Daşkəsənin Zəylik kəndində bələdiyyə seçkiləri ZAY KEÇİB - ŞOK ŞİKAYƏT

  • 28 yan 2020, 23:13

Ötən ilin sonu Azərbaycanda "Bələdiyyə Seçkiləri" ilə yaddaqalan oldu. Ancaq, yerli özünüidarə qurumuna seçkilərin necə və hansı şəraitdə keçirildiyini belə nəzərə almasaq, ümumilikdə bu seçkiyə əhali arasında maraq xeyli aşağı həddə qeydə alındı. Bələdiyyə qurumuna əhalinin illərdən bəri yığılan inamsızlığı əslində seçki mühitinə də yansıdı.

Bir sıra seçki nəticələrinin rəsmən ləğvi və səs-küyü, ayrı-ayrı seçki məntəqələrindəki özbaşınalıq və saxtakarlıqları rəsmən iddia edən və isbatına çalışan və nail olan namizədlərin bolluğu da öz yerində...

"Demokratik.Az”-a verilən məlumata görə, 2019-cu il dekabrın 23-də baş tutmuş "Bələdiyyə Seçkiləri” ölkənin ən ucqar dağ rayonu olan Daşkəsəndə də xeyli qüsurlu və nöqsanlı təşkil edilib. 

Daşkəsənin Zəylik kənd bələdiyyəsinə seçkilərdə namizəd olmuş Mirzəyeva Firuzə Hətəm qızının saytımıza danışdıqları həmin kənddə də bələdiyyə seçkisinin saxta seçki keçirildiyi iddialarını ehtiva edir.

Müsahibimizin səsləndirdiyi fakt və mülahizələrin bəzi "presedentlər"i həqiqətən diqqətçəkicidir.

Şikayətçinin bildirdiyinə görə, 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsinin arxayın nəzarətsizliyi və 50 saylı seçki məntəqəsində təmsil olunan maraqlı şəxslərin "əməyi" sayəsində 10 ildir ki, özünü bir bələdiyyə sədri kimi doğrultmayan, əksinə yarıtmaz və bayağı fəaliyyətilə Zəylik kəndini ağlar günə salan Muradov Akif Əziz oğlu və "komandası" saxtakarlıqla seçkinin təkrarən "qalibi" ola bilib. 

Xanım şikayətçi saytımıza bildirir ki, Zəylik kənd bələdiyyəsi təxminən 80 seçicinin iştirakı ilə seçki marafonunda iştirak edib. Yalnız bir məntəqədə baş tutan səsvermədə xeyli saxtakarlıqlara yol verilib.

Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan məntəqə sədri Qocayev İbrahim Novruz oğlu seçkinin nəticələrini öz ailə yaxınları Akif Muradovun və digər 4 namizədin lehinə çevirmək məqsədilə aşkar hüquqpozmalara qol qoyub. Məntəqə sədri öz istəyini reallaşdırmaq üçün atası Qocayev Novruz Cəmil oğlunu Göygöl-Daşkəsən seçki dairəsindən Müşahidəçi kimi məntəqəyə cəlb edib və əsas olmadan atasına belə məntəqədə səsvermə hüququ təşkil edib. Atasının Kəlbəcər rayonunun Cəmilli kəndində qeydiyyatda dayandığı, adının həmin məntəqədəki adlar siyahısında olmadığı bildirilir.

Şikayətçi Firuzə Mirzəyeva xüsusi olaraq qeyd edir ki, Məntəqə sədrinin qardaşı Elnur Qocayevin bələdiyyədə uzun müddətdir mühasib işlədiyi və bələdiyyə sədrinin əli ilə bu ailənin Zəylik torpaqlarını qamarlamaları nəzərə alınsa seçkidə qaynadılan saxtakarlıqlar başadüşüləndir. Bundan başqa, sabiq bələdiyyə sədrinin rayon icra başçısı Əhəd Abıyevlə də yaxın dostluq etməsi, icra başçısının bələdiyyə seçkisinə müdaxilələr etməsi iddia edilir. 

Hər səsin nəticəyə təsirini hesablayan məntəqə sədri "öz namizəd"inin ailə üzvlərinin və yaxınlarının səs hüququnu da yaxşıca saxtalaşdırıb.

Məntəqə sədri namizədin Hacıqabulda pasport qeydiyyatında olan və kənddə yaşamayan həyat yoldaşı Muradova Heyran Haqverdi qızının kəndə gəlişini təşkil edərək Akif Muradova səs verməyə cəlb edib. Akifin qızı Şəbnəm Muradova isə məcburi-köçkün kimi Kəlbəcərin Keştək kəndində qeydiyyatda olmasına baxmayaraq Zəyliyə gəlib və atasına "səs verib".

Akif Muradovun digər qızları Nuranə və Əfsanə Muradovalar da Hacıqabul qeydiyyatı ilə Zəylikdə öz atalarına "səs" verə bilib.

Akifin yaxın dostu Mayil Aydınov da pasport qeydiyyatında Zəylikdə olmasa və bu kənddə yaşamasa da məntəqə sədrinin köməyilə istədiyinə "səs verib".

Şikayətçinin iddialarına görə, adlarını təsbit edə bilmədiyi tanımadığı daha bir neçə nəfər də məntəqədə Akif Muradovun xeyrinə "səs" verə bilib.

Bundan başqa, məntəqədə komissiyanın üzvü olan Mirzəyəv Rəşad Ələddin oğlunun 3 nəfər yaxın qohumu məntəqədə namizəd kimi göstərilməsinə baxmayaraq o , komissiya üzvlüyündən çıxarılmayıb.

Abbasov Nəsir Adil oğlu da məntəqədə komissiyanın katibi olduğu halda qardaşı Əlif Abbasov Akif Muradovun seçki komandası"nda bələdiyyə üzvlüyünə namizəd göstərilib. 

Məntəqə sədri İbrahim Qocayevin özünün kənddə qeydiyyatda olmadan məntəqə sədri təyin edilməsinin şübhəli məqam olduğuna diqqət edən Firuzə Mirzəyeva hesab edir ki, seçkinin nəticələri ləğv edilməli, saxtakarlıqlar ortaya çıxmalı və məntəqə sədri zəruri məsuliyyətə cəlb olunmalıdır. Məntəqə sədrinin maddi maraqları, əmisinin və atasının bu kənddə bütün torpaqları zəpt etməsi faktının yarıtmaz seçki nəticəsi ilə əlaqəsinin olub-olmadığı öz rəsmi izahatını tapmalıdır. 

"Bəs, bunlar barədə aidiyyatı qurumlara rəsmi müraciətlər etmisinizmi?" sualımıza cavabında şikayətçi qeyd edib ki, seçkidən sonra dekabrın 26-da MSK-nın 115 "qaynar xətti"nə hər şeyi danışıb, Məzahir Pənahova teleqram məktubu yollayıb. Ölkə rəhbərliyinə və yuxarı dövlət orqanlarına şikayət məktubları yazıb. Lakin hələ də müsbət cavab ala bilməyib.  

"Demokratik.Az"-ın əldə etdiyi digər məlumatda bildirilir ki, sözügedən Zəylik kənd bələdiyyəsinin sədri Akif Muradov 10 illik fəaliyyəti dövründə vəzifəli şəxs və dövlət qurumlarını sahib olduğu saxta diplomla da aldadıb. Öz şəxsi işinə "saxta diplom" nümunəsi əlavə edib.

Bundan başqa, 10 ildir ki, Zəylik kəndində bələdiyyə sədri funksiyasını yerinə yetirən Akif Muradov 1993-cü ildən etibarən II qrup əlil kimi təqaüd alır. Əldə etdiyimiz rəsmi sənədlərdə qeyd edilir ki, Akif Muradov ümumiyyətlə "əmək qabiliyyətsiz"dir və 1992-ci ildə aldığı kəllə-beyin travmasının sağlamlığa ağır fəsadından əziyyət çəkir. Onun necə və hansı qabiliyyətlə bələdiyyə sədri işlədiyi və hər dəfəsində keçirilən seçkilərdə namizədliyinin necə və hansı yollarla qeydiyyata alınması həqiqətən suallar doğurur.

İnanırıq ki, aidiyyatı qurumlar şikayətçinin iddialarına cavab verər, vətəndaşın şikayəti ciddi araşdırılar.

Daşkəsən rayonunun Zəylik kəndinin bələdiyyə seçkisinin nəticələri ləğv edilər.

Şikayətçinin qeyd etdiyi kimi, ölkə rəhbərinin nəzarətilə həyata keçirilən hazırki islahatlar yəqin ki, bir kəndin bələdiyyə seçkilərinin saxtalaşdırılmasına qarşı aidiyyatı qurum rəhbərlərini əməli hərəkətə gətirər...

Adıkeçən hər kəsin söz haqqını tanıyırıq...

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər