ADAU Prezident İlham Əliyevin sərəncamı ilə bağlı toplandı

  • 02 fev 2019, 18:41

Ölkə rəhbərinin 01 fevral 2019-cu il tarixli Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında Sərəncamı təhsil müəssisəsində böyük ruh yüksəkliyi ilə qarşılanıb. "Demokratik.Az"-a Universitetdən verilən xəbərə görə, bununla əlaqədar toplantı keçirilib.

 

Toplantıda ADAU rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında Sərəncam imzalayıb,  bu Sərəncama əsasən korpusun tikintisi və avadanlıqlarla təchizatı üçün Kənd Təsərrüfatı Nazirliyinə 14 milyon 245 min manat vəsait ayrılıb. Dövlətimizin başçısı bütün ölkəni yenidən qurur deyən rektor onu da əlavə edib ki,  indi Azərbaycanın hər bölgəsi gözəlləşir, abadlaşır, müasirləşir, dünyanın ən inkişaf etmiş, stabil diyarlarından birinə çevrilir. Bu konteksdə Aqrar universitetin inkişafı bir nümunədir. Təkcə 2016-2017-ci illərdə universitetimiz üçün 2 yeddi mərtəbəli, hər birində 514 tələbənin yaşadığı tələbə evinin tikintisi və istifadəyə verilməsi ölkə rəhbərinin aqrar gəncliyə ən böyük töhfəsidir. Xoşbəxtlik ondadır ki, hər iki tələbə evinin açılışında möhtərəm cənab Prezident iştirak edib, açılışı bildirən qırmızı lenti kəsib. Bu il yeni bir texniki peşə məktəbinin də tikintisi üçün vəsait ayrılıb. Son illər dövlət rəhbərinin göstərişlərinə uyğun müasir bir universitetin qurulması faktdir. Bu gün Aqrar universitet nəinki MDB məkanında, eləcə də Şərqi Avropada bütün mənalarda irəlidə gedən universitetlərdən biridir, daha çox isə birincisidir. Qazanılan bütün bu uğurlarda minnətdarlığın tək ünvanı möhtərəm cənab Prezidentdir.  Xalq Prezidentini sevir. Özünün və dövlətinin taleyini məhz cənab Prezidentə etibar edir. Biz hələ çox onilliklər cənab Prezidentin rəhbərliyi altında yeni Azərbaycan quruculuğunu davam etdirəcəyik.

Tədbirdə iştirak edən professor-müəllim və tələbə heyətinin nümayəndələri  çıxış edərək universitetə daha bir qayğıya görə ölkə başçısına dərin minnətdarlığını, aqrar sahənin innovativ inkişafı naminə daha əzmlə çalışacaqlarını bildiriblər.

Toplantıda ölkə Prezidentinə müraciət qəbul olunub.

Redaksiyadan: Bildirək ki, son illərdə Azərbaycanın yeganə aqrar təhsil ocağı olan ADAU-ya 100 milyonlarla manat dövlət vəsaiti ayrılıb. Universitet qeyri-neft sektorunun inkişafı istiqamətində peşəkar kadrların hazırlanmasını həyata keçirir. Universitetin fəaliyyəti Təhsil və Kənd Təsərrüfatı Nazirliklərinin nəzarəti altında həyata keçirilir.

Demokratik.Az


Oxşar xəbərlər