"Cavabınızla kimi aldadırsınız Mirdaməd Sadıqov?!" - Əndirəbadi məsləhətlər

  • 04 okt 2019, 11:53

İsmayıllı rayon İcra Hakimiyyəti "Demokratik.Az"-ın 23.09.2019-cu il tarixli sayında yayımlanan "MİRDAMƏD SADIQOV İNSAFA GƏLƏCƏKMİ? Əlil şikayətçiyə arabası yox, evsizlik dar gəlir" sərlövhəli yazısına maraqlı cavab göndərib.

Cavab məktubunda belə yazılır:

"Demokratik.az saytının rəhbərliyinə

Hörmətli sayt rəhbəri!

Sizin saytınızda "MİRDAMƏD SADIQOV İNSAFA GƏLƏCƏKMİ? Əlil şikayətçiyə arabası yox, evsizlik dar gəlir” başlıqlı yazınızda qeyd olunanlar həqiqəti əks etdirmir.

İmtiyazlı şəxslərə ev verilməsi yerli icra Hakimiyyətlərinin yox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətindədir. Yerli İcra Hakimiyyətləri heç kimə ev tikib vermir.

Bundan əlavə vətəndaş Rasim Şahməmmədova icra hakimiyyətinin imkanları daxilində dəfələrlə maddi yardımlar olunub.

Xahiş edirik nəzərə alasınız.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının

İnformasiya təminatı və təhlil sektoru

Cavab üçün icra hakimiyyəti orqanına təşəkkür düşür. Ancaq, cəmi iki cümlədən ibarət olan bu cavab məlum yazımızdakı hansı halların həqiqəti əks etdirmədiyini aydınlaşdırmır. Uzun illərdir öz əlil arabasına sığınaraq öz əlil həyat yoldaşı və azyaşlı bir övladı ilə evsiz-eşiksiz həyat sürən İsmayıllı rayon sakini Rasim Şahməmmədovu isə bu yolla başından edir. Ən əsası, icra başçısından ev tələb edən əlilə İHB tərəfindən dəfələrlə maddi yardımlar edildiyini bildirərək 1-ci qrup yataq xəstəsinə minnət yükləyir. Məmur humanizmi belə açıq, çılpaq və töhmətlimi olmalıdır? Təbii ki, əslən Lahıçdan olan seyid Mirdaməd Sadıqovun iradəsilə hazırlanan cavaba təəssüf edir, məktubun ümumiyyətlə paradoksal məntiqə dayandığını iddia edirik.

Belə ki, oxşar məzmunlu cavabı Rasimə göndərən İHB əsaslandırmağa çalışır ki, "İmtiyazlı şəxslərə ev verilməsi yerli icra Hakimiyyətlərinin yox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətindədir. Yerli İcra Hakimiyyətləri heç kimə ev tikib vermir". Halbuki, Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin vətəndaşa dəfələrlə yönləndirdiyi cavab məktubları İHB-nin mövqeyini tamamilə rədd edir. Yəni, Nazirliyin cavab məktublarında vətəndaşa mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yerli rayon icra hakimiyyətinə və bələdiyyə qurumuna müracət etməsini tövsiyyə edir. 

Bu cavablara baxanda lap "evləri köndələn yar" musiqisi yada düşür. Necə deyərlər - "Şap elə bilir şupdadı, şup elə bilir şapdadı, nə şapdadı, nə də şupda. Yaman tappa-turupda..."

Belə çıxır ki, nazirlik də, İsmayıllı İHB də ötür-ötür oyunu ilə çarəsiz vətəndaşa rəsmən sahib çıxmaq istəmir. Bu yanaşma isə birokratiyadır. İcra başçısı üçün isə qeyri-humanizmdir.

(mövzu diqqətimizdədir)

Demokratik.Az

 

Oxşar xəbərlər