Heydər Əliyevin 95 illiyi necə qeyd olunur...

  • 08 may 2018, 08:15

Eks-prezidentın yubileyi ilə bağlı ağacəkmə aksiyaları təşkil edilir

Mayın 10-da mərhum prezident Heydər Əliyevin 95 illik yubileyidir. Bu gün münasibətilə artıq indidən bir çox dövlət müəssisələrində tədbirlər keçirilir, mərhum prezidentin xatirəsi anılır.

Bir sıra tədris ocaqlarında artıq Heydər Əliyevin xatirəsinə həsr olunan yaradıcılıq sərgiləri keçirilib.

Eləcə də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə müxtəlif yerlərdə ötən həftədən etibarən tədbirlər təşkil olunur.

Mayın 7-də Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Daxili Qoşunların Baş İdarəsində də təntənəli mərasim keçirilib. Tədbirə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Leyla Hüseynova fəxri qonaq qismində dəvət olunub.

Həmçinin eyni tarixdə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda şuranın sədri Azay Quliyev, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov və digər ictimai şəxslər iştirak ediblər. Tədbir iştirakçıları Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan üçün gördüyü işlərdən danışıblar.

Mayın 7-də Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə mərhum prezidentin Azərbaycanın Əməkdar Rəssamı Sakit Məmmədov tərəfindən çəkilən portretinin təqdimatı olub.

Bütün bu kimi tədbirlər 10 may tarixinə qədər davam edəcək. Lakin bir məsələ də var ki, illərdir ki, Bakıda mərhum prezidentin doğum günü ərəfəsində Gül bayramı təşkil olunur, Heydər Əliyev Sarayının qarşısında xaricdən gətirilmiş müxtəlif növ güllərdən düzəldilən çələnglər sərgilənirdi. Sadə vətəndaşlar, məmurlar 10 may tarixində park ərazisinə yollanıb, güllərə tamaşa edirdilər. Bu ənənə 2000-ci ildən etibarən hər il mayın 10-da Bakının sabiq meri Hacıbala Abutalıbovun təşəbbüsü əsasında baş tuturdu.

Əvvəlki illərdə Bakıda, Heydər Əliyev Sarayının qarşısında və "Qış bulvarı”nda keçirilən bayram hazırlıqları aprelin sonundan başlayırdı. Hacıbala Abutalıbovun göstərişi ilə müxtəlif dekorasiyalar qurulur, xarici ölkələrdən al-əlvan güllər gətirilirdi.

Səhər saatlarından başlayan bayram tədbirlərinə axşam atəşfəşanlıqla yekun vurulurdu. Ötən il bayram ənənəvi formada qeyd olunmadı. Sadəcə olaraq, iməclik formasında bəzi işlər görüldü.  2016-cı ildə isə Gül bayramı prezident İlham Əliyevin göstərişi ilə keçirilmədi. Belə ki, dövlət başçısı tədbirin keçiriləcəyi vaxtın "Aprel şəhidləri”nin 40 mərasiminə düşdüyünü nəzərə alaraq, bayramın ləğvi haqda göstəriş vermişdi.

Öyrəndik ki, əslində bu il də Heydər Əliyevin adını anaraq, müxtəlif yerlərdə ağacəkmə aksiyaları təşkil olunur. Məsələn, mayın 6-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) IDEA İctimai Birliyi ilə birlikdə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçiriblər. Aksiya agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin birinci məhəlləsinin ərazisində təşkil olunub.

 

 

Aksiya zamanı ərazidə Eldar şamı, çinar, zeytun ağacları və bəzək kollarından ibarət yüzdən çox bitki əkilib, onlara qulluq göstərilib, yaşıllıq zonasının sahəsində təmizlik və abadlaşdırma işləri aparılıb.

Öyrəndik ki,  ümumilikdə əvvəlki qaydada Gül bayramının keçirilməsi nəzərdə tutulmur.

Bakı Şəhər İcra Hakimiyyətinin  mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova da modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, Gül bayramına hazırlıqla bağlı şöbəyə hər hansı məlumat daxil olmayıb:

"Hər halda, tədbir nəzərdə tutulsaydı, hazırlıq işləri başlayardı”.

"Yeni Müsavat”

Oxşar xəbərlər