MƏHKƏMƏ QƏRAR VERDİ - Məhəmmədəli Qəriblinin Osman Nərimanoğluna təhqir və böhtan yağdırması QƏTNAMƏYƏ düşdü
Bugün Göygöl rayon Məhkəməsində aylardır ki, uzanan daha bir məhkəmə işinə baxılıb.
"Demokratik.Az" saytı bildirir ki, tanınmış jurnalist Osman Nərimanoğlu ilə "Bakı - Xəbər" qəzetinin
ştatdankənar müxbiri Məhəmmədəli Qəribli arasında qarşılıqlı mülki iddiaların nəticəsi barədə
qətnamə elan olunub.
Hakim Rafiq Məmmədovun icraatında olan, "şərəf və ləyaqətin müdafiəsinə dair" qarşılıqlı iddia üzrə qətnamədə "Bakı Xəbər" qəzetinin müxbiri, eləcə də "Azinforum.Az" adlı domenin istifadəçisi Məhəmmədəli Qəribli adlı şəxsin ötən ilin avqustundan bu yana çeşidli manevrlərlə "Demokratik.Az" saytının təsisçi və baş redaktoruna qarşı təhqir və böhtanlar yağdırması qanuni fakt və sübutlarla tam müəyyən edilib. Qətnamədə bir çox aşağılayıcı söz və ifadələrinə görə M.Qəriblinin Osman Nərimanoğlundan rəsmən üzr istəməsi, ayrı-ayrı KİV orqanlarında və özünün (mahammedali qaribli) facebook sosial şəbəkəsində bilə-bilə barəsində yaydığı böhtan və yalan məlumatlara dair təkzib verilməsi öhdəliyi nəzərdə tutulub.
Məhkəmə qətnaməsinin çıxarılmasında əsas sübut növü kimi nəzərə alınan iş üzrə keçirilmiş linqvistik məhkəmə ekspertizasının rəyində də göstərilib ki, Qəribli Məhəmmədəli Qərib oğlu hələ ötən ilin avqustundan başlayaraq aqressiv və aramsız hücumlar təşkil edərək sayt rəhbərinin fəaliyyətinə və şəxsiyyətinə qarşı heç bir əsası olmayan yalan-böhtan məlumatlar yaymış, jurnalist etikasına sığmayan vulqar ifadələrlə ağır təhqirlərə imza atmışdır. "Demokratik.Az" saytı qətnamə barədə tam və incə detallarınadək aydınlıq gətirmədən hesab edir ki, haqq nazilsə də, sonda üzülməyib.
Xüsusilə qeyd etmək lazımdır ki, özünü jurnalist, bəzən də ekspert kimi qələmə verən Məhəmmədəli Qəribli Osman Nərimanoğluna qarşı provokativ media fəaliyyəti həyata keçirsə də, ötən müddət ərzində Azərbaycan Mətbuat Şurasının idarə heyyətinin bəzi üzvləri tərəfindən aşkar himayə olunub. Eləcə də, hazırda ABŞ-da mühacir ömrü yaşayan sabiq spiker Rəsul Quliyevin qohum-əqrəbaları tərəfindən, xüsusilə plagiat yazılarını yaydığı baş redaktoru Aydın Quliyev tərəfindən dəstəklənib. Bu səbəbdən də, heç bir ictimai önəm daşımayan qalmaqaldakı qanunazidd əməllərində özünü haqlı saymağa çalışıb.
Onu da bildirək ki, adını çəkdiyimiz günahkarın çoxsaylı status və yazılarında yer alan təhqirlərinə hər dəfəsində Osman Nərimanoğlu tərəfindən tutarlı cavablar verilib. "Bakı Xəbər"-in müxbirinə qarşı ortaya çıxan bəzi adekvat nüanslara görə isə, M.Qəribli adı qətnamədə maddi - mənəvi məsuliyyətdən yaxa qurtara bilib.
Bugünkü məhkəmə barədə qısaca açıqlama verən sayt rəhbəri bildirib ki, məhkəmə işi qarşılıqlı iddia xarakteri daşısa da, Məhəmmədəli Qəribli məhkəmə proseslərinə bir dəfə də gəlməyib. Qarşılıqlı məhkəmə çəkişməsi prinsipi baş tutmayıb. Buna baxmayaraq, Osman Nərimanoğlu onun da iddiasının maksimum dəyərləndirilməsini hakimdən tələb edərək humanistlik göstərib. Bu səbəbə, balanslı qətnamə çıxarılmasına nail olub.
Osman Nərimanoğlu deyib ki, insanın şərəf və ləyaqəti ən üstün mənəvi dəyərlərin fövqündə dayanır. Buna görə də, səbəbindən asılı olmayaraq, Məhəmmədəli Qəriblidən fərqli, təhqirə görə həmişə üzr istəməyə hazır olduğunu deyib. Adıçəkilənin timsalında mediada təmsil olunan hər kəsi təhqirdən və böhtan yazmaqdan çəkinməyə, adekvat təhqirlərə aparan yolun yolçusu olmaqdan qaçmağa çağırıb.
Sayt rəhbəri hesab edir ki, "Məhəmmədəli Qəriblinin məlum özfəaliyyətini "haqq işi" adlandıran MŞ funksionerləri indi utanıb xəcalət çəkməlidirlər. Çünki, məhz onlar Qəribli kimisinə media üzərindən açıq dəstək olaraq olayı buralara qədər sürüdülər. Və "Demokratik.Az" saytına saxta "xəbərdarlıq"lar elan edib obyektivliyi və mediada balanslaşdırma funksiyalarını tam unutdular. Sonda, adımızı MŞ-nin "qara siyahısı"na yazan hörmətli Əflatun Amaşov, Müşviq Ələsgərli və digərləri mənə və müstəqil bir media qurumuma mənəvi cəhətdən borclu qaldılar. Amma, hələ bu son deyil, Mətbuat Şurasından da öz borcumu alacağam!" - deyə Osman Nərimanoğlu bildirib.
Qətnamə əldə edildikdən sonra, Osman Nərimanoğlunun Apellyasiya şikayəti verə biləcəyi də istisna deyil...
"Demokratik.Az"
