“Neftçalada YAP-ın nüfuzu ciddi şəkildə təhqir olundu” - KAMRAN ƏSƏDOV

  • 22 fev 2020, 23:56
“9 fevralda keçirilən seçkilərin nəticələrinə açıq şəkildə müdaxilə olunub”
“Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Neftçala İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində bir neçə şəxs vəzifə səlahiyyətindən sui-istifadə etdikləri üçün məsuliyyətə cəlb olunublar”. Hurriyyet.org xəbər verir ki, bu barədə 61 saylı Neftçala seçki dairəsindən namizədliyini irəli sürmüş təhsil eksperti Kamran Əsədov deyib.
Əsədov həbs olunanların kimliyi barədə sosial şəbəkə hesabında geniş məlumat verib: “İsmayıl Vəliyev - İcra hakimiyyətinin başçısı
Vurğun Əkbərov - icra hakimiyyəti başçısının birinci müavini (adını belə düzgün yaza bilməyən biri)
Gültəkin Sadıqova - icra başçısının müavini+şöbə müdiri+ 9 fevralda keçirilən seçkilərdə YAP-ın 350 səs toplayan namizədi + rayonda bütün uşaq bağçalarını, məktəbləri talayan şəxs. Əsas isə seçkinin saxtakarlaşdırılmasına xidmət edən.
Anar Cəfərov- şöbə müdiri + YAP-ın Neftçala rayon üzrə sədri. Birbaşa bələdiyyə ,ərazi icra nümayəndəliklərinin sahibi, seçkinin saxtakarlaşmasına xidmət edən şəxs. O şəxs ki, seçki günü, 9 fevralda bütün məntəqə sədrlərinə zəng edib nəticələri dəyişməyi tələb edən şəxs.
Telman Zahidov - rayon Mərkəzi Xəstəxanasının baş həkimi. Seçki təbliğatı dövründə və seçki günü bütün əməkdaşları məcburi olaraq görüşə göndərən və icra hakimiyyətinin müəyyən etdiyi namizədə səs verməyi tələb edən, əks təqdirdə işdən azad etmək ilə hədələyən şəxs. Neftçalada səhiyyəni bərbad vəziyyətə gətirən şəxs.
Əjdər Kərimov - rayon Təhsil şöbəsinin müdiri. Bütün məktəb direktorlarını və müəllimləri seçkiyə cəlb edən, görüşlərə və məcburi icra hakimiyyətinin müəyyən etdiyi namizədə səs verməyi tələb edən şəxs. Bunlardan əlavə, bir neçə şəxs də məsuliyyətə cəlb olunublar”.
“Məsuliyyətə cəlb olunmuş şəxslərin telefon zənglərinə baxmaq bəs edir”
K. Əsədovun sözlərinə görə, bu hadisə onu göstərir ki, 9 fevralda keçirilən seçkilərin nəticələrinə açıq şəkildə müdaxilə olunub: “Bunu bilmək o qədər də çətin deyil. Məsuliyyətə cəlb olunmuş şəxslərin telefon zənglərinə baxmaq bəs edir”.
“Yarımçıq ədalət ədalət deyil”
DTX tərəfindən ictimaiyyətə təqdim olunan video materiallar tam olmadığını qeyd edən K. Əsədov bildirib ki, İsmayıl Vəliyev ilə görüşən yalnız o şəxslər olmayıb: “Hətta məndə İcra hakimiyyəti binasının qarşısında CİP-in şəkli, videosu varsa, inanıram ki, DTX-da daha çoxu var. Yarımçıq ədalət ədalət deyil”.
“Seçkidə xalqın iradəsinə, ölkə prezidentinin islahatlarına ciddi şəkildə kölgə salınıb”
K. Əsədovun fikrincə, bundan sonra, Mərkəzi Seçki Komissiyası 61 saylı Neftçala Seçki Dairəsinin nəticələrini ləğv etməli, Dairə Seçki komissiyasının bütün tərkibi buraxılmalıdır: “Çünki seçkidə xalqın iradəsinə, ölkə prezidentinin islahatlarına ciddi şəkildə kölgə salınıb. Təhsil Nazirliyi Neftçala rayonunda bütün məktəb direktorlarını Əmək Məcəlləsinin 70-ç bəndi ilə işdən azad etməlidir. Təəssüflər olsun ki, İcra hakimiyyətinə aylıq “haqq verən” məktəb direktorlarının əksəriyyəti Təhsil nazirliyinin şəffaf keçirdiyi müsabiqə nəticəsində 1 manat vermədən işə qəbul edilmiş şəxsləridir”.
“YAP-ın namizədi öz iyrənc əməlləri ilə bu partiyanın nüfuzuna xələl gətirdi”
Neftçala rayonunda Yeni Azərbaycan Partiyasının nüfuzunun ciddi şəkildə təhqir olunmasına təəssüf edən K. Əsədov vurğulayıb ki, seçki prosesində məhz onu dəfələrlə dəvət edib, YAP-dan çıxarmaqla təhdid ediblər və sonda buna nail olublar: “Amma nə baş verdi? YAP-ın Neftçala rayon təşkilatının sədri, YAP-ın namizədi öz iyrənc əməlləri ilə bu partiyanın nüfuzuna xələl gətirdi. Heç 500 səs belə yığa bilmədi. Ümid edirəm ki, YAP Neftçala rayon təşkilatını bütövlükdə buraxıb, həqiqətən də ölkəsini, vətənini sevən, vicdanlı şəxslərdən ibarət yeni bir komanda formalaşdıracaq. Bir də deyirəm, ədalət yalnız 61 saylı Neftçala Seçki Dairəsinin nəticələri ləğv olunanda bərpa olacaq. Ümid edirəm ki, dövlət üzərinə belə bir ləkəni götürməz”.
Oxşar xəbərlər