Aslan İsmayılov Eldar Əzizovu təhqir etdi

  • 10 may 2018, 22:57
Xeyli vaxtdır aqressiv davranışları ilə diqqəti çəkən, "Facebook” səhifəsi üzərindən konkret şəxsləri hədəfə götürən, əksər hallarda təhqir dilindən istifadə edən hüquqşünas Aslan İsmayılov, bu gün, əminliklə demək olar ki, əndazəni aşaraq, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yolverilməz, əxlaqdan kənar üsulla hücum edib.

A.İsmayılovun təhrikçi, hədə və təhqir dolu açıqlamaları, "Facebook” statusları adi hal alıb. Bu hallar o dərəcədə adiləşib ki, artıq onun hücum etdiyi şəxslərin əksəriyyəti heç reaksiya belə vermirlər. Görünür biraz da bu səbəbdəndir ki, Aslan İsmayılov bir qədər də irəli gedərək artıq qırmızı cizgini də tapdamağa, Eldar Əzizova ailə üzərindən hücum etməyə başlayıb.

A.İsmayılovun bugünkü "Facebook” statusundan oxuyuruq: "Təxminən 3-4 ay bundan əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəhərin mərkəz hissəsində geniş zeytunluq bağı salmaq üçün boş sahə istəyir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov onun ərazisində bunun üçün ideal yer olduğunu deyib, saldığım parkın ərazisini nişan verir. L.Əliyevanın tapşırığı ilə bir nəfər gənc adam həmin əraziyə gəlir və orada əkilən Xan Çinarlarını görüb, təəccüblə bildirir ki, axı burada ağaclar əkilib. Ona israrla bu ərazinin onlar üçün ayrıldığını bildirib əlavə edirlər ki, bu ağacları hakimiyyətin düşməni Aslan İsmayılov əkib. Həmin insan kimin əkməsindən asılı olmayaraq bu gözəlliyə əl vurmaq olmaz deyib həmin ərazini tərk edir. Bildiyim qədər Leyla Əliyevaya məruzə edildikdən sonra həmin əraziyə bir daha gəlmirlər. İndi təsəvvür edirsinizmi, əraziyə gələn gənc oğlan Eldar Əzizov xislətli olsa, oradakı ağaclar barədə heç kimə heç nə deməsə, nələr baş verərdi? Öz ailəsinə sahib durmağa ağlı çatmayan birisinin hiyləgərlikdə hansı bacarığının olduğunu gördünüzmü?”

Bu qədər açıq və əxlaqdankənar təhqirdən, məsuliyyətsizlikdən sonra başabəla hüquqşünas utanmadan əlavə edir: "Ola bilsin son cümləyə görə sonra peşman olacam, çünki həyatım boyu istənilən halda ailə söhbətindən istifadənin əleyhinə olmuşam. Parka qulluq edən bağbanın sığındığı budkanın ərazidən götürülməsinə, parkın Səbail İcra Hakimiyyəti tərəfindən salınması kimi həyasız bəyanata sussam da, sonuncu addıma susa bilmədim”.

Göründüyü kimi, sonuncu fikirləri ilə A.İsmayılov özü də etiraf edir ki, əndazəni aşır – qarşı tərəfə əxlaqa zidd və kişiyə yaraşmayan üsulla hücum edir.

Bəs bu adamı belə hərəkətlərə vadar edən nədir? Cəzasızlıq, psixoloji nasazlıq, yoxsa nə? Bu suala cavab vermək çətindir…

AzPolitika.info

Oxşar xəbərlər