Şəhidimiz dəfn edildi (VİDEO)

  • 01 fev 2015, 19:34
Yanvarın 31-i Xocavənd rayonu ərazisində, erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində bir əsgərimiz şəhid olub. Silahli Qüvvələrimizin şəhid olan hərbi qulluqçusu, əsgər Eşqin Rəhim oğlu Allahverdiyev bu gün uğrunda canından keçdiyi torpağa tapşırılıb.

ANS TV-nin məlumatına görə, cəbhənin Xocavənd rayonu ərazisində, Erməni Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində şəhid olan ordumuzun 19 yaşlı əsgəri Eşqin Rahim oğlu Allahverdiyev bu gün doğulduğu Şəkinin Böyük Dəhnə kəndində son dəfə gəldiyi evində böyük təntənə ilə qarşılandı.

Şəhidlə vidalaşmaq üçün həmkəndliləri, rayon rəsmiləri, müdafiə nazirliyinin və hərbi hissənin heyəti, oxuduğu orta məktəbin kollektivi də daxil olmaqla böyük insan izdihami toplanmişdı. Eşqin Allahverdiyevin xatirəsinə ehtiram üçün gənclər əllərində üçrəngli milli bayraqlarımızı dalğalandırırdı.

Ötən ilin iyul ayında hərbi xidmətə gedən Eşqini itirmək nə qədər üzücü olsa da, onun şəhidlik zirvəsinə yüksələrək vətənini ucaltması və şərəfli ölümü qürurla səsləndirildi.

Daha sonra böyük insan axınının müşaiyətilə son mənzilə yola salınmaq üçün şəhidin cənazəsi kəndin Şəhidlər xiyabanına aparıldı. Dəfn mərasimində şəhidin babası Musa Allahverdiyev Müdafiə Nazirliyi adından ölkəmizin üçrəngli bayrağı təqdim olundu.

"Nəvəm həlak olmayıb, 9 milyon əhalinin ürəyində yaşayır", deyə şəhidimizn babası bildirdi.

Torpağa tapşırılan an isə şəhidin şərəfinə yaylım atəşi açıldı.

Şəhid Eşqin Allahverdiyev bu gün uğrunda öldüyü torpağa tapşırıldı.

Allah rəhmət eləsin!


Mənbə
ANS TV: Xatirə Əkbərova
Oxşar xəbərlər