Beyləqan Məhkəməsində SKANDAL! Köhnə rüşvətxor müdir sabiq icra başçısının üzünə durur
2018-ci il noyabr ayında Təhsil Nazirliyi tərəfindən Beyləqan rayon Təhsil Şöbəsində aparılan araşdırmalar zamanı ciddi nöqsanlar aşkarlandıqdan sonra vəzifəsini tərk edən xanım şöbə müdiri ardından istintaqa cəlb olunub . İşdən çıxarılan Xuraman Rüstəmova barəsində Baş Prokuroluq yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində müxtəlif maddələr üzrə cinayət işi açılıb, istintaq aparılıb. Hələ o vaxt mediada Beyləqan rayonunda bir neçə kənd məktəb direktorlarının rəsmi şikayətləri əsasında təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovaya rüşvət alma maddəsi ilə cinayət işinin açıldığına dair xəbərlər tirajlanıb, açılan cinayət işində Xuraman Rüstəmovanın 6 (altı) məktəb direktorundan rüşvət alması iddia olunub. Bunu sübut edən 10-dan çox auido-səs yazısının olduğu da həmin yazılarda əksini tapıb.
Hazırda məhkəmədə olan işin detallarında ən cəlbedici məqam şöbə müdiri Xuraman Rüstəmovanın işlədiyi suçda özünə şərik tapmasıdır. Belə ki, ittihamlarla üzləşmiş xanım özünün səs yazısında keçmiş məktəb direktorlarından qanunsuz yolla alıdığı rüşvəti Beyləqan şəhərinin abadlığına xərclənməsi adı altında sabiq başçıya verdiyini etiraf edib. Saytımıza ötürülən məlumatda qeyd edilir ki, Xuraman Rüstəmovanın istintaqa verdiyi bu səpkili izahatından sonra sabiq icra başçısı, siyasi elmlər doktoru, professor Vaqif Abdullayev də istintaqa cəlb edilib və hər iki sabiq məmur üzləşdirilib.
Xuraman Rüstəmova üzləşmə prosesində Vaqif Abdullayevin birbaşa üzünə duraraq məktəb direktorlarından aldığı rüşvətin (audio yazıda dediyi kimi) böyük hissəsini ona verdiyini təkrar deyib. Bu cinayət işində ləngimələrin səbəbi kimi iddia edilir ki, açılan cinayət işində Xuraman Rüstəmovanın aldığı rüşvəti Vaqif Abdullayevə verməsini açıq-aşkar səsləndirməsi dərhal cinayət işi bağlamağı ləngidib. Çünki açılan cinayət işində şahid və zərəçəkən qismində 6 (altı) məktəb direktoru, xeyli sayda müəllim var və onlardan alınan izahatlar ilk əvvəl Xuraman Rüstəmovanı çətin vəziyyətə salıb. Cinayət işinin ləğv olunması üçün şikayətçilərin öz şikayətlərindən imtina etmələri əsas şərt olaraq ortaya qoyulub.Belə olduqda, haqqında açılan və Vaqif Abdullayevində adının keçdiyi cinayət işinin bağlanması üçün Xuraman Rüstəmova 2018-ci ildən etibarən Beyləqandakı obyektlərini və paytaxtdakı evlərini satışa çıxarmağa məcbur qalıb.
Xuraman Rüstəmova həmçinin sabiq icra başçısından da şikayətçilərin pulunu geri qaytarmağı tələb edir. Və sabiq başçı Xuraman Rüstəmovaya bu işdən sıyrılması üçün maddi köməklik edəcəyini vəd verib.
Hazırda Beyləqan Məhkəməsi Xuraman Rüstəmova barədə toplanmış cinayət işi materiallarını incələyir, sabiq məmura necə hökm oxunması barədə düşünür."Demokratik.Az"-a sızan daha bir məlumata görə,Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Beyləqan rayon Təhsil Şöbəsinin sabiq şöbə müdiri Rüstəmova Xuraman Müzəffər qızı barəsində olan iş Cinayət Məcəlləsinin 313 (Vəzifə saxtakarlığı) və 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələri üzrə tövsif edilir. Məsələnin ən ilginc tərəfi isə, Xuraman Rüstəmovanın oğlu Əliyev Yasin Allahverən oğlunun Beyləqan rayon Məhkəməsinin sədrinin köməkçisi vəzifəsində işləməsidir. Güman edilir ki, hər halda övladı tutduğu vəzifənin imkanlarından istifadə edərək öz anasını dəmir barmaqlıqlar arxasına düşməkdən xilas etməyə səy göstərəcək...
Onu da xatırladaq ki, Vaqif Abdullayev məhz 2018-ci ilin oktyabrında, yəni Xuraman Rüstəmova işdən qovulmazdan cəmi bir ay əvvəl Beyləqanın icra başçısı postundan götürülüb. Mənbə bildirir ki, bu bir təsadüf olmaya da bilər...
mövzu diqqətimizdədir...
Demokratik.Az xəbərdə adı çəkilən hər kəsin söz haqqını tanıyır...
Demokratik.Az