Xəbər lenti
Bütün xəbərlər

"Yeni Müsavat"dan açıqlama

  • 25 fev 2015, 20:02

 

Bu gün bəzi saytlarda  "Yeni Müsavat" Anar  Məmmədovdan üzr  istədi" başlıqlı yazı gedib.

"Yeni Müsavat" qəzeti yayılmış xəbərlərlə bağlı mövqeyni açıqlayıb. Həmin mövqeni təqdim edirik:

"Anar Məmmədova yaxın olan saytlar və o cümlədən, bir sıra fərqli KİV-lər ”Yeni Müsavat” Anar Məmmədovdan üzr istədi” başlıqlı təkzib mətni yayıblar. Məmmədovlara yaxın KİV-lər bunu hətta manşet yazısı olaraq, screen –şotlarla bəzəyib, təqdim etməkdədirlər. 

Musavat.com aydınlaşdırıb ki, bir sıra kənar KİV-lər bu işi ödənişli qaydada həyata keçiriblər. O cümlədən, AXCP sədrinə yaxın olan "Azadlıq” qəzeti də bu mətni yaymaq üçün məmmədovların qanuni nümayəndəsindən "reklam haqqı” adı ilə pul alıb. Lakin bəzi  həmkarlarımız bundan imtina edib : "Pulla həmkarımın mövqeyini vura bilmərəm”, deyənlər də olub.

"Yeni Müsavat” qəzeti olaraq bu təm-tərağı başa düşürük. 5 ildir ki, vəkilləri məhkəmə qaydasında "Anar Məmmədov ayı yeməyib” məzmunlu təkzib üçün qəzetimizlə savaşdaydı. Nəhayət, iki il davam edən gərgin müzakirələrdən sonra tərəflərin üstündə anlaşdıqları bir mətni "Yeni Müsavat”da yaymağa nail olublar.

"Təkzib” başlığı ilə verdiyimiz bu mətndə də göstərilir ki, "Yeni Müsavat” qəzeti bütün məhkəmə instansiyalarından keçən qərarı icra edir. Bunu icra etməmək artıq mümkünsüz hala gəlib. Və nə edək ki, bu ölkədə ədalətin gözü kordur, nazir oğlu ilə bir qəzetin məhkəmə çəkişməsində hakimlər, icraçılar  -  istisnasız olaraq hər kəs tərəf tutur. Həm də bu tərəf bizim iddiamıza görə, qanunçuluğun əks tərəfidir.  

Qəzetimizin məcbur qalıb, 5 illik məhkəmə çəkişmələrindən, iki illik təkzib mətninin müzakirəsindən, bütün müqavimət limiti bitəndən sonrakı yaydığı təkzibi bu cürdür:  "Yeni Müsavat” qəzeti Azərbaycan Respublikası məhkəmələrinin qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməsinin zəruriliyi haqqında qanunun tələblərini yerinə yetirərək və həmin məqalələrdə dərc olunan məlumatların öz təsdiqini tapmadığını və bu səbəbdən həqiqətə uyğun olmadığını bildirərək, bu cür məlumatları yaydığına görə üzr istəyir”.

"Yeni Müsavat” qəzeti Azərbaycan Respublikası məhkəmələrinin qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməsinin zəruriliyi haqqında qanunun tələblərini yerinə yetirərək və həmin məqalələrdə dərc olunan məlumatların öz təsdiqini tapmadığını və bu səbəbdən həqiqətə uyğun olmadığını bildirərək, bu cür məlumatları yaydığına görə üzr istəyir”. 


Bizim nə yuxarıdakı mətndən, nə durumdan utanacaq heç nəyimiz yoxdur. Qəzetləri bu duruma düşürən məhkəmə sistemimiz utansın. Biz təkzibin məhz bu məzmunda olması üçün müxtəlif fasilələrlə, qarşı tərəflə iki il müzakirələr aparmışıq. Qarşı tərəf son günlərə qədər bu formulə ilə razı olmayıb. Kim səbəbini bilmək istəyirsə, böyük şriftlə verdiyimiz həmin mətni yenidən və diqqətlə oxusun...

Təkzib verən tərəfin bu mətn üçün bu qədər pul xərcləməsi, 5 ildən bəri belə bir materialı əldə etmək üçün israr göstərməsi ondan xəbər verir ki, bu məsələ onlar üçün nə qədər prinsipialmış. İndi onlar özlərini məqsədlərinə çatmış kimi hiss edirlər, ancaq unudurlar ki, söz ustaları ilə söz güləşdirənlər heç zaman udmurlar. 

Artıq "Ayı işi” ilə bağlı hər şey arxada qalıb, məsələ bitib, məhkəmənin qərarı da icra edilib, tərəflər razılığa gəliblər. Ortada olan fakt isə bundan ibarətdir: "Yeni Müsavat" Anar Məmmədovdan üzr istəməyib, Azərbaycan Respublikası adına bütün instansiya məhkəmələrinin verdiyi qərarı icra edib."
 
Demokratik.Az