Gəncədə rütbə itirən "polkovnik" Qılıncbəylidə ferma uçurur - VİDEOŞİKAYƏT

  • 29 yan 2020, 23:02

 

 

 

 

 

 

 


Şəmkir rayonunun Qılıncbəyli kənd sakini Abdullayev Suliddin Əbdürrəhman oğlu Daxili İşlər Naziri  Vilayət Eyvazov cənablarına videomüraciət edib. Müraciət sahibi nazirə şikayətində bildirib ki, 16.01.2020-ci il tarixdə Şəmkir rayonun Ceyrançöl ərazisində yerləşən mal-qoyun fermasını, Şəmkir rayonun Kür qəsəbə polis bölməsinin rəisi polis polkovniki Ədalət Sadıqov tabeçiliyində olan əməkdaşları ilə birlikdə ağır texnikadan istifadə etməklə yerlə yeksan etdirib. Fermer polis özbaşınalığı ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) "102 - qaynar xətti"nə də məlumat verib. Lakin heç bir əməli tədbir görülməyib.

Şəmkir sakini DİN rəhbərliyinə şikayətində aydın şəkildə sual edir ki, sözügedən polis bölməsinin rəisinin söküntüyə məhkəmə qətnaməsi olmadan qanunla hansı səlahiyyət verilib ki, mülki işlərə belə müdaxilə edir?

Qanundankənar söküntü nəticəsində şikayətçi 20 min manat civarında ziyana uğradığını da bildirir.

Bu gün ölkəmizdə insan hüquqları və fundamental azadlıqlarından eləcədə vətəndaşların mülki hüquqlarının qorunmasından söhbət gedirsə, Şəmkir polisinin bu əməllərinə hansı hüquqi don geyindirmək olar?

İctimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək əvəzinə polisin "Ceyrançöl” ərazisinə töküb başqa (mülki) işlərə sövq edilməsinin arxasında ancaq maddi marağın durduğunu, yaxud da "yuxarıdan" hansısa vəzifəli məmurun  sifariş verdiyini güman etmək olar.

Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdirsə bölmə rəisi Ədalət Sadıqova bu vandal müstəsna səlahiiyətləri kim verib?

"Demokratik.Az" xatırladır ki, Gəncənin Nizami rayonunun sabiq polis rəisi olmuş, məlum "Gəncə İşi"nin ardından tənələrə tuş gələn, fəaliyyətindəki ciddi nöqsanlara görə rütbəsi polkovnikdən polkovnik-leytenanta endirilən Ədalət Sadıqov Şəmkirin Kür qəsəbəsinə rəis vəzifəsinə ötən ilin avqustunda təyin edilib.

DİN rəhbərliyinin Ə.Sadıqovun Qılıncbəylidə ferma uçurma "əməliyyatı" na hüquqi aydınlıq gətirəcəyinə inanırıq...

Bildirək ki, məlum xəbəri və videomüraciəti "DünyanınSəsi.Az" saytı yayıb.

Demokratik.Az

 


 


 

Oxşar xəbərlər