saatlıq icazələri də yollarda bitir. Bütün bunlar isə insanlarda əlavə gərginlik yaradır. Artıq karantin rejimi dəyişilib və yumşalmalar var. Bu isə şəhər daxilində hərəkəti artırıb".
Ekspert bildirib ki, indiki zamanda  qəsəbələrin giriş və çıxışında postları qurub, hərəkəti tənzimləmək olar: “Həmin postlarda əməkdaşlar çevik şəkildə yoxlama edib, icazəsi olanları buraxmalıdırlar. Bu zaman şəhərdə hərəkət qaydasına düşər və insanların narahatlığına səbəb yaranmaz. Düşünürəm ki, atılan addımlar getdikcə təkmilləşdiriləcək və yoluxma azaldığı üçün  Operativ Qərargah tərəfindən yumşalma tədbirləri növbəti həftələrdə də davam edəcək”.
Əli RAİS,
Musavat.com
Oxşar xəbərlər