“Azərbaycan” qəzetində başsağlıqları yoxa çıxıb

  • 24 sen 2019, 19:32

Son günlər "Azərbaycan” qəzetində başsağlığı mətnlərinə rast gəlinmir. Belə ki, bir müddət öncə deputat Siyavuş Novruzov dövlətin rəsmi qəzeti olan "Azərbaycan” qəzetində sonuncu səhifədə onlarla başsağlığı mətnlərinin verilməsini tənqid etmiş və bunun yolverilməz olduğunu dilə gətirmişdi. 

Ardınca isə qəzetin baş redaktoru, S.Novruzovun deputat həmkarı Bəxtiyar Sadıqov bu başsağlıqlarının qəzetin maliyyə təminatında mühüm rol oynadığını dilə gətirmişdi. Bu açıqlamanın ardından mövzu istiqamətini dəyişərək, bir insanın ölümü üzərindən pul qazanmağın mətbuat üçün nə dərəcədə etik olması ilə bağlı davam etdi. Sonda S.Novruzov və B.Sadıqovun görüşüb, məsələni müzakirə etməsi ilə mövzu qapandı. 

"Azərbaycan” qəzetinin hər zaman olduğu kimi başsağlığı mətnlərini dərc edəcəyi gözlənilsə də, son günlər bu hallar kifayət qədər azalıb. Əgər əvvəllər  qəzetin sonuncu səhifəsində ən azı 8-10 başsağlığına rast gəlinirdisə, sonuncu saylarda bu hala rast gəlinmir. 

"Azərbaycan” qəzeti üçün başsağlığı ənənəsinin  geridə qalması ilə bağlı qəzetin baş redaktoru Bəxtiyar Sadıqovdan açıqlama almaq istəsək də, deputat bu haqda danışmaq istəmədiyini bildirdi. Lakin bir müddət öncə aparılan müzakirələrin təsirsiz ötüşmədiyini də ifadə etdi. 

Fotolarda qəzetin 21 və 24 sentyabr tarixli saylarının sonuncu səhifələri əks olunur. 

Musavat.com 

Oxşar xəbərlər