MM Heydər Əliyevin 95 illiyi ilə bağlı xüsusi iclas keçirdi

  • 11 may 2018, 08:37

Vitse-spiker çıxış etməyən deputatlara səsləndi: "Nədən çəkinirsiniz, sosial şəbəkələrdənmi?”

Mayın 10-da Milli Məclis mərhum prezident Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş xüsusi iclasını keçirdi. İclası açıq elan edən spiker Oqtay Əsədov əvvəlcə məruzə ilə çıxış etdi.

Parlament sədri sabiq prezidentin keçdiyi yoldan bəhs edərək, bir sıra məqamlara toxundu: "Ulu öndərin 1969-cu və 1993-cü ildə hakimiyyətə gəlişi ölkəmizin və xalqımızın çox ağır sınaqlara çəkildiyi dövrlərə təsadüf edib” deyən parlament sədri H.Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərdində gördüyü işlərdən danışıb. Spiker dedi ki, H.Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə bir çox vacib sahələrdə, o cümlədən hərbi sahələrdə ciddi addımlar atılıb.

O.Əsədov dedi ki, H.Əliyevin sovet rəhbərliyindəki vəzifəsindən istefaya getməsindən sonra Azərbaycana qarşı faciəvi hadisələr başladı. "Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ilin 18 oktyabrında elan olunsa da, əsl müstəqillik 1993-cü ilin 15 iyunundan başlanır” deyə, sədr əlavə edib. O.Əsədov H.Əliyevin parlamentə 4 ay rəhbərlik etdiyini də xatırladıb və o hadisələrə qısa ekskurs edib. Həmçinin H.Əliyevin dövründə reallaşdırılan nəhəng iqtisadi layihələrdən, neft-qaz müqavilələrindən danışıb. O bildirdi ki, Heydər Əliyevin hakimiyyəti dövründə bir sıra təhsil ocaqları yaradılıb, çoxlu sayda gənclər oxumaq üçün Rusiyanın müxtəlif təhsil ocaqlarına göndərilib: "İmperiya dövründə Azərbaycanın müstəqilliyi üçün möhkəm zəmin yaradıldı. O, ölkəmizə qarşı düşmənçilik mövqeyi tutanlara qarşı ən böyük maneə idi”.

O. Əsədov dedi ki, Heydər Əliyevin sovet hakimiyyətindən vəzifədən uzaqlaşdırılması Azərbaycana qarşı hazırlanan məkrli planın ilk addımı idi. Spikerin sözlərinə görə, 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətin səriştəsizliyi ölkəni uçuruma sürükləyirdi: "Lakin ümumilli liderin fəaliyyəti nəticəsində Azərbaycan üçün hazırlanan ssenari həyata keçmədi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini qoruyub saxlamaq mümkün olmasa da, ulu öndərin fəaliyyəti nəticəsində Azərbaycanın müasir müstəqilliyini qoruyub saxlamaq mümkün oldu. Ulu öndərin böyük siyasətə qayıdışı onun Ali Sovetə sədr seçilməsi ilə başlandı. Ölkənin ictimai-siyasi həyatı üçün çox böyük əhəmiyyəti olan bir sıra qərarlar qəbul edib.1993-2003-cü illərdə onun həyata keçirdiyi işlər öz miqyasına görə insanı heyrətə gətirir. Ulu öndər Azərbaycanda böhranın qarşısını almaqla yanaşı, vətəndaş müharibəsinin də qarşısını almış oldu. Cəbhə xəttində atəşkəs elan olundu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar sülh danışıqlarına başlanıldı, ölkə daxilində ictimai-siyasi sabitlik təmin olundu. Neft strategiyasının həyata keçirilməsi üçün şərait yaradıldı, Azərbaycana milyardlarla dollar investisiya qoyuldu. Neft sənayesinin dirçəlməsi, qeyri-neft sektorunun inkişafına şərait yaratdı. Bazar iqtisadiyyatı bərqərar oldu. Ölkəmiz ardıcıl inkişaf yoluna qədəm qoydu, dünyanın bir çox ölkələri ilə dostluq münasibətləri quruldu”.

Spiker qeyd etdi ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə hüquqi-demokratik dövlət quruculuğu üçün bütün əsaslar yaradılıb: "Bu siyasi kurs prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. 

Əsədov bildirdi ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzedilməz və unudulmazdır. "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün bölgədə və dünyada söz sahibidir. Dövlət başçısının dediyi kimi, Azərbaycan bu gün tam mənada müstəqil siyasət aparır, öz siyasətində yalnız Azərbaycan xalqına arxalanır”.

"Heydər Əliyevə xəyanət edənlər heç zaman xeyir tapmayıblar, bəzən heç çörək də tapmayıblar. Heç onların adını çəkmək istəmirəm”.

Bunu isə deputat Zahid Oruc dedi. O bildirdi ki, onun aləmində Heydər Əliyevin şəxsiyyətində olan insanların yalnız doğum günü var, ölüm günü yoxdur. Deputat dedi ki, bu gün həm də dövlət müstəqilliyimizin yubileyidir: "Heydər Əliyevin şəxsi həyatı olubmu? Mənim aləmimdə yox. Onun bütün həyatından danışanda ancaq Azərbaycanla bağlı məqamlara rast gəlirik. Heydər Əliyev dövlət müstəqilliyimizi xilas etdiyinə görə həm də dövlət müstəqilliyimizin yubileyidir. Çünki Cümhuriyyətin əldə etdiyi müstəqilliyi Heydər Əliyev bərpa edib. Nə saxta tərif, nə də qərəzli hücumlar Heydər Əliyevdən heç nə apara bilməz. Heydər Əliyev öz sistemi olan adam idi. Onu fəaliyyəti dövründə qarabaqara izləyənlər olub. Meksikada ona qarşı kampaniya aparıblar, heykəli götürülüb. Lakin Heydər Əliyevin obrazı qalıb. Demək, Heydər Əliyevin gücü heykəllərdə deyil. Onun ürəklərdə ucalan heykəli əbədi qalacaq. Onun şəxsiyyətinin miqyası Azərbaycan sərhədlərindən böyükdür. Heydər Əliyevə xəyanət edənlərin heç biri uğur qazana bilmədi, bəzən çörək də tapmadı. Heydər Əliyevin siyasi hakimiyyəti hər zaman hakimiyyətdə olacaq, ola bilər, prezidentin soyadı Əliyev olmayacaq, amma onun kursu hər zaman hakimiyyətdə olacaq. Hesab edirəm ki, İlham Əliyev onun təkcə bioloji övladı deyil, ideoloji varisidir. İlham Əliyevin bir çox hallarda həyata keçirdiyi addımlara baxanda 57 yaşlı Heydər Əliyevi görürük”.

Z.Oruc bildirdi ki, H.Əliyevin yolu nə zaman qırılıbsa, Azərbaycan da bundan ziyan çəkib: "1987-93-cü illər buna misaldır. Ona görə Heydər Əliyevin siyasi xətti həmişə hakimiyyətdə olacaq. Ola bilər prezidentin soyadı Əliyev olmasın, amma Heydər Əliyev kursu həmişə hakimiyyətdə olacaq”.

Deputatlar Fəzail Ağamalı, Gövhər Baxşəliyeva, Rəfael Hüseynov da H.Əliyevin xidmətlərindən bəhs etdilər. R.Hüseynov H.Əliyevin 1982-ci ildə Hüseyn Cavidin nəşini Sibirdən Azərbaycana qaytarmasını xüsusi qeyd etdi. "Heydər Əliyev Cavidi Azərbaycana qaytarmaqla həm də Azərbaycanın mənliyini özünə qaytardı”-deyə, bildirdi.

Deputat Aqiyə Naxçıvanlı Heydər Əliyevin müasir Azərbaycanın ideoloji əsaslarını yaratdığını dedi.

Xüsusi iclasda çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov dedi ki, Heydər Əliyevin aramızda olmadığını qəbul edə, hətta bu barədə düşünə də bilmir: "Heydər Əliyev böyük azərbaycanlı idi. O, Azərbaycan xalqının nə düşündüyünü, məişətindən tutmuş, bütün qayğılarını əzbərdən bilən, ədalətli bir insan idi. Ona görə də həmişə sosial ədalət prinsipi ilə yaşayırdı və heç vaxt ədalətsizliyə yol vermirdi. Baxmayaraq ki, ona qarşı həm Moskvada, həm Bakıda böyük haqsızlıqlar olmuşdu, amma o, bağışlayan idi”. S.Novruzov Məclisdə çıxış edənlərə təşəkkür etsə də, ardınca maraqlı bir eyham vurdu: "Kaş bu çıxışlardan iki-üçü 90-cı illərdə olardı, bir qəzet məqaləsi verilərdi, o da təskinlik tapardı. Heydər Əliyev ziyalılara çağırış etmişdi, Naxçıvana dəvət etmişdi, ancaq vaxtilə onun ad verdiyi insanlar bu çağırışa səs vermədilər. Heydər Əliyevi ağrıdan o idi ki, vaxtilə çörək verdikləri bu məclisdə onun üzünə dururdu”. Deputat ardınca bildirdi: "Partiya yaratmaqla bağlı zənglərə, müraciətlərə cavabında Heydər Əliyev deyirdi ki, mən bir dəfə partiya yaratdım, o partiya mənə naxələf çıxdı, ona görə ikinci partiyaya ehtiyac yoxdur. Amma sonra yaratdığı YAP bütün regionda ən güclü partiyaya çevrildi. Burada oturanların hamısının üzərində Heydər Əliyevin haqqı var. Bizim borcumuz , onun siyasi varisinə dəstək olmaqdır”.

Deputat Elmira Axundova isə 90-cı illərin əvvəllərində, Naxçıvanda deputat həmkarı İsa Həbibbəyli ilə birgə Heydər Əliyevlə görüşünü xatırladı. Bildirdi ki, Heydər Əliyev tezliklə imperiyanın dağılacağını deyirmiş: Mən Heydər Əliyevə baxırdım və düzünü desəm, onun proqnozlarına inanmırdım. Amma çox keçmədi ki, onun proqnozları özünü doğrultdu".

Deputat Azay Quliyev bildirdi ki, H.Əliyev Cümhuriyyət qurucularının 100 il bundan əvvəl qurduğu dövlətə sahib çıxdı. Həmçinin qeyd etdi ki, o, hakimiyyətə sivil yolla gəlməyin modelini ortaya qoydu, Azərbaycanın Suriyaya və Liviyaya çevrilməsinə imkan vermədi.

Deputat Nizami Səfərov Dədə Qorqud eposunu sovet hökumətinin qadağan etdiyini söylədi. Bildirdi ki, H.Əliyev Dədə Qorqud eposunun nəşri ilə bağlı qərar verməklə bu qadağanı aradan qaldırdı və eposu xalqa qaytardı: "Heydər Əliyev Azərbaycan dilini dünyanın ən mötəbər tribunasından, BMT tribunasından səsləndirdi”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Heydər Əliyevin elm və təhsilə xüsusi diqqət yetirdiyini söylədi: "Heydər Əliyevin SSRİ dövründə Moskvaya oxumağa göndərdiyi gənclərin içərisində mən də var idim. Bu gün Azərbaycanda elmi məktəblərin əksəriyyətinin rəhbəri məhz Heydər Əliyevin SSRİ-nin müxtəlif şəhərlərinə oxumağa göndərdiyi insanlar, yaxud o insanların tələbələridir”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov 1995-ci ildə qəbul edilən konstitusiyanın hüquqi və demokratik cəmiyyət quruculuğunun əsasını qoyduğunu nəzərə çatdırdı. Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlardan söz açan Z. Əsgərov bu il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrinin Azərbaycan xalqının Heydər Əliyev siyasətinin davamına və inkişafa səs verdiyini göstərdiyini söylədi.

Deputat Aydın Hüseynov isə H.Əliyevi böyük filosof, dövlət adamı olaraq xarakterizə etdi, onun keçdiyi həyat yolundan danışdı. "1969-cu ildən indiyə qədər Azərbaycanın bütün uğurları Heydər Əliyevin adı ilə bağlıdır”. A.Hüseynov Azərbaycanın istənilən bir rayonuna H.Əliyevin adının verilməsini təklif etdi.

Deputat Məlahət İbrahimqızı H.Əliyevin Azərbaycan dilini qoruduğunu xüsusi vurğuladı. Həmçinin ədiblərimizin yubileylərinin beynəlxalq səviyyədə keçirilməsi istiqamətində atdığı addımlardan bəhs etdi. M.İbrahimqızı təklif etdi ki,  Prezident yanında Dövlət İdarəçilik Akademiyasına H.Əliyevin adı verilsin.

Vitse-spiker Bahar Muradova da iclasda çıxış etdi. "Bax, elə burada Heydər Əliyevin peyğəmbərcəsinə dediyi sözlər bir daha öz təsdiqini tapır: ”Nə qədər Azərbaycan var, mən daimi olacağam". Dünyasını dəyişməsindən 15 il keçib, amma o, yenə də var və olacaq". B.Muradova dedi ki, H.Əliyevi vaxtilə tənqid edənlər elə bu salonda əyləşiblər: "Ötən 15 il ərzində onlar Heydər Əliyev şəxsiyyətinin kim olduğunu anlamağa başladılar”.

Vitse-spiker vaxtilə H.Əliyevə müxalifətçilik etmiş deputatlara xitabən onların iclasda çıxışa yazılmamasından təəssüfünü ifadə etdi: "Nədən çəkindiniz? Sosial şəbəkələrdənmi? Hesab edirəm ki, böyük şəxsiyyət haqqında, hətta özünü təkzib etdiyin halda belə, ürək sözünü söyləmək lazımdır”.

İclasın sonunda H.Əliyevlə bağlı film nümayiş olundu./mənbə - Y.M/

Demokratik.Az

Oxşar xəbərlər