Azərbaycanda YENİ SOSİAL SAVAŞ! Feminizm nədir axı?

  • 09 mart 2020, 22:08
"Məncə, bu feminizm demokratiya pərdəsi altında Azərbaycana soxulan yeni siyasi-sosial savaşdır və bu savaşa yenə milləti, monolit olan ailə və qadın dəyərlərini qatıblar..., yenə parçalamaq, toplumu dağıtmaq üçün..."
Son günlər patriarxal idarəetməni radikalcasına rədd edən, qadınları hər mənada kişilərlə bərabər statusa çağıran, matriarx düşüncə və aşırı "demokratiya"dan irəli gələn feminizm hərəkatı gündəmin əsas müzakirəsi olub. Özlərini "feminist" adlandıran bir qrup gəncin Bakıdakı aksiyaları mövzunu aktuallaşdırıb.
Sosial şəbəkədə bu hərəkatı söyən, qadınların "üstünlüyü"nü qəbul etməyən düşüncə ilə bu qeyri-ənənəvi ideyanı savunanlar kütləsi kortəbii qırğın edirlər. Hər iki tərəf gözüyumulu halda fikirləşdiyini, indiyədək yaşamında qəbul edib inandığı "dəyər yükü"nü dəstəkləyir. Bütün ictimai - siyasi formasiyalarda olduğu kimi, bu feminizm də nədirsə, onun ətrafında cərəyan edən hadisə və diqtələr də xeyli antimilli və xaotikdir. 
Əslində, Azərbaycan cəmiyyətinin o dərəcədə iqtisadi-siyasi dərdləri var ki, birdən-birə bir ovuc qadının feministçiliyə yuvarlanaraq sanki əsas problemləri unutdurmağa girişmələri əndişəli və müəmmalıdır. Özü də bunu edərkən sanki fahişəliyi, cinsəl istəyin özbaşınalığını təbliğə köklənməklə...
Amma bu feminizmin nə olduğunu anlamadan, müasir düşüncə və qavramla ayırd etmədən bu parçalayıcı cərəyanı ölkə ictimaiyyətinə yansıtmaq ağrılı nəticələr baxımından qəbuledilməzdir. 
BƏS NƏDİR FEMİNİZM?!
Bu barədə yazılır ki, Feminizm cinslər arasında bərabərliyi təşviq edən sosial-fəlsəfi cərəyan və ictimai-siyasi hərəkatdır. Feministlərin diqtəsinə görə, kişilərlə qadınlar bərabər imkanlara, hüquqlara malik olmalı, onlara eyni cür rəftar və hörmət edilməlidir. Hansı ki, bu halda dünyanın nizamına müdaxilə barədə düşünmürlər. Çünki, əgər matriarxal yöntəmi cilovlamağa çalışanların öz nənələrinin yaşam tərzinə dönük çıxmağa çalışmaları, eləcə də xanımların allahın (təbiətin) da fövqəl iradəsilə ilk kişinin - Adəmin yaradılması, kişi və qadın fərqinin, missiyasının yaradandan gəldiyini heçə saymaları göz önünə gətirilərsə, əslində əbədiyyətə qədər ilahi nizamın hökm sürəcəyi ƏMRinin olduğu bəşər üçün danılmazdır. Və unutmaq olmaz ki, qloballaşma prosesi və müasirlik onsuz da demokratik cəmiyyətlərdə qadının hüquq və azadlığına tam təminat verir. Bu Azərbaycanda da gender bərabərliyi ilə maksimum təminatdadır.  
Feminizmin tarixdə üç əsas dalğası olub.
Birinci dalğa19-cu əsrin ortalarından 20-ci əsrin əvvələrinə qədər davam edib və daha çox səsvermə hüququ, mülkiyyət hüququ, təhsil almaq, işləyə bilmək imkanı və ədalətli nikah qanunu uğrunda mübarizəni əhatə edib.
1960-cı illərdə başlayan ikinci dalğa zamanı isə diqqət mərkəzində əmək münasibətləri və reproduktiv hüquq olub. Bu dövrdə feminizm hərəkatı üçün mühüm olan iş yerlərində və təhsil müəssisələrində ayrı-seçkiliyin aradan qaldırılması, o cümlədən abort ilə bağlı tarixi qərarlar qəbul edilib.
Hal-hazırda biz plüralistik və müxtəliflik üzərində qurulan feminizmin üçüncü dalğasını müşahidə edirik. Bu dövrdə feminizm daha geniş kütləni əhatə etməyə başladı və diqqətini əsasən qloballaşma, texnologiya və qadınların həyatına təsir edən digər dəyişiklilərə yönəltdi. Bakıdakı lüzumsuz aksiya müdafiəçiləri və iştirakçıları da onu qabartmağa səy göstərdilər ki, qadınlar mövcud cəmiyyətdə seksual və digər fiziki zorakılığa məruz qalırlar. Amma, bu cür hallar total xarakter daşımaqla, ölkədəki bəzi nataraz mühitdən doğan halların təcəssümü kimi araşdırılmalı və arqument cəza mühitilə aradan qaldırıla bilən haldır. 
Onu da qeyd etmək lazımdır ki, müasir feminizm qadınların seçim hüququna əhəmiyyət verir. Müasir feministlər inanırlar ki, istənilən qadının iddialı və ya ənənəvi həyat tərzi sürmək seçimi olmalıdır. Burada əsas məqam, qadının nə seçdiyi deyil, istədiyini seçə bilməsidir. Buradan feminist ailə modelinin necə formalaşdırılması belə xeyli suallar və gülüş doğurur. 
Feminizmin ideyası əslində daha mürəkkəb çalarlardadır. Çoxları bu hərəkatın məqsədini fərqli anlayır. Bunun əsas səbəblərdən biri feminizmin müxtəlif növlərinin olmasıdır.
Məsələn, liberal feministlər qadınlarla kişilər arasında müəyyən fərqlərin olduğunu inkar etmir. Lakin, qadınlarla kişilərin bərabər sosial, siyasi və iqtisadi imkanları olması uğrunda mübarizə aparır. Digər hallar önəmsənilmir.
Feminizmin digər bir növü sosialist feminizmdir. Bu cərəyan, xüsusi mülkiyyət və cəmiyyətin sinfi quruluşunu qadınların ayrı-seçkiliyə məruz qalmasının əsas səbəbləri kimi görür.
Feministlər arasında ən kəskin mövqeyə malik olanlar radikal feministlərdir. Onlar bildirirlər ki, kişilərin dominantlıq etdiyi cəmiyyət qadınlara zülm verir və bu səbəbdən cinslər arasında həqiqi bərabərlik üçün patriarxal cəmiyyət məhv edilməlidir. Lakin, məhv etdiklərinin yerinə daha yararlı bir sistem təklifi eqoist feministlər üçün yox kimidir.
Başqa bir maraqlı qrup mədəni feministlər. Onlar müasir cəmiyyətin aqressivlik və davamlı rəqabət kimi maskulin davranış nəticəsində məhvə doğru getdiyini və bu səbəbdən cəmiyyətin qayğı, dəstək və əməkdaşlıq kimi feminin davranışdan fayadalana biləcəyinə inanırlar.
Bütün bu teorik yaddaşla deyə bilərik ki, feminizm hərəkatı indiyədək əhəmiyyətli dəyişikliklərə nail ola bilmişdir. İndiki sivilizasiyada qadınların səsvermə, mühüm siyasi postlar tutma, ənənəvi olaraq kişilərin gördüyü işləri görmək kimi imkanlarını feminizm hərəkatının uğuru kimi təqdim edənlər az deyil. Lakin təəssüf ki, mübarizə hələ bitməyib. Dünyanın bir çox yerində qadınlar hələ də konservativ patriarxal cəmiyyətin qurbanlarıdır və yəqin, nə qədər ki, bu status-kvo bütün planetdə dəyişməyib, feminizm hərəkatı aktual olacaq.
Bizi isə indi bir şey maraqlandırmalıdır. Feminizm təfəkkürü qadınların hüquq-azadlıqları daha çox qorunduğu Azərbaycanda konkret hansı istəklərə nail olmaq istəyir? Və bizlər bir cəmiyyət olaraq bu feminizm hərəkatının hansı faydalı elementlərini transformasiya edərək nəticədə milliləşdirə bilərik?
Məncə, bu feminizm demokratiya pərdəsi altında Azərbaycana soxulan yeni siyasi-sosial savaşdır və bu savaşa yenə milləti, monolit olan ailə və qadın dəyərlərini qatıblar..., yenə parçalamaq, toplumu dağıtmaq üçün...
Osman Nərimanoğlu 
Demokratik.Az saytının baş redaktoru



Oxşar xəbərlər