Xəbər lenti
Bütün xəbərlər

Komandan Daxili Qoşunlara yaradılan şəraitdən danışdı

  • 07 mar 2015, 17:23
 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının növbəti ildönümü ərəfəsində - martın 7-də bu qurumun Hacıqabul şəhərində yerləşən "N" saylı hərbi hissəsində bir sıra mühüm xidməti obyektlərin açılış mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

 

Öncə mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, əziz xatirəsini yad edərək önünə tər çiçək dəstələri düzüblər.

 

Sonra hərbi hissənin ərazisində nazir müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik R.Usubova hərbi qulluqçuların tədbirə hazır olması barədə raport verib. Nazir şəxsi heyəti salamlayıb, əlamətdar hadisələr münasibətilə onları təbrik edib.

 

Mərasim iştirakçıları hərbi hissənin xidməti və döyüş fəaliyyətini əks etdirən fotostendə baxıblar, daha sonra yeni istifadəyə verilmiş əsgər kazarması, tibb məntəqəsi, camaşırxana və digər məişət obyektləri ilə tanış olublar.

 

Nazir müavini - Daxili Qoşunların komandanı, general-mayor Ş.Məmmədov son illərdə Daxili Qoşunlarda, o cümlədən sözügedən hərbi hissədə həyata keçirilən abadlıq və quruculuq işləri barədə məlumat verib. Qeyd olunub ki, hərbi şəhərcikdə aparılan yenidənqurma işləri qısa müddət ərzində başa çatdırılıb. Beşmərtəbəli 400 nəfərlik zirzəmili əsgər kazarması, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi, eləcə də sıra meydanı və digər obyektlər şəxsi heyətin istifadəsinə verilib.

 

Ş.Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəxsi heyətə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, Vətənə, dövlətə, xalqa ləyaqətlə xidmət etmək üçün bu gün Daxili Qoşunların hərbi qulluqçularına hərtərəfli şəraitin yaradıldığını bildirib.

 

Komandan naziri əmin edib ki, şəxsi heyət bundan sonra da dövlət başçımızın yüksək diqqət və qayğısına fədakar xidməti ilə cavab verəcək, müstəqilliyimizi və dövlətçiliyimizi qorumağa hər an hazır olacaq.

 

Daxili işlər naziri möhtərəm dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını qeyd edib.

 

Sonda R.Usubov şəxsi heyətin fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib və onu əmin edib ki, Daxili Qoşunların hərbi qulluqçuları qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqiqncə yerinə yetirəcək, göstərilən ali diqqət və böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaq.

 

Tədbirin sonunda əlamətdar hadisələr münasibətilə əsgərlərin, onların valideynlərinin və şəhər ictimaiyyəti nümayəndələrinin qarşısında Daxili Qoşunların nümunəvi hərbi orkestrinin geniş konsert proqramı keçirilib.