Bakıda Cümhuriyyət bayramı coşqusu - FOTOSESSİYA, VİDEO

  • 28 may 2018, 17:39

Bu gün Azərbaycanda Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü qeyd olunur.

Musavat.com xəbər verir ki, bu günlə bağlı paytaxt Bakının mərkəzi küçələrində əllərində üçrəngli bayrağımızı tutan ölkə vətəndaşları böyük coşqu ilə Cumhuriyyət qurucularını anıb, müxtəlif şüarlar səsləndiriblər.

Səhər saatlarında prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni milli bayram - Respublika Günü münasibətilə ziyarət edib.

Dövlət başçısı abidənin önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra isə sadə vətəndaşlar, müxtəlif partiya funksionerləri, ictimai şəxslər abidənin önünə gələrək, Cümhuriyyət qurucularını anıblar. Bir qrup ziyarətçi abidəni ziyarət etdikdən sonra "İstiqlaliyyət" küçəsi ilə yürüş edərək, Bulvar ərazisinə istiqamət götürüblər. Onlar "Rəsulzadə", "Azərbaycan" şüarlarını səsləndiriblər. Lakin ərazidə xidmət aparan polislər onlara Bulvar ərazisinə keçməyə icazə verməyib.

Bakının Nizami küçəsi boyunca da üçrəngli barağa bürünmüş vətəndaşlar yürüşlər edib, Cümhuriyyət coşqusu yaşayıblar.

Məlumat üçün onu da qeyd edək ki, 100 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilir.

Bu gün həmçinin Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq. Belə ki, saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);

- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);

- Fəvvarələr meydanında;

- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;

- Zərifə Əliyeva parkında;

- Zabitlər parkında.













 

Əli Rais,
Musavat.com,
Fotolar və video müəllifindir.

 

Oxşar xəbərlər