Ramil Usubov daha yüksək vəzifəyə təyinat alıb

  • 21 iyun 2019, 19:20

Ölkə Prezidentinin sərəncamları ilə aparılan köklü kadr islahatları geniş ictimaiyyət tərəfindən də maraqla qarşılanıb. Diqqətçəkən kadr dəyişikliyilə nazir postundan gedən və Prezidentin Təhlükəsizlik Şurasının katibi təyin olunan Ramil Usubovla bağlı səslənən müsbət fikirlərdir. Sosial şəbəkələrdə yaranan trendə görə, adətən vəzifədən gedən şəxs haqqında tənqidi fikirlər səslənir. Bu baxımdan Ramil Usubov nümunəsi gedənlərin içərisində istisna təşkil etdi...

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a bildirib ki, bu, Ramil Usubovun illərdir qazandığı hörmətin, bacarığının nəticəsidir:

"Əslində Ramil Usubov daha yüksək vəzifəyə təyinat alıb. Dövlətin təhlükəsizliyilə yanaşı, ayrı-ayrı vətəndaşların hüquq və azadlıqlarının təhlükəsizliyi, qurumların işinin təşkilinə nəzarət edilməsinin hamısı Təhlükəsizlik Şurasının səlahiyyətlərinə aiddir. Bu baxımdan Ramil müəllim daha yüksək vəzifəyə təyinat alıb və biz onu yalnız təbrik edə bilərik. Doğrudan da, Ramil Usubov müsbət imic formalaşdırıb, bu da onun özünün əziyyətinin bəhrəsidir. Ramil müəllim həm Naxçıvanda, həm Bakıda işlədiyi dövrdə təkcə ictimai asayişin, əhalinin hüquq və azadlıqlarının qoruyucusu kimi yox, həm də bir insan kimi vətəndaşlarla təmasda olmağı bacarıb. Bütün deputatlar onu çox istəyir və istəməkdə də davam edəcək. Bunların arasında Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, redaktorlar, ayrı-ayrı sahələrin adamları var. Ramil Usubov obyektiv, professional, qərəzsiz insandır”.

Deputat daxili işlər naziri postuna yeni təyinat alan Vilayət Eyvazovun Ramil Usubov ənənələrini davam etdirəcəyinə əminliyini ifadə edib:


"Vilayət Eyvazov Ramil Usubovun yetirməsidir. Burada Ramil müəllimin də xidmətləri var. Bu baxımdan Ramil Usubov haqqında müsbət olmayan fikirlər səsləndirmək niyyətində olanlar isə yaxşı olar papaqlarını qabaqlarına qoyub düşünsünlər. Sosial şəbəkədə müsbət fikir səsləndirənlərə isə sonsuz təşəkkür edirəm. Mən əminəm ki, Ramil Usubovun Daxili İşlər Nazirliyində başlamış olduğu islahatlar Vilayət müəllim tərəfindən davam etdiriləcək. 

Vilayət Eyvazov uzun illərdir daxili işlər orqanlarında çalışır. Tamamilə Ramil Usubovun yetirməsidir. O, Ramil müəllimin iş üslubuna, keyfiyyətinə, təşkilatçılığına bələd olan bir insandır. Polis strukturunu və əməkdaşlarını yaxından tanıyan biridir. Kənar adamın ora təyin olunması müəyyən çətinliklər yaradardı. Çünki ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasının ağır yükü həmişə polisin çiynində olub. Təbii ki, hüquq-mühafizə orqanlarının, təhlükəsizlik xidmətinin də, amma ictimai asayişdən söhbət gedirsə, həmişə polisin çiynində olub. Ona görə, bu qurumlar içində yaxından tanış olan və müəyyən idarəçiliyə və nüfuza malik olan şəxsin təyin olunması və təyinatın Vilayət müəllimin şəxsində olması məqsədəuyğundur. 

Hesab edirəm ki,  Vilayət Eyvazov daxili işlər orqanlarında yeni islahatın aparılması mərhələsinin başlanğıcını qoyacaq. O mənada demirəm ki, bu orqanlarda hansısa qüsurlar var idi. Ancaq günün tələblərinə uyğun, Ramil Usubovun apardığı islahatların davamçısı olaraq bu sahədə sözünü deyəcək”. 

Ç.Qənizadə rəhbər dəyişikliyindən sonra digər vəzifələrdə aparıla biləcək kadr dəyişiklikləri ehtimalına da toxunub:

"Arzu edirəm ki, daxili işlər orqanlarında yeni təyin olunmuş rəhbər şəxslərdən sonra həmin idarə və şöbələrdə digər əməkdaşların yerdəyişmələrinə və təyin olunan rəisin öz adamlarının o yerə, rəhbərlik etdiyi quruma gətirilməsinə son qoyulsun. Yəni rəis təyin olunduqdan dərhal sonra tutaq ki, rayon polis idarəsinin  rəisi müəyyən adamları şöbə rəisi və müavinləri, digər vəzifəli şəxslərin yerlərinin dəyişdirilməsinə çalışır. Belə hesab edirəm ki, bu lazım deyil. Çox istəyərdim ki, Vilayət müəllim bu sahədə olan müəyyən məqamları artıq dayandırsın. Hansısa rəhbər şəxs işindəki nöqsanlara görə vəzifəsindən kənarlaşdırılmayıbsa, yeri dəyişdirilibsə, onda onun tabeçiliyində olanların yeni təyinatla yerlərinin dəyişdirilməsi, sərəncama göndərilməsi praktikasına son qoyulmalıdır. Bu, polis əməkdaşları arasında müəyyən narazılıqlara səbəb olan məqamlardan biri idi. 

Vaxtilə Vilayət Eyvazovla görüşlərimin birində bu məsələni qabartmışdım. Ümumilikdə, Azərbaycan polisi Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması ilə bərabər, həm də ictimai asayişin qorunmasında həmişə olduğu kimi öndə olmalıdır və olacaqlar. Həm də keçmiş daxili işlər naziri Ramil Usubov kimi müəyyən insanlar üçün əlçatan olmalıdır. Millət vəkilləri olaraq həmişə Ramil müəllimlə əlaqədə ola bilirdik. Digər qurumların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, redaktorlar üçün də Ramil müəllim əlçatan idi. Bu praktikanın davamlı olmasını arzu edərdim. 

Ümumilikdə, cənab Prezidentin qarşıya qoyduğu müəyyən tələbləri hələ bilmirik, praktikada görəcəyik. Hesab edirəm ki bu tələblərin yerinə yetirilməsində Vilayət müəllim öz peşəkarlığı, savadı, nüfuzu və  şəxsi keyfiyyəti ilə öndə olan nazirlərdən biri olacaq. Ona uğurlar arzu edirəm”. 

Oxşar xəbərlər