Xəbər lenti
Bütün xəbərlər

Daxili işlər nazirinin müavini köçkünlərə pul yardımı aparıb

  • 28 dek 2014, 15:27
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində - dekabrın 26-da daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyevin başçılığı ilə Nazirliyin nümayəndələri Sabirabad rayonunda, bir gün sonra, dekabrın 27-də isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüb.

Polis general-mayoru İsmət Əliyev respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbriklərini və xoş arzularını doğma yurd-yerlərindən didəgrin düşmüş insanlara çatdırıb.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıb, bu yöndə adı çəkilən rayonda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsinə və problemlərinin həllinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığına görə Nazirliyin rəhbərliyinə təşəkkür edib.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər göstərilən daimi diqqət və qayğıya görə ölkə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.  

Daha sonra daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları vəsaitin 40 min manatı Sabirabadda, qalan 24 min manatı isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış qaçqın və məcburi köçkün soydaşlarımıza təqdim olunub.

Oxşar xəbərlər