Xəbər lenti
Bütün xəbərlər

“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”

  • 19 okt 2019, 11:00

Əliməmməd Nuriyev hüququn tələblərindən danışdı; xəbərdarlıq alan şəxslər icazəsiz aksiyaya çıxarlarsa...

Məlum olduğu kimi, Milli Şura 19 oktyabra mitinq təyin edib. Bakı Şəhər İcra Hakimiyyəti aksiya keçirmək üçün Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi” idman klubunun Qaradağ təlim idman bazasındakı yeri ayırıb. Lakin Milli Şura bu məkanda mitinq keçirməkdən imtina edərək, əvəzində israrla "28 May” metrostansiyasının qarşısında aksiya keçirəcəklərini bəyan edib.

Hətta Milli Şurada əsas söz sahibi olan AXCP sədri Əli Kərimli icazəsiz aksiyaya belə qatılacağını bildirib. Artıq təhlükəsizliyin qoruması üçün mitinqin təşkilatçıları Tofiq Yaqublu, İbrahim İbrahimli, Eldəniz Quliyev və Vahid Məhərrəmli Bakı şəhər Baş Polis İdarəsinə çağırılıblar və onlara xəbərdarlıq olunub.

İndi bir sual meydana çıxıb. Xəbərdarlıq alan şəxslər icazəsiz aksiyaya çıxarlarsa, hüququ məsuliyyət daşıyırlarmı?

Hüquqşünas Əliməmməd Nuriyev məsələni "Yeni Müsavat”a bu cür şərh etdi: "Əgər 19 oktyabrda hər hansı bir qarşıdurma, kütləvi iğtişaşlar baş verərsə, hansısa bir şəxsin əmlakına ziyan dəyərsə, heç şübhəsiz ki, bu müvafiq məsuliyyət daşıyacaq. Bu cinayət məsuliyyəti, inzibati məsuliyyət də yarada bilər. Artıq bu edilən hərəkətin xarakterindən, elementlərindən asılı olacaq. Eyni zamanda, yol hərəkət qaydalarının pozulması baş verərsə, bu inzibati məsuliyyət yaradır. Edilən hərəkətlərin xarakterindən asılı olaraq, müxtəlif məsuliyyət növləri yarana bilər. Bunu dəyərləndirmək artıq hüquq-mühafizə orqanlarının müvafiq strukturlarının vəzifəsidir. Bəri başdan nəsə söyləmək olmaz. Azərbaycan Respublikasında sərbəst toplaşmaq azadlığı var. Bu azadlığa görə vətəndaşların etirazlarını kollektiv formada təqdim etmək hüquqi var. Bütün bunlar müəyyən proseduralarla həyata keçirilir. Sərbəst toplaşmaq azadlığı mülkiyyət hüququ deyil. Bu o demək deyil ki, nəyin bahasına olursa-olsun bu hüquq həyata keçirilməlidir. Bu hüququ həyata keçirərkən təhlükəsizlik qaydalarına əməl etmək çox vacibdir. Bütün bu məsələləri çox ciddi şəkildə balanslaşdırmaq lazımdır. Eyni zamanda, əgər dövlət qurumları tərəfindən sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi ilə bağlı yerlər müəyyən edilibsə, razılıqlar verilibsə, nədən orada aksiyalar keçirilməsin? 

Əgər öz etirazımı bildirmək istəyirəmsə, məkanla bağlı məsələdə nə fərqi var? Məkan ona görə verilir ki, öz fikirlərini söyləmək hüququndan istifadə edəsən. Əsas məsələ o imkanın verilməsi ilə bağlıdır. Doğrudur, yer məsələsi təşkilatçılar tərəfindən təklif edilə bilər. Problemlər yaranırsa, hər birimiz bunun həllinə çalışmalıyıq. Təhlükəsizliklə bağlı başqalarının hüquqlarına mane olmamalıyıq. Aksiyalar zamanı təhlükəsizliyi qorumaq dövlət orqanlarının üzərinə düşür və onlar da bunu qorumaq üçün üzərlərinə götürdükləri öhdəlikləri icra edirlər. Burada cəmiyyətin maraqları nəzərə alınmalıdır. Hər şey balanslı şəkildə getməlidir. Siyasi məqsədlərə hər şeyi qurban vermək olmaz. Kiminsə ambisiyasına görə nələri qurban vermək doğru deyil. Azərbaycanda kütləvi aksiyaların keçirilməsinə hər zaman razılığın verildiyinin şahidi olmuşuq. Bir faktı deyim ki, bir həftə bundan öncə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirilməsinə razılıq verildi. Amma hər kəs gördü ki, orada başqa proseslər də yaşandı. Piketdə dəxli olmayan şəxslərin əraziyə daxil olması, aidiyyəti olmayan şüarların səsləndirilməsi kimi halların şahidi olduq. Təhlükəsizliyə müəyyən problemlərin yarandığı barədə KİV-lərdə məlumatlar getdi. Belə məsələlərdə son dərəcə diqqətli olmaq lazımdır. Vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ən vacib məsələlərdən biridir”. /Y.M/

Oxşar xəbərlər