Tovuzda su problemi həll olunur (FOTO)

  • 19 fev 2015, 18:06
Cəbhəyanı bölgədə yerləşən Tovuz rayonunun Əlibəyli kəndində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni layihə icra edilib.

ANS PRESS-in "Azərsu" ASC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, layihə çərçivəsində subartezian quyusu qazılıb, transformator yarım stansiyası quraşdırılıb, 3,5 km magistral və kənddaxili su xətləri çəkilib, hər birinin tutumu 100 kubmetr olan 2 su anbarı tikilib. Görülmüş işlər nəticəsində 5800 nəfər sakinin içməli su təchizatı yaxşılaşıb.

2014-cü ildə Tərtər şəhərində, həmçinin rayonun Bala Kəngərli kəndində, Füzuli rayonunun Yağlıvənd, Ağcabədi rayonunun Şənlik kəndində də subartezian quyuları qazılıb, magistral və paylayıcı su xətləri çəkilərək istismara verilib. Eyni zamanda, Şirvan şəhərinin Yeni Yaşayış massivində 49 kilometr su şəbəkəsi yaradılıb, Şirvan-Muğan kəmərindən əraziyə magistral xətt çəkilib.

Hesabat dövründə Balakən, Zaqatala, Qazax, Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan, Saatlı rayonlarının kənd və qəsəbələrində də tikinti-quraşdırma işləri həyata keçirilib.

2014-cü ildə "Azərsu” ASC-nin "Birləşmiş Sukanal” MMC-nin sifarişi ilə 127 km içməli su xətti, 2,6 km uzunluğunda kanalizasiya xətti çəkilib və ya dəyişdirilib, 5 ədəd subartezian quyusu qazılıb.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2014-cü ildə görülmüş işlər nəticəsində kənd və qəsəbələrdə 35 min nəfərin su təminatı yaxşılaşıb.

2014-cü ildə Masallı rayonunun Muğanlı zonasında 23 kəndin, Yardımlı rayonunda Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə kəndlərinin, Quba rayonunun Qəçrəş kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə layihələrin icrası davam etdirilib. Bu kəndlərdə icra olunan layihələr ümumilikdə 31,5 min nəfərin içməli su probleminin həllinə hesablanıb.









 
Mənbə
Demokratik.Az
 
Oxşar xəbərlər