Azərbaycan Xocalı üçün ayaqlandı - İlham Əliyevlə böyük yürüş
Soyqırım qurbanlarının xatirəsi anıldı; Xocalı sakinləri başlarına gətirilən müsibətlərdən danışdılar
20-ci əsrin ən dəhşətli qətliamının - Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirildi. Ötən illərlə müqayisədə bu yürüş daha izdihamlı oldu və on minlərlə insanı əhatə etdi.
Yürüşdə prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ön sırada iştirak ediblər. President. az saytı xəbər verir ki, paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub.
Ön sırada prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları ümumxalq yürüşünün iştirakçıları qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkilləri, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırıma beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlar və transparantlar tutublar. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyvanlarında "Dünya Xocalı soyqırımını tanımalıdır!”, "Xocalıya ədalət!”, "Xocalını unutmayın!”, "Rədd olsun erməni faşizmi!”, "Xocalı - XX əsrin soyqırımı”, "Cinayətkarlar cəzasız qalmayacaqlar!”, "Xocalı soyqırımı - 27 il”, "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, "Xocalı - sözün bitdiyi yer”, "Viran edilən Xocalı yenidən dirçələcək” və s. şüarlar nümayiş etdirilib.
Xocalı soyqırımı qurbanlarının abidəsinin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülüb.
Prezident İlham Əliyev Xocalı soyqırımını əks etdirən "Ana harayı” abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva, baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva abidənin önünə tər güllər qoyublar.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzüblər.
Ümumxalq yürüşündə Rusiyadan gələn nümayəndə heyəti də iştirak edib. Prezident İlham Əliyev Rusiyadan gələn nümayəndə heyəti ilə görüşüb və söhbət edib.
Daha sonra "Ana harayı” abidəsinin önünə insan axını günün sonuna qədər davam edib. Fevralın 26-da günboyu ictimai şəxslər, deputatlar, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, siyasi partiyalar, sadə vətəndaşlar abidə önünə gələrək, Xocalı soyqırımının qurbanlarınıı anıblar. Onu da qeyd edək ki, minlərlə insanın qatıldığı Xocalı yürüşünün maneəsiz davam etməsi üçün bu il xüsusi hərəkət trayektoriyası müəyyən edilib.
Hər kəs "Ana harayı” abidəsinin ətrafında dövr edib, əllərindəki qərənfilləri abidənin qarşısında nəzərdə tutulan yerə qoyublar. Abidənin yaxınlığına, Xocalı şəhidlərinin adları yazılan lövhənin qarşısına yalnız şəhidlərin ailə üzvləri və jurnalistlər buraxılıb.
Xocalıda yaxınlarını itirənlər bu abidənin qarşısına güllər düzüb, öz acılarını bu cür ovudublar.
Xocalı soyqırımının yaşandığı gecə atasını itirən Qəmər Bayramova "Yeni Müsavat”a bildirdi ki, həmin gecə yaşadıqları heç zaman xatirindən çıxmır: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya hücuma keçdilər. Əli yalın insanların üzərinə silahla gəlirdilər. Xocalıda bütün evləri yandırıb, qabaqlarına çıxanı güllələyirdilər. Kişilər çalışırdılar ki, ailələrini, qadın və uşaqları kənddən çıxarsınlar, özləri isə ermənilərin hücumunun qarşısını alsınlar. Biz də ailədə 8 bacı, 1 qardaş idik. Atam Talış Bayramov bizi Ağdama yola saldı, özü isə Xocalıda qaldı. Ermənilər arxadan bizi atəşə tutmuşdular. Atam dedi ki, siz sürətlə gedin, mən burada qalıram. Söylədi ki, elə gedin ki, sizi vursalar mən görməyim, məni öldürsələr siz görməyəsiniz. Atamın dediyi kimi biz Ağdama gəldik. Atamın isə meyiti də tapılmadı. Bu gün onun qəbri də yoxdur ki, gedib ziyarət edək. Yalnız bizi ovunduran bu abidədir. Təkcə atam deyil, kişi qohumlarımın əksəriyyəti Xocalıda itkin düşdü. Gəlinimin bacısı hamilə idi, hadisə günü meşədə qaldı. Özü yeriməyə çətinlik çəkirdi, atası isə nə qədər axtardı, onu tapa bilmədi. Qarda gəzdiyi üçün atasının ayağı donmuşdu, barmaqlarını kəsdilər. Həmin günü hər birimizə ermənilər dəhşətli faciə yaşatdılar”.
Əsədova Könül Asif qızı isə bildirdi ki, onun qardaşı Yalçın Əsədov hadisə günü itkin düşüb: "Qardaşım döyüşçü idi. Ağdamda yaşayıb, Xocalıda könüllülər dəstəsində döyüşürdü. Bizdə olan məlumata görə, döyüşçülər mülki geyimdə olublar və çalışıblar ki, əhalini qorusunlar, kənddən çıxarsınlar. Lakin anası erməni, atası azərbaycanlı olan Lalə adında bir qadın ermənilərə xəbər verib ki, bu adamlar döyüşçüdürlər. Ermənilər də qardaşımı əsir götürüblər. Sonradan isə onun barəsində heç bir xəbər ala bilməmişik. Qardaşım itkin şəhid sayılır”.
Xocalı sakini Fatma İsmayılova söylədi ki, ermənilər onun qardaşının başını kəsiblər: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər törətdikləri qırğınları xatırlamaq mənim üçün çox çətin və ağırdır. 27 il keçməsinə baxmayaraq, hələ də bu hadisələri ürəkağrısı ilə xatırlayıram. Həmin gecə ermənilər mənfur niyyətlərini həyata keçirdilər və xocalılılara misli görünməmiş divan tutdular. Mən onların dinc və günahsız insanları necə vəhşicəsinə qətlə yetirdiklərini öz gözlərimlə gördüm. Xocalı polis şöbəsinin əməkdaşı olan 25 yaşlı qardaşımı əsir götürən erməni silahlıları ona ağır işgəncələr verib qollarını qırdıqdan sonra başını kəsiblər. Bu gün qardaşımın ailəsində üzünü görə bilmədiyi övladı böyüyür. Xocalı soyqırımı insanlığa və bəşəriyyətə qarşı cinayətdir. Ancaq buna baxmayaraq, çox təəssüf ki, Xocalı faciəsini törədən cinayətkarlar hələ də lazımi cəzalarını almayıblar. Dünyadan bu soyqırımı törədənlərə hüquqi cəzanın verilməsini tələb edirik”.
Xocalı şəhidlərinin xatirəsini anmaq üçün xarici diplomatik nümayəndələr də "Ana harayı” abidəsinə yürüş edirdilər. Abidənin yanında jurnalistlərə açıqlama verən Türkiyənin Bakıdakı səfiri Erkan Özoral bildirib ki, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir: "Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmamalıdır. Türkiyə hər zaman Azərbaycanın yanında dayanmalıdır ki, bir daha belə faciə yaşanmasın, kimlərsə buna cəsarət etməsin. Türkiyənin əksər şəhərlərində Xocalı ilə bağlı anım tədbirləri keçirilir. Azərbaycanın işğal altında olan torpaqları azad edilməyincə, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmayınca, biz də rahat olmayacayıq”.
Əli RAİS,
"Yeni Müsavat”
