"DİQLAS"-dan çıxan tüstü - "Arif Qasımov geniş HESABAT verməlidir!"

  • 27 apr 2019, 19:41

Paytaxtın Nizami rayonunda yerləşən məşhur "DİQLAS" Ticarət Mərkəzinin yanıb tam sıradan çıxmasından düz bir ay ötür. Bu müddət ərzində zəruri istintaq prosesləri getsə də, iş üzrə cinayət işi başlansa da, ictimaiyyət olay barədə xeyli məlumatsızdır. Eləcə də, ortada mühüm bir aktuallıq var. Bu müdhiş olaydan aidiyyatı qurumlar, eləcə də Nizami İcra Hakimiyyəti rəsmiləri dərs çıxarıblarmı? Nə etməli ki, belə yanğınlar təkrarlanmasın, nəticədə, illərlə bir Ticarət Mərkəzində çalışıb əziyyət çəkən sahibkarlar heç zaman dilənçi həddinə düşməsin?

Ötən ay - martın 26-da qeydə alınan arzuedilməz yanğın nəticəsində mindən artıq sahibkara ümumilikdə on milyonlarla manat zərər dəyib. Ticarət Mərkəzində hər ay yığılan icarə haqqı saya-hesaba gəlməsə də, TM-nin sahibləri icarədarlara dəymiş zərərin maddi qarşılığını həyata keçirmədilər. Bunu müxtəlif xahiş və bəhanələrlə yola verdilər. Əvəzində, ölkə başçısının xüsusi diqqət və qayğısı ilə zərərçəkmiş vətəndaşlara ilkin olaraq maddi yardım məqsədilə 3 milyon manat ayrılması barədə sərəncamı yadda qaldı. Yəni, TM-in sahibləri deyil, bu dəfə də dövlət baba mağdur vətəndaşlarına sahib çıxdı. 

"Demokratik.Az" xatırladır ki, yanğının səbəbləri araşdırılarkən Ticarət Mərkəzinin rəhbərliyi tərəfindən bəzi məsuliyyətsizlik halları aşkarlandı, sahibkarların dükanlarının sığorta edilməməsi, yanğın təhlükəsizlik normalarına riayyət edilməməsi və bu kimi nöqsanlar üzə çıxdı. Ardından məlum oldu ki, "Diqlas"-ın idarəçiliyi iki yerə bölünmüş haldadır, bir hissəsini idarə edən Araz Rəhimov və digər hissədar Rasim Məmmədov hər vəchlə günahlarına şərait yaradan daha böyük şəriklərin olduğunu anons etdilər. Yanğının günahı gah fövqəlnazirdə, gah obyekti vaxtaşırı təftiş edən komissiyalarda, gah da sahibkarların özlərində göründü. Amma, hər bir halda təbii ki, günah "DİQLAS"-ın özündə, gizlədilən əsas sahibində idi.

Hadisənin ardından, TM-nin əsl sahibinin kimliyi axtarılsa da, bir çox versiyalarla müxtəlif şəxslərin adı üzə çıxdı. Həqiqətin mahiyyəti sanki bilərəkdən bəzi maraqlı şəxslər tərəfindən ört-bas edildi. "DİQLAS"-ın külünə də, sahibkarların ahu-naləsinə də cavabdeh olan hər kimsə, ictimai müzakirədən və media qınağından bilərəkdən yayındırıldı.

"Demokratik.Az"-a verilən bilgiyə görə, olay haqqında ən müfəssəl məlumatlara malik olan şəxs Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovdur. İcra başçısı təkcə tam məlumatlı şəxs deyil, eləcə də belə arzuedilməz yanğının olmamasına dolayısıyla məsul olan məmurlardan biridir. Arif Qasımov rəhbərlik etdiyi rayonda zəruri inzibati nəzarət funksiyası həyata keçirən, belə nəhəng binalarda tikinti və şəhərsalma normalarının uyğunluğunu yoxlaya bilən, irad və təkliflərini bildirə bilən şəxsdir. İHB-də əsasən müavinlərin icra etdiyi "Fövqəladə hallar komissiyası" da var ki, bu səlahiyyətlərin icrası da cənab Arif Qasımovun birbaşa tabeliyindədir.

Xatırlayırsınızsa, 2015-ci ilin mayında Bakının Binəqədi rayonunda, Azadlıq prospektində 16 mərtəbəli yaşayış binası da yanmışdı və insanların ölümünə səbəb olmuşdu. Yanğına səbəb kimi də binanın penoplas üzlüyü göstərilmişdi. Yanğından sonra ölkə rəhbərinin tapşırığı əsasında ölkə üzrə bütün binalarda yanar üzlüklərə qadağa qoyulmuşdu. Lakin, nədənsə Arif Qasımov ötən illər ərzində "Diqlas"-ın yanar üzlüyünün dəyişdirilməsinə səy göstərməmişdir. Bu arqument xırda nöqsan kimi görünə bilər, amma, başçının "TM"-ə münasibətində sərgilədiyi loyallığa "NİYƏ?" sualını da yaradır. Cavabı: "Nizami rayonu ərazisində yanar üzlüyü hələ də özündə saxlayan xeyli sayda "Diqlas"lar var. İHB yanğına qarşı həssas durumu bəzi maddi maraqların müqabilində görməzlikdən gəlir. Bundan başqa, əldə etdiyimiz məlumata görə, Arif Qasımov "Diqlas"ı kurasiya edən bir "xozeyin"lə yamanca isti münasibətdədir".

"Diqlas" Mahmudovlarındır, yoxsa? - Arif Qasımova yaxın olan saytlar hansı məqsədə Şahmar Vəliyevin adını "TM"-ə şərikli biri kimi çəkib?

"DİQLAS"-ın külündə eşələndikcə, maraqlı və təkzibedilməz faktlarla, ziddiyyətli və maraqlı informasiyalarla rastlaşmaq olar.

Olay günü və ertəsi elektron KİV-lərdə yayılan xəbərlərə görə, "Diqlas" TM sabiq MTN şefi Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur və 2010-cu ildə təsis edilib. Təbii ki, söhbət rəsmi sənədləşmədən gedir.

Özəl mənbədən "Demokratik.Az"-a ötürülən bilgiyə görə, yanğından dərhal sonra, elektron KİV-lərdə Anar Mahmudovun adının hallanması sabiq MTN şefini və bir çoxlarını xeyli narahat edib. İctimai fikri əsas hədəfdən yayındırmaq üçün isə, müxtəlif cəhdlər edilib. 

Bu barədə "Yeni Müsavat" yazmışdı ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (Seria - MA № 0072763 saylı) Çıxarışına görə, "Diqlas”ın tək sahibi Anar Mahmudovdur.

Lakin bunun ardından, Nizami rayon İHB-nin başçısı Arif Qasımovla çox yaxın olduğu deyilən bir sayt yeni versiya ilə çıxış edərək yazıb ki, "Dİqlas"-ın yarısı Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin və hərbi prokuror Xanlar Vəliyevin qardaşı, iş adamı Şahmar Vəliyevindir. Və "TM"-nin yarımidarəçisi kimi tanınan Rasim Məmmədov da məhz Vəliyevin adamıdır. 

Aldığımız bilgilərə inansaq, ölkədə iş adamı kimi tanınan Şahmar Vəliyevin "Diqlas"ın səhmlərinə hansısa sahibliyi yoxdur. Sadəcə, obyektə şərik kimi adıkeçən Rasim Məmmədovla dostluq münasibətləri var və "Diqlas"-da icarəyə götürdüyü mağazalarda əsasən xaricdən gətirdiyi çeşidli tikinti materialları satdırırmış.

Bu olayda sahibkar deyil, məhz mülkiyyətçi qiyafəsində Şahmar Vəliyevin adının çəkilməsi isə təsadüfdən daha çox sifarişə bənzəyir. Maraqlısı isə budur ki, bu cür çaşdırıcı xəbərlər Nizami İHB-nin birinci şəxsinə yaxın adamların - həmyerlilərinin saytlarında işıq üzü görüb. Bütün başqa izlər də dezinformasiyanı məhz Arif Qasımova doğru aparır.

İllər əvvəl icra başçısının dəbdəbəli və analoqsuz bahalı bir kresloda əyləşdiyini yəqin ki, xatırlayırsınız. Media həmin mövzuya da həssaslız göstərmişdi. Lakin, sual etməmişdi ki, Arif Qasımova kral kreslosunu kim və niyə alıb?

"Demokratik.Az"-ın yeni əldə etdiyi məlumatlarda o da deyilir ki, bu kreslo başçıya məhz "Diqlas"-ın həmsahibi Araz Rəhimov tərəfindən hədiyyə edilibmiş.

Adıçəkilən sahibkar başçının ən yaxın dostlarından biridir.

Təsadüfi deyildi ki, yanğının sabahı icra başçısı ilə paralel olaraq zərərçəkmiş sahibkarların qarşısına "Diqlas" yetkililərindən yalnız Araz Rəhimov çıxıb və arendatorları sakitləşdirməyə çalışıb. Hətta, çıxışında bildirib ki, xaricə əməliyyat olunmağa getsə də, hadisəyə görə dərhal Bakıya qayıdıb.

Böyük ehtimal, icra başçısı dostunun da köməyilə həssas məqamda özlərinə qarşı stabilliyi birbaşa ünsiyyətlə ram etməyə məcbur olublar. 

Araz Rəhimov: "elə bilin ki, sizin malınız, mənim də evim yanıb.." - deyə insanları şikayətlənməməyə, sakitləşməyə çağırıb. 


Mənbəmiz bildirir ki, Araz Rəhimovun açıqlama verməsinə və xaricdən dərhal geri qayıtmasına səbəb, icra başçısının real tələbləri olub.

Videomaterialdan da görünür ki, Araz Rəhimov çıxışında açıq bildirib: "Həyat elə gətirdi ki, "Diqlas" iki hissəyə bölündü və iki hissədə idarə etməyə başladıq..." - və sair...

"Diqlas"-ın niyə və hansı şəraitdə ikiyə bölünməsi barədə daha səhih məlumatlara isə bizlər hələlik sahib deyilik. Fəqət, əgər yanmış "TM" təsisçiliklə Anar Mahmudovun adına rəsmiləşibsə, obyektin idarəçiliyi isə ikiyə bölünübsə, onda Araz Rəhimov kimi təmsil edir? Özünümü, yoxsa Sabiq MTN şefinin oğlu Anar Mahmudovu? "Diqlas"ın "X" şərikləri bəs, kimlərdir?

Bundan başqa, adıçəkilən üzü görünməyən digər idarəçi Rasim Məmmədov kimdir? O da təmsilçidir, yoxsa, real şəriklərdən biridir?

Belə anlaşılır ki, bu sualların cavabı icra başçısı Arif Qasımova da yaxşı bəllidir. Yoxsa, Nizami İHB-yə yaxınlığı ilə seçilən xəyalpərəst jurnalist zümrələri yanğının sabahı olay ətrafında analogiya apararaq MTN-in sabiq naziri ilə hər zaman düşmən mövqeyində dayanmış Vəliyevləri gündəm etməzdi.

"Diqlas"ın yanması ilə Gəncənin icra başçısına atılan gülləni eyniləşdirmək, Mingəçevir ES-də baş verən təxribat və ya nasazlıqla bir tutmaq, yanğını hansısa klanlararası qisas adlandırıb şərhlər etmək zatən yersiz görünürdü. Sifariş deyildisə...    

"DİQLAS" yanğınından çıxan tüstülü müəmmalar əslində bütün ölkəni bürüyə bildi. Buna görə, Nizami rayonunun birinci adamı Arif Qasımov da öz geniş HESABATını verməlidir!

Biz də məmnuniyyətlə dinləyib dərc etməyə hazırıq... 

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər