Xəbər lenti
Bütün xəbərlər

Şəmkirdə generalın adından dələduzluq edən xanım var - ŞİKAYƏT

  • 16 mar 2020, 16:57
Şəmkirdə korpus komandirinin adından dələduzluq edən xanım peyda olub. Şəhrizad adlı xanım özünü korpus komandirinin yaxın adamı kimi təqdim etməklə müxtəlif adda hərbi hissələrdə əsgərləri "perevod" etdirir, rüşvət müqabilində komandir heyəti ilə nöqsanlı "MAXE"lərin arasını "düzəldir, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-ci maddəsinin “e” bəndi ilə tərxis olunan, yəni xidmətə uyğunsuzluğa görə işdən qovulmuş "xidməti uyğunsuz"ları yenidən öz işinə qaytara bilməsi kimi qabiliyyətlərilə açıq meydan oxuyur.
"Demokratik.Az"-a bu barədə danışan Göygöl sakinlərinin dediklərindən aydın olur ki, adıçəkilən xanım heç bir qorxu tanımadan qarşısına keçən kim varsa, etibarını qazanaraq müxtəlif məbləğlərdə pullar yığır və korpus komandiri, general-mayor Xəqani Cəbrayılovun vasitəsilə "işlər həll edir". 
Göygöl sakini Bayramov Eşqin Qaçay oğlu da bir müddət əvvəl işini itirəndə yaxın qohumu Qurbanov Elnur Məhəmmədəli oğlu ilə birlikdə əvvəldən tanımadıqları Şəhrizadın toruna düşüblər.
Şikayətçi Elnur Qurbanov deyir ki, təsadüfən Bakıdan Gəncəyə gələrkən maşında Şəmkirə yollanan həmin xanımla tanış olub. Elnurun Eşqinlə telefon danışığında söhbətin nədən getdiyini eşidən Şəhrizaddan kömək təklifini alıb. Xanım bildirib ki, generalla ailəvi yaxınlıqları var və korpus komandiri Xəqani Cəbrayılovun vasitəsilə istənilən problemli işi həll edə bilər.
Söhbət əsnasında generalın özü və Qəzənfər adlı polkovnik müavini ilə telefon əlaqəsi yaradan Şəhrizad Elnuru tam inandırıb ki, xüsusi nüfuza sahibdir. Və 2000 manat versələr işdən qovulmaqda olan Eşqini işində saxlatdıracaq.
Şəhrizada inanan Elnur qohumunun işinin düzələcəyinə sevinib və bir neçə gündən sonra (bu il yanvarın sonunda-red) Eşqinə köməklik məqsədilə rayondakı tanışından 1500 manat alaraq Şəhrizada çatdırıb. Lakin bir müddət sonra ümidini xanıma bağlayan Eşqin müvafiq maddə üzrə işindən atılıb və şikayətçilər qısa zamanda aldandıqlarını başa düşüblər.
                                        General-mayor Xəqani Cəbrayılov
Şikayətçi Qurbanov Elnur Məhəmmədəli oğlu bildirir ki, nəticədə dələduzluğa 1500 manatı qurban gedib. Qohumu və yaxın dostu Eşqinin isə işi düzəlməyib və Şəhrizad onlardan aldığı pul vəsaitini hələ də geri qaytarmayıb. Daha doğrusu qaytarmaq istəmir və bu niyyəti üçün müxtəlif məntiqlə hədələr edir və inadkarlıqla generala yaxınlığını diqtə edir. Aldığı pulu israrla generalın əlaltısı Qəzənfər adlı şəxsə verdiyini, işin bir müddət sonraya həll ediləcəyini, ya da pulun geri qayıdacağını nağıllayır.
Elnurun dediyinə görə, Şəhrizadın dediklərinə artıq inanmır.
Şikayətçiyə qarşı dələduzluq edən xanımın atası Fəxrəddin kişi General-mayor Xəqani Cəbrayılovun yaxın dostudur və Şəmkirdəki "N" saylı hərbi hissənin mülki işçisi qismində maaş alır. Belə olduğu halda, xanımın iddia etdiyi kimi, generalın ailə ilə yaxınlıq münasibətində olduğu da şübhə doğurmur.
Zərərçəkmiş sonda özünün də sabiq hərbçi olduğunu xatırladaraq hansısa xanımın etibardan sui-istifadə edərək korpus komandirinin dələduzluqda adının hallandırılmasına üzüldüyünü bildirir. Şikayətçi ümid edir ki, aidiyyatı qurumlar və Müdafiə Nazirliyinin rəhbərliyi deyilənləri araşdıracaq və ordunun məlum korpusunda korrupsiya və rüşvətxorluq faktlarının olub-olmamasını geniş incələyəcək.
Xatırladaq ki, mətbuatda dəfələrlə anoloji korrupsiya və rüşvət hallarının, özbaşınalıqların baş verdiyini əks etdirən yazılar işıq üzü görüb. Məhz, general-mayor Xəqani Cəbrayılovun idarəçiliyi sərt tənqid edilib. Həmin korpusun tabeliyindəki hərbi hissələrdə "müddətdən artıq xidmət" üçün işə düzələn və işdən qovulanlarla təmasda problemlərin olduğu iradı dəfələrlə səsləndirilib. 
İnanırıq ki, Azərbaycan Ordusunun regionda öz nüfuzunu durmadan artırdığı bir dövrdə korpus generalının adından rüşvət toplayan xanımın dələduzluq əməli barəsində təcili hüquqi tədbirlər görülər...
Osman Nərimanoğlu
Yazıda adıkeçən digər şəxslərin də söz haqqı var...
"Demokratik.Az"
Oxşar xəbərlər