Parlamentdə deputat kresloları boş qala bilər, ÇÜNKİ...

  • 02 apr 2020, 20:37
Fəzail Ağamalı: “Ola bilsin ki, onlayn sisteminə keçmək zorunda qalacağıq”
Azərbaycanda koronavirus təhlükəsi ilə bağlı Milli Məclisin komitələrinin iclasları onlayn sistemdə keçirilir. Bu prosesin hələ bir müddət davam edəcəyi gözlənilir.
Onlayn sistemdə qanunverici orqanın komissiyalarının iclaslarının baş tutmasının iş fəaliyyətinə müəyyən problemlər yaratdığı qeyd olunur. Eyni zamanda, bunun texniki tərəflərinin çətinliyindən də söz açılır. Koronavirus təhlükəsi hələ bir müddət davam edərsə, ümumilikdə parlamentin iclaslarının onlayn sistemdə keçirilə biləcəyi barədə söz-söhbətlər də gəzməkdədir. 
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı müsavat.com-a mövcud durumu bu cür şərh etdi: “Yaranmış stuasiya işin və fəaliyyətin yeni, texnoloji şərtlər üzərində qurulmasına bizi istiqamətləndirdi. Bununla bağlı Milli Məclisin bütün komitələri səviyyəsində belə bir platforma açılıb. Biz internet vasitəsilə komitədə müzakirə olunacaq qanun layihələrini alırıq, onunla tanış oluruq, öz fikirlərimizi bununla əlaqədar ifadə edirik. Bu da ümumləşdirilir, düzəlişlərə ehtiyac varsa edilir və onlayn vasitəsilə səs qoyulur. Kimsə fikirlərini mənfi, kimsə də müsbət ifadə edir. Artıq bu praktika mövcuddur. Əlbəttə, bu zərurətdən doğan bir fəaliyyət formasıdır. Başqa əlacımız da yoxdur. Təbii ki, canlı müzakirələrlə onlayn müzakirələr arasında ciddi bir fərq var və bunu açıq şəkildə görürəm. Orada daha dərin, ətraflı, arqumentli müzakirələr ortalıqda idi. İndi artıq sanki onu etmək mümkün deyil. Çünki faktiki olaraq, birimiz digərimizin bununla bağlı fikirlərinin bütün mənalarda mahiyyətini anlamaqda çətinlik çəkirik. Ancaq buna baxmayaraq, hər halda bu formadan istifadə olunur. Ümidvaram ki, tezliklə koronavirusun inkişaf dinamikası dayansın. Tezliklə bu virusun törətmiş olduğu fəlakətlərin, faciələrin sona yetməsini arzulayıram. Tezliklə biz yenə normal iş rejimi ilə fəaliyyətə başlayaq. Ancaq nə qədər ki, bu dinamika zəifləməyib, təhlükə aradan qalxmayıb, təbii ki, biz bu sistemdən istifadə edəcəyik. Eyni zamanda, Milli Məclisin rəhbərliyi ilə siyasi partiyalar arasında bir qrup yaradılıb. Biz onlayn vasitəsilə parlament rəhbərliyi və siyasi partiyalarla fikir mübadiləsi aparırıq.
Gələcəkdə əgər sizin də dediyiniz kimi məsələ daha da ciddiləşərsə, plenar iclasın keçirilməsi zəruru olarsa, ola bilsin ki, onlayn sisteminə keçmək zorunda qalacağıq. Qarşıdakı artıq ən vacib məsələ hökumətin hesabatıdır. İndi bu bir qayda olaraq, parlamentin yaz sessiyasının beşinci iclasında hökumətin hesabatı dinlənilir. Bu konstitusion yanaşmadır, önümüzdəki 4-5-ci iclasda gözlənilir. İndi baxaq görək, buna yanaşma necə olacaq, məsələ necə öz həllini tapacaq. Bunun ətrafında mənə elə gəlir ki, araşdırmalar gedir. Yəqin ki, yaxın günlərdə biz bununla bağlı məlumatları alacağıq. Ancaq düşüncəmə görə, əgər vəziyyət bu cür davam edərsə, dinamika zəifləməzsə, həm dünyada, həm də Azərbaycanda yayılma trayektorası və dinamika zəifləmədiyi halda ya parlamentə fasilə verilməli, ya da zəruri olduqda onlayn vasitəsilə ola bilsin ki, deputatlar öz işini davam etdirəcək. İndi baxaq görək dünya praktikasında necədir. Dünya praktikasında bununla bağlı hər hansı bir məlumata malik deyiləm. Ancaq, ola bilər ki, hökumətin hesabatından sonra əgər vəziyyət bu şəkildə davam edərsə, parlamentin plenar iclasına fasilə verilsin. Bu mümkündür. Faktiki olaraq hazırda qarşımızda duran ən mühüm vəzifə hökumətin hesabatıdır. Xüsusi karantin rejimi ilə bağlı biz qanunvericilik baxımından artıq addımlarımızı atmışıq. Bu da yarımçıqdır. Çünki birinci oxunuşda qəbul olunub. Bunun üçün yenə də onun ikinci və üçüncü oxunuşu üçün plenar yığıncaq keçirilməlidir. Eyni zamanda, ola bilsin ki, vəziyyət daha da mürəkkəb olarsa, çətin vəziyyət əmələ gələrsə, fövqəladə vəziyyət rejiminin tətbiqi gündəliyə çıxarsa, bunun üçün də plenar iclas çağırılmalıdır. Bu da konstitusion yanaşmadır”.
Deputat indiki vəziyyətdə məsələlərə konkret fikir bildirməyin çətin olduğunu da söylədi: “Ümumiyyətlə, gedən proseslərin içərisində sizə söyləyim ki, birmənalı fikir bildirmək çox çətindir. İndiki vəziyyətdə istənilən məsələ ilə bağlı konkret fikir söyləmək mümkünsüzdür. İndi baxaq görək proseslər necə gedir. Hadisələrin gedişatına uyğun yəqin ki, müvafiq addımlar atılacaq”. /MUSAVAT.COM/
Oxşar xəbərlər