Ermənistanda panika: "Türk ordusu Naxçıvanda”

  • 05 iyun 2019, 22:34

Bu aralar 4 iyundan çox danışıldı, hər il olduğu kimi. Məlum, Gəncə hadisələrinə görə. Amma 4 iyun Azərbaycan xalqının taleyində mühüm rol oynamış bir tarixdir. 1918-ci ilin bu günündə həmin müqavilə imzalanmasaydı, kim bilir Azərbaycan hansı faciələrlə üz-üzə qalacaqdı...

Qısa xatırlatma edək: düz 101 il öncə, 4 iyunda Osmanlı dövləti ilə cəmi "7 günlük” olan Azərbaycan Xalq Cümhuriyyəti arasında Batumda Dostluq və Əməkdaşlıq müqaviləsi imzalandı. Tarixi qaynaqlara görə, həmin nicat müqaviləsini Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Şərq orduları komandanı Vəhib Paşa, Azərbaycandan isə Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə və Xariciyyə naziri Məmməd Həsən bəy imzalamışdı. Qafqazda türk və müsəlmanlara qarşı ermənilərin bolşeviklərlə birgə törətdiyi qətliamların qarşısını almaq, Azərbaycanı tikə-parça edilməkdən qurtarmaq idi məqsəd. Bunun ardınca Başkomandan Ənvər Paşanın əmri ilə Türk ordusu Azərbaycana köməyə gəldi, Qarabağı, Bakını ermənilərdən xilas etdi...

Budur, üstündən 101 il keçib və Ermənistanda ciddi panik ovqat hökm sürməkdədir. Erməni saytlarının başlıqlarına baxıram, "Türkiyə Naxçıvana qayıdır!”, "Türk ordusu Naxçıvanda Azərbaycanla birgə hərbi təlim keçirir!” yazırlar. Çox həyacanlanıblar. Naxçıvandan İrəvana cəmi 50 km-dir, həyəcanları təbiidir. Həm də tarixi dərs var axı...

2018-ci ilin mayında gözlənilməz zərbə alan işğalçı ölkə ordumuzun Şərur rayonunun Günnüt kəndi istiqamətindəki strateji yüksəkliklərdə mövqe tutmasından sonra Naxçıvan məsələsinə çox həssaslıqla yanaşır. Bundan əvvəl Qarabağ məsələsini "bitmiş” sayıb Naxçıvanı işğal etmək barədə hədyanlar səsləndirirdilərsə, artıq Günnüt əməliyyatından sonra ehtiyatlı danışmağa başlayırlar.

Həmin əməliyyat nəticəsində Günnüt kəndindən başqa, "Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı, həmçinin Dərələyəz mahalının Arpa kəndi ordumuzun nəzarəti altına keçib. Məhz bu əməliyyat Azərbaycan ordusuna İrəvan-Gorus-Laçın-Xankəndi magistralını nəzarət altına almağa imkan verib! Bu, elə sarsıdıcı əməliyyat oldu ki, hakimiyyətinin üçüncü həftəsində bu zərbəni alan Nikol Paşinyan bu barədə ümumiyyətlə, danışmamağa qərar verdi.

Və budur, ermənilər Naxçıvanda iyunun 7-dən 11-dək keçiriləcək Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən çox narahat olublar. Neçə gündür ki, "Sarsılmaz qardaşlıq-2019” birgə təlimlərinin xəbərini tirajlayırlar. Naxçıvana gələn Türk ordusunun hərbi texnika, şəxsi heyəti, maşın "kolon”u ilə bağlı fotoları yayımlayır, həyəcanla bu təlimlərin nəyə gətirib çıxaracağı üzərində baş sındırırlar.

Yeri gəlmişkən, düşmənin həyəcanı təbiidir. Azərbaycan və Türkiyənin qoşa bayraqları ilə bəzənən küçələrlə irəliləyən Türk ordusu, möhtəşəm qarşılanma. Lap 1918-ci ilin iyununda Gəncədəki qarşılanmaya bənzəyir.

Bir neçə gün əvvəl Araz çayı üzərindəki "Ümid” körpüsü üzərində iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirildi. Hər iki ölkənin hərbçiləri qarşı tərəfdən bayrağı qəbul edir, öpüb gözünün üstünə qoyur. Möhtəşəm mənzərəydi!
Rəsmi məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikanın güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə keçirilən təlimə 5000-ə qədər şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və hərbi texnika nümunələri cəlb olunacaq. Yəni bu, plana uyğun hərbi təlimdir.

Amma düşmən mətbuatı bunu geniş yaydı və ənənəvi həyəcan...Düzdür, Ermənistanın Müdafiə Nazirliyi ajiotajı yatırmağa çalışdı, vəziyyətin "nəzarətdə olduğunu” iddia etdi. Amma...Ermənilər Qars müqaviləsinə qədər araşdırmalar aparırlar. Anlayırlar ki, Naxçıvan Türkiyənin qarant olduğu bölgədir.

Ermənistan bunu da anlayır ki, Azərbaycan ordusu nəinki 90-cı illərin ordusu deyil, əksinə, özü 90-cı illərin Azərbaycanına bənzəyir, daxildəki çəkişmələri ilə.

Digər tərəfdən, Ermənistan daim Rusiyaya arxalanıb. Ancaq bu gün İrəvanla Moskva arasında soyuq küləklər əsir. Ermənistan hakimiyyəti Putinin rəğbətini qazana bilmir. Paşinyana qarşı çıxan Qarabağ klanının və daşnakların arxasında Rusiyadakı ciddi dairələr dayanıb. Bu mənada işğalçı ölkədə vəziyyətin nəzarətdən çıxması qaçılmazdır. Üstəlik, Türkiyə və Rusiya arasında bütün sahələrdə əməkdaşlıq yüksələn xətt üzrə gedir.

Belə olan halda Türkiyə və Azərbaycanın de-fakto VAHİD ordusunun İrəvanın 50 km-də olması Ermənistan üçün artıq qorxulu yuxu deyil, acı reallıqdır. Günün birində bu ordu Mehri yolu ilə üzü Qarabağa yol ala bilər. Naxçıvanı azad edilmiş Qarabağla birləşdirmək üçün...

İyunun 4-də Fransa inzibati məhkəməsinin ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya”nı ləğv etməsi də Ermənistanda xəyal qırıqlığına səbəb olub. Ermənistanı Fransada bəzi qüvvələr özlərinə "bacı” sayırdı və ermənilər bundan çox məmnun idi. Amma artıq Emənistanın "ayağısürüşkən” obrazı dünya-aləmə bəlli olduğundan ondan üz çevirir çoxları.

İyunun 4-də başqa bir olay da oldu. Rusiya kəşfiyyatının keçmiş əməkdaşınınm ürəyinə bıçaq sancıb İrəvana qaçan erməni qatilə görə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev Ermənistana gəldi. Bu gün İrəvanla Moskva arasında yeni gərginlik nöqtələri yaranır, əvvəlkilər çözülmədən. Söhbət Ermənistanın yeganə ümid etdiyi hərbi müttəfiqi ilə münasibətlərdən gedir. Belə bir durumda Türkiyə və Azərbaycan bayraqlarının qoşa dalğalanması, iki qardaş ölkənin əsgərlərinin birgə addımlaması adi məsələ deyil. /Musavat.com/

Oxşar xəbərlər