ÖZBAŞINALIQ! Əhmədzadənin texnikaları Gəncədə yolları qazıb kimləri varlandırır?

  • 22 apr 2020, 14:09
Azərbaycan Meliorasiya və SU Təsərrüfatı ASC"nin texnikaları şəxsi məqsədlərlə istismara məruz qalır. Qurumun Göygöl Suvarma Sistemləri İdarəsinin istifadəsində olan müasir "Hyundai-170" markalı traktorları Gəncədə yollardakı qazıntılara səfərbər olmaqla, idarə rəisi İlqar Məhərrəmovu və ASC rəhbəri Əhməd Əhmədzadəni varlandırmaqla məşğuldur. 
"Demokratik.Az"-ın baş redaktoru bununla bağlı maraqlı bilgiyə sahib olub, bir sıra məsələləri aydın edib.
Belə ki, yaz mövsümü olsa da, Göygöl rayonunun əkinəyararlı torpaq sahələrinə suvarma təminatını yaxşılaşdırmaq, kanallarda və Gəncəçay hövzəsində təmizlənmə işlərini aparmaq əvəzinə, Göygöl SSİ-nin texnikaları rüşvət müqabilində Gəncə küçələrində kanalizasiya və su çəkilişinin təminatı ilə məşğuldur.
Ötən gün Gəncənin M.A.Abbaszadə küçəsi ilə Əli Nəzmi küçələrinin kəsişməsində küçədə qazıntı aparan traktor və sürücüsü də deyilənləri tam isbat edir. Həmin traktorlardan birinin vəziyyəti və sürücüsü Eldarın danışdıqları özbaşınalığa işıq salır.
Müqaviləsiz və günəmuzd işlədiyi üçün neçə aydır dövlət nömrə nişanı sökülməklə ("25 T ?" ilə başlayan) Gəncədə yer qazan traktorun texniki vəziyyətindən də görünür ki, Əhmədzadənin dövlət vəsaiti hesabına aldığı texnika meliorasiyaya aidiyyatı olmayan işlərə sərf edilməklə haldan salınıb. Sürücüsü Eldarla qısa söhbətimizdə bildik ki, nimdaşlaşmış traktora dövlətin ayırdığı vəsait hesabına vaxtaşırı texniki qulluq da göstərilir. Yəni özbaşınalıqdır, dövlətin meliorasiya və kənd təsərrüfatının inkişafı üçün alıb hər il təmir etdirdiyi traktrot kimlərinsə cibinə işləyir.
Sürücüyə: "Bəs SSİ-nin texnikasını bu işlərdə niyə xarab edirsiniz? Nömrəsini də sökmüsünüz?" sualına cavabında bildirib ki, idarənin rəisinə tabedir və o hara deyirsə ora da sürüb günəmuzd 20-25 manata, öz maaşından əlavə haqqa işləyir. Nömrəni də idarə rəisi İlqar Məhərrəmovun özü sökdürüb. Sürücü və işə nəzarətçilər baş redaktorun suallarına cavabında qeyd ediblər ki, hazırda gördükləri işə nəzarət "Azəraqrartikinti" ASC-nin Gəncə filialının rəhbəri Maxsud Gülməmmədovun diqqətindədir.
"Demokratik.Az" qısa araşdırma zamanı müəyyən edib ki, həmin texnika ilə birlikdə, Göygöl SSİ-nin daha bir modern traktoru da Gəncədə gedən qeyri işlərə cəlb olunub. Aylardır ki, «Azəraqrartikinti» şirkətinin Gəncə filialının ixtiyarına verilmiş texnikalar Maqsud Gülməmmədovun qeyri-rəsmi tapşırıqlarını yerinə yetirir. Aldığımız məlumata inansaq, Göygöl SSİ-nin rəisinin bu özbaşınalığa getməsi üçün hər texnikaya gündəlik olaraq 200 manat (yanacaqla birlikdə) rüşvət verilir. Belə çıxır ki, idarənin hər iki traktoru meliorativ öhdəlikləri heçə sayanlara ayda 6-10 min manat qazanc gətirir.
Hər kəsə bəllidir ki, indi ölkədə ən mötəbər yaşlı məmur məhz Əhməd Əhmədzadədir. Hələ mərhum prezident Heydər Əliyevdən bu yana ölkənin baş melioratoru postunu özündə saxlayan ASC başqanının prezident İlham Əliyevin yanında xüsusi sayğıya sahib olduğunu təkrarlamaq da yersizdir. Lakin, baş melioratorun rəhbəri olduğu qurumun texnikalarının şəxsi məqsədlərə işlədilməsi barədə dəfələrlə ölkə mediasında tənqidlər səsləndirilib. Və bütün yazılara Əhmədzadə susmaqla düşündürüb ki, elə bu özbaşınalıqlar onun öz iradəsindən qaynaqlanır.
Təkcə Göygöl SSİ-nin texnikalarının karlı kurasiyasından bu qənaətə gəlmək olar ki, əslində hər illik hesabatlarında prezident qarşısında uğurlardan danışan, görülməli çeşidli işləri və maddi-texniki bazanın gücləndirilməsinin vacibliyini önə çəkərək büdcədən meliorasiya təsərrüfatına ayrılan 100 milyonları artırmağa nail olan Əhmədzadə cari ildən etibarən texnika almasın. Çünki, əgər aldığı texnikalar meliorasiya məqsədilə deyil, rüşvət korrupsiya halı ilə tamamilə başqa istiqamətlərdə işlədilirsə büdcəni ziyana salmaq dövlətə xəyanətdir axı. Ən yaxşı halda, Göygöl SSİ-də olduğu kimi, hansı rayonun idarələrinin balansında artıq traktorlar varsa rüşvətlə yer qazmaqdansa ehtiyacı olan digər rayonların SSİ-nin nəzarətinə verilsin. Yox, desələr ki, bu texnikalar Əhmədzadənin müştəbeh rəislərini varlandırmaq üçün dövlət büdcəsini xortumlamalıdır, sözümüz yoxdur. Məncə, Əhmədzadə traktor-texnika talançılığına, idarələrin maddi-texniki imkanlarının açıq istismarını durdurmalıdır. 
Bundan əvvəl də Göygöl SSİ-də baş alıb gedən özbaşınalıqlarla bağlı silsilə yazılar yayımlamışıq. Təəssüf ki, nə yazılanlarla maraqlanan, Əhmədzadənin etimadını özbaşınalığa çevirən, nə də etdikləri ilə prezidentin söylədiklərinin ziddinə gedən İlqar Məhərrəmov adlı yarıtmaz bir cuvara "gözün üstə qaşın da var!" deyən kişi tapılmayıb. Ehtimal ki, Əhmədzadə müavini, qudası Rafiq Aslanovun və dostu Əhməd İsayevin himayə etdiyi İlqar Məhərrəmova layiq olmadığı mükafat verməkdən savayı bir kəramətə sahib deyil. Ona görə də, texnikalarını bir dımbılı cuvar hara, neçəyə istəyirsə "minib çapır."  
Onu da xatırladaq ki, sözügedən «Azəraqrartikinti» Oliqarx-deputat Ağalar Vəliyevə məxsusdur. Şirkət Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin podratçı şirkətidir. Eləcə də Gəncədəki ASC-yə tabeli şirkətlər 10 milyonlarla ölçülən layihədə icraçı və məsləhətçi qismində iştirak edirlər.
Məsələyə münasibət öyrənmək məqsədilə Maqsud Gülməmmədovla telefon əlaqəsi yaratmağa çalışsaq da, o zənglərimizə cavab vermədi. Digər qarşı tərəfin isə öz mövqeyi zatən ortadadır.
Əlavə məlumat verməyə çalışacağıq...
Osman Nərimanoğlu
Demokratik.Az
Oxşar xəbərlər