Bakıda dezinfeksiya tədbirləri daha da gücləndirildi

  • 23 mart 2020, 14:55
Ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən ciddi təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da gücləndirilib.
BŞİH-nin Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtda bu xəstəliyə yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə paytaxtın kommunal xidmətlərinin kollektivləri xüsusi gücləndirilmiş iş rejiminə keçərək Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirlərinin həyata keçirilməsini davam etdirirlər.
Mütəmadi olaraq paytaxtın kommunal xidmət qurumları tərəfindən xüsusi dezinfeksiyaedici maddələrlə yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə, paytaxt sakinlərinin daha çox istifadə etdikləri ticarət mərkəzlərində, akıbazarlarda, iri Mollarda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır, əlavə qabaqlayıcı və maarifləndirici tədbirlər görülür.
Məsələnin ciddiliyi nəzərə alınaraq Bakı şəhərində gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə şəhərin küçə və prospektlərin kənarları, yol kənarlarındakı məhəccərlər və s. yuyulması aparılır. Bu işlər həm mərkəzdə, həmçinin ətraf ərazilərdə də aparılır.
BŞİH-dən bildirilib ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan 11 400-dən artıq yaşayış binalarında, həyət və ümumi istifadə yerlərində artıq 1 aydır ki, aparılan dezinfeksiya işləri arasıda fasilələr azaldılıb, həyətlərdəki məişət tullantıları konteynerləri meydançalarında bu işlərə diqqət daha da artırılıb. 
Eyni zamanda paytaxtda 2000-dən çox kooperativ bina və yaşayış kompleksləri də mövcuddur. Bu binalar xüsusi və ya kollektiv mülkiyyətdə olduğundan burada yaşayan sakinlərin təhlükəsizliyinin təminatı üçün əmin kooperativlərin rəhbərliyi tərəfindən, burada yaşayan sakinlərin vəsaiti hesabına dezinfeksiya işləri aparılmalıdır. Təəssüf ki, bu binalarda dezinfeksiya işlərinə o qədər də ciddi yanaşılmır. Bu da ciddi naraharçılıq yaradır. Ona görə də bu bu kimi binalarda yaşayanlar özləri sağlamlıqlarlna diqqət yetirməlidirlər.
Şəhər kommunal xidmətləri bu vacib işlərdə hər zaman belə bina sakinlərinə köməkliklər edirlər və lazım gələrsə yenə də edəcəklər.
BŞİH həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyini də sakinlərin nəzərinə çatdırır. Bununla da biz həm özümüzü, həm də yaxınlarımızı təhlükədən uzaqlaşdıra bilərik.
Oxşar xəbərlər