DİQQƏT İNAM KƏRİMOVA! Aqrar mütəxəssis hazırlığı bu naziri də maraqlandırmırsa nə etməli...?!
Son dövrlər Azərbaycanda artmaqda olan iqtisadi dönüş tempi ölkənin qeyri-neft sektorundan asılılığının heçə endirilməsinə doğru yeni xoş ümidlər yaradır. Davamlı və şüurlu şəkildə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən çox böyük dəstək tədbirlərinin həyata keçirildiyinə şahid oluruq.
Sərəncam və qərarlara nəzər yetirməklə söyləyə bilərik ki, aqrar sahəmizin dinamik və dayanıqlı inkişafının təminatı üçün dövlət bütün zəruri və sistematik mühitin yaradılmasında olduqca maraqlıdır. Lakin, dövlətin bu ali hədəflərini axsadan, tərifləyə-tərifləyə əslində prezidentinə xəyanətlər edən, proseslərə daha çox varlanmaq, büdcəni talamaq mərəzilə soxulmuş fərsiz fərdlərin varlığı danılmazdır.
Mövcud praktika göstərir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da qeyri-neft sektorunun inkişafı təkcə dövlətin ali maraqlarına, təbii iqlim şəraitilə zəngin maddi resurslarına və büdcədə aşıb-daşan pul kapitalına deyil, bir o dərəcədə də savadlı aqrar mütəxəssis kapitalına bağlıdır. Yəni, kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır.
Üzülərək demək lazımdır ki, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi son 20 ildə ölkənin hüdudlarını peşəkar aqrar kadrlarla, ayrı-ayrı aqrar ixtisaslı mütəxəssislərlə yetərincə təmin edə bilməmiş, aqrar sektorumuzda lokomotiv ola biləcək yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsinə lazımınca səylər göstərilməmişdir. Bu neqativ hal KT nazirlərinin özlərinin şəxsi maraq və xarakterlərindən, pedoqoji qabiliyyətsizliklərindən də asılı olaraq bugünümüzə qədər gəlib çatmışdır.
Əlbəttə ki, Kənd Təsərrüfatı Nazirliyini aqrar mütəxəssis qıtlığına şərait yaratmaqda, fəaliyyətsizlikdə ittiham edərkən diqqət nazirliyin müstəsna kurasiyasında olan, ölkənin yeganə aqrar təhsil ocağı Azərbaycan Dövlət Aqrar Universitetinə (bundan sonra ADAU) qədər uzanır.
Şəxsən mən də hesab edirəm ki, nazirlik aqrar sahəni inkişaf etdirmək istəyirsə, elə ADAU-nun daha perspektivli və daha savadlı kadrlarlar istehsalında maraqlı olmalı, 100 milyonlarla büdcə investisiyası hesabına Qafqazda və hətta MDB məkanında ən modern Aqrar Universitetə çevrilmiş bir ünvana daha çox can yandırmalıdır.
Prezidentin özəl etimadı ilə Kənd Təsərrüfatına nazir təyinatından üzü bəri ADAU-ya gəlişini protokol qaydalı ənənəyə çevirən cənab İnam Kərimovun yeni tikililərə həvəslə tamaşa etməsi, universitetin maddi-texniki bazasının möhkəmləndirilməsini şəstlə dilə gətirməsi hələ ki, qeyri-effektivdir. Çünki, nazir baxışları ADAU-da illərdir özünü doğrultmayan tədris-təcrübə prosesləri ilə uzlaşmır, tələbə-müəllim mühitindəki geriləmələri ifadə etmir, islahat qabiliyyəti və əxlaq-ərkan nümunələri olmayan bir rektorluğun özbaşınalığından doğulan xeyli sayda nöqsanın həllinə vəsilə olmur. Nazir ADAU-ya sanki adi tamaşaçı gözü ilə baxır, inkişafı bəzəkli tikililərlə və ayrılacaq milyonlarla ölçməyə üstünlik verir, aqrar mütəxəssis hazırlığında təhsilin əsasını təşkil edən nəzəri-praktik formulanı yaddan çıxarır. Bunu əsaslandırmaq üçün elə nazirin öz çıxışlarındakı oxşar tezislər də yetərlidir.
SİTAT: "...Son illərdə dövlətimizin başçısının aqrar sektora göstərdiyi diqqət və qayğı sayəsində ADAU-nun maddi-texniki bazası yenidən qurulub, tədris korpusları əsaslı təmir və bərpa edilib, yeni korpuslar inşa edilib. Bütün bunlar universitetdə tədris prosesinin keyfiyyətinin yüksəlməsinə zəmin yaradıb...” - sitatın sonu...
Belə açıqlamalarından sezilir ki, nazir özü də büdcə hesabına ADAU-da mütəxəssis hazırlığına yaradılmış xoş zəminə sevinir, lakin, əməldə müasir əsas tədris meyarlarının tətbiqinə can atmır. Bunun üçün isə cənab İnam Kərimovun özü şəxsən bir tələbə və ya bir müəllim kimi universitetdə günlərlə, hətta aylarla qalıb müşahidələr aparmalı, süni və təbii maneələri aydın etməli, auditoriyalarda dərs prosesinə qatılmalı, aqrar universiteti özünün şəxsi istəkləri və ailə üzvlərinin "holdinq"i kimi idarə edən rektor İbrahim Cəfərovu ciddən başa salmalıdır. Əks halda, rektorluğu özünə kiçik vəzifə hesab edən İbrahim Cəfərovu təhsil adına sığışmayan ənənələrilə birgə təcili rədd etməlidir. Axı, dövlət rəhbərinin etdiklərini az qala öz adına çıxan rektor psixologiyası ilə bir nazir və bir tədris ocağı hara gedə bilər ki?
Aşağıda sadalayacağım faktlar ADAU-da tədris və idarəçiliyin hansı yaralı kökdə olduğuna dair oxucuda çox aydın təsəvvürlər yarada bilər.
İbrahim Cəfərovun pərən-pərən kadr islahatları nəyə hizmət edir?
Məşhur bir deyim var, deyərlər: "Bəziləri tutduqları vəzifəni deyil, vəzifəsi onu daşımağa məhkum olar".
ADAU-nun sonuncu rektoru da vəzifəsinə ağır yük olan məmurlardandır. Davranış və məntiqində özünü hamıdan üstün sayan rektor "eqoizm"lə şəxsinə pərəstişdən əziyyət çəkdiyi üçün davamlı, yararlı kadr islahatı da apara bilmir.
Diqqət edək:
Rektor son bir neçə ildə ADAU-nun elmi işlər üzrə prorektorlarını özündən uzaqlaşdırıb.
Nizami Seyidəliyev, Vüqar Bəşirov, Eldar Mustafayev bu kürsüdən pərən-pərən salınıb. Hazırda elmi işlər üzrə prorektor Ramin Məmmədov da rektordan bezib, ərizəsilə prorektorluqdan qaçmaq istədiyini bilməyən yoxdur.
***
Rektor qısa zaman aralığında universitetin Elmi Şöbəsində də "qaçhaqaç" yaradıb.
Rektor Qalibə Məmmədovanı, Abbas İsmayılovu, Maqsud Vəliyevi və Tural Paşayevi yararsız bilərək hələlik şöbəni Aytəkin Əsgərovaya həvalə edib.
***
Təcrübə şöbəsi də eyni aqibətdə;
Qalib Dünyamalıyevi Natiq Cavadov əvəzləmişdisə, rektor son iki ildə Hümbət Camalovu Xaliq Xəlilov adı ilə sabiqləşdirib.
***
Digər "uğursuz" kadr seçimlərinə toxunmadan rektor İbrahim Cəfərovun baxış bucağından baxsaq, söyləmək olar ki, Universitetdə tədrisin səviyyəsinin aşağı olması pedoqoji kollektivin bilik-bacarıq səviyyəsinin qıtlığına dayanır. Belə bir strateji universitetdə professor-müəllim siyahısı uzun olsa da, çağdaş aqrar mütəxəssis təfəkkürlü müəllimlər barmaq saydadır. Universitet sənədlərdə boloniya tədris metodlarından "istifadə" etsə də, auditoriyalar sovet təhsil sisteminin geridəqalmış metodologiyasından əziyyət çəkir.
Sual etmək olar ki, əgər bir universitetin yuxarıdakı ştatları layiqincə təmsil edəcək professor-müəllimi belə yoxdursa, onda təhsil ocağı hansı peşəkar aqrar mütəxəssis hazırlığına qarant verir? Boloniya sistemi ADAU-da hansı çalarlarda müşahidə olunur?
Ya da ki, əksinə, əgər rektor mövcud öyrətmən kontingenti ilə kadr yetişdirməyin mümkünlüyünü iddia edə bilirsə, onda hansı məqsədlə adıkeçən savadlı şəxsləri mühüm təyinatlardan az sonra pərən-pərən salır? Əgər müştəbeh rektorun qosqoca Universitetdə sadalanan bir neçə vəzifəyə yararlı kadrları yoxdursa bunun adı nədir?
Və ya bir neçə kafedra müdirləri kimi İqtisadiyyat fakültəsinin savadlı kadrlarından biri olan Marketinq kafedrasının müdiri Asif Həsənovun da rektorluq tərəfindən sıxışdırılması kimə və nəyə lazımdır? Adıçəkiləni vəzifədən qovmaq üçün onun dosent əvəzi olduğu bəhanə edilir. Axı, niyə bu mühüm və yeganə aqrar təhsil müəssisəsi adicə vəzifə təyinatlarında dosent qıtlığı yaşayır ki, dosent olmayanı da sevindirib sonda "ələ salır"?
Bunlara baxmayaraq, rektorun öz işinə yarayan "uğurlu və davamiyyətli" kadr "islahatları" da nəzərə çarpır.
Rektorun ən "parlaq kadrı" Aqronomluq fakultəsinin vaxtı bitmiş dekanı Məhərrəm İsmayılovdur. İllərdir seçkisi yubadılan və vakansiya kimi elan edilməyən fakültənin tələbə kontingent sayı məqsədli şəkildə 1300-dək artırılıb. Məlumatlara görə, rektorun məqsədi bu yolla fakültəni iki ada bölüb iki dəfə öz seçkili dekanlıq marafonunu tamamlamış dostunu saxtakarlıqla yenidən dekan seçdirməkdir. Rektorun dəstəyini alan bu dekan tələbələri bir "qaib"ə görə sıxışdıraraq valideynlərdən "şirinlik" yığmaqla məşğuldur.
***
Bundan başqa, mütləq araşdırılmalıdır ki, ADAU-nun "ümumi şöbəsi"nin sabiq müdiri Sahilə Məmmədova İbrahim Cəfərovun yanında hansı pedoqoji təcrübəni qazandı ki, rektor onu birdən-birə "Bitkiçilik və bitki mühafizəsi kafedrası"nda ştat yarımlıq magistrant müəllimə çevirdi. Əslində, onu müvəqqəti əvəz edən Venera Hüseynovanın kimliyi və bu ştata "kim"insə axtarışı çətin suala başqa səmtdə cavab verir.
***
Hazırda ADAU-da "kadrlar şöbə"sinin müdiri isə rektor İbrahim Cəfərovun qızının baldızı Kəmalə xanım Tağızadədir. Göründüyü kimi, boş ştatların doldurulmasında Cəfərovlar ailəsindən başqa kənar adamlara imkan tanınmama taktikası işləyir.
***
ADAU-nun sabit prorektorundan biri Anar Hətəmovdur ki, gənc alim üzərinə məsul olan vəzifə öhdəliklərindən başqa, rektorun bütün qeyri-yasal tapşırıqlarının icrası ilə məşğul olur. Sabiq icra başçıları Elmar Vəliyev və Məharət Mustafayevin təqdimatı ilə İbrahim Cəfərov tərəfindən irəli çəkilib.
Tədris işlərinə və davamiyyət məsələlərinə nəzarət funksiyası rektorun sevimli köməkçisi Rufanə Əliyeva tərəfindən əlindən alınmış bir prorektorun belə özbaşına tədris mühitindən "həzz aldığını" söyləmək olmaz.
***
Hazırda ADAU-nun təsərrüfat üzrə prorektoru İlyas Vəliyev də İ.Cəfərov üçün "toxunulmazlıq" daşıyır. Çünki, bu şəxs də Elmar Vəliyev tərəfindən vəzifəyə daşınıb və əmioğlusudur.
***
Universitetin Təhlükəsizlik Məsələləri Üzrə mühəndisi kimi havayıca maaş alan İbrahim Mustafayev isə Elmar Vəliyevin "qara kassası" olmuş icra başçısı Məharət Mustafayevin doğmaca qardaşıdır.
***
Hazırda magistratura şöbəsinə rəhbərliyi həyata keçirən magistr təhsilli Aqil Mustafayev də rektorun sadiq kadrlarından hesab oluna bilər. Universitetdə əgər alim dərəcəli xeyli heyət varkən, rektorun azı dosent birinə etibar etməyib, məhz bu kadrına üstünlük verməsi də maraqlıdır.
***
İbrahim Cəfərovun daha bir yalanı universitetdə "tyutor" kimi fəaliyyət göstərən gənclərin seçimi ilə bağlıdır. Belə ki, rektorun ADAU-ya işə aldığı tyutorların əksəriyyəti nəinki gənc akademik deyil, heç magistr pilləli məzunlar da deyil.
Tyutorları tələbələri cəmləməklə öz bayağı statuslarına "trolluq" etməyə təhrik edən rektor bir az da irəli gedərək onların hamısını ərköyün köməkçisi Rüfanə Əliyevaya "tabeli" elan edib.
***
Universitet laboratoriyaları eksponat-muzey kimidir...
ADAU-da tədris prosesi əsasən laborator təcrübələr olmadan yürüdülür. Bir neçəsi istisna, əksər laboratoriyalarda elmi təhlillər aparılmır, müasir şəraitli otaqlar eksponat-muzeylər kimi qorunur. Bunun sürüngən tədrisdən qaynaqlandığını bilsək də, başqa səbəb laborantların savadsız və işlək olmamalarıdır. Rektorun yaxın qohumları arasında laborant kimi havayıca maaş alan şəxslər də məhz bu situasiyanı ehtiva etməlidir.
***
Universitetin Həmkarlar təşkilatının rəhbəri Vüsal Orucovun da fəaliyyətindən baş açmaq çətindir. Rektorun rəyi və özəl göstərişlərindən kənar müstəqilliyi olmayan bu şəxs bütöv dərs ştatı ilə özünü lallığa alışdırıb. Məqsədli şəkildə ara-sıra imkansız müəllimlərə pul paylayan, öz funksiyasını yerinə yetirməyən Orucovun əvvəllər Texnologiya Universitetində işlədiyi və 5 il əvvəl oradan qovulduğu iddia olunur.
***
Rektorun kürəkəni "bufetlər kralıdır"
Universitetin bütün tədris korpuslarında yerləşən bufet-yeməkxana isə rektorun kürəkəni Samir tərəfindən tam inhisara alınıb. Hazırda adı 39 min dollarlıq korrupsiya olayında hallanan kürəkənin sayəsində tələbələr dadsız və bahalı yeməkxana xidmətlərindən narazılıq edirlər. Rektorun tapşırığı ilə universitetin bütün maddi perspektivindən, tədris-təcrübə məhsullarından istifadə edərək "bufetlər kralı" olan Samirin tələbələr üçün yeməklərdə təklif etdiyi qiymətlər kənardan o qədər də fərqlənmir. Təsadüf deyil ki, kürəkən də rektor sayəsində kasıbçılığın nə olduğunu yaddaşına atıb.
***
Beləliklə, mövzunu çox uzatmadan hələlik ADAU-da tədrisin nə halda olduğunu ABŞ-ın İllinoys Universitetinin Azərbaycanlı professoru, dəfələrlə universitetdə qonaq olan, mühazirə və məşğələlər keçən Mohammad Babadostun dedikləri ilə yekunlaşdırıram.
ADAU - 29 oktyabr 2019-cu il. "Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzusunda elmi-praktik konfransdan: "Mən, dünya universitetlərini dəfələrlə gəzmiş, 10-larla ölkənin aqrar mütəxəssis yetişdirən universitetlərində olmuşam. Amma deməliyəm ki, onların içərisində gözəlləşsə də, elmi tərəqqi baxımından ən geridəqalmışı nədənsə sizin ADAU-dur, cənab rektor!..."
Xatırladaq ki, həmin konfransda Kənd Təsərrüfatı nazirinin müavinləri, deputatlar və bir sıra fəxri qonaqlar da iştirak edib. Deyilən sözlərə üzülüblər və rektorun qonaq professora tənqidinə qarşı sərt təpkisinin qarşısını alıblar. Mohammad Babadost isə dediklərində çox səmimi olduğunu ifadə edib.
Hələlik, yazılanlarla nazir İnam Kərimovu ADAU-ya, özbaşına rektoru isə işlərində səmimiyyətə və dönüşə çağırıram!
Osman Nərimanoğlu
Demokratik.Az saytının rəhbəri