ƏHMƏD HARADADIR? - Göygöl Melioratorları bu suala cavab TAPDI

  • 04 iyun 2018, 09:26

GÖYGÖL SSİ-NİN MƏSULİYYƏTSİZ VƏ OYUNBAZ RƏİSİ ƏHMƏDƏ GÜVƏNİR, AMMA RƏHBƏRİ ƏHMƏDZADƏ ƏHMƏDƏ YOX, BAŞQASINA...

VƏ O BAŞQASI DA "AZƏRBAYCAN" QƏZETİNİN ƏN QOCAMAN ƏMƏKDAŞI, BU QƏZETİN UZUN MÜDDƏT QƏRB BÖLGƏSİ ÜZRƏ TƏMSİLÇİSİ OLMUŞ, TANINMIŞ JURNALİST ƏHMƏD İSAYEVDİR. FAKTİKİ OLARAQ GÖYGÖL SSİ-Nİ QEYRİ-RƏSMİ QAYDADA ADIÇƏKİLƏN JURNALİST KURASİYA EDİR, İDARƏ MÜDİRİ İLQAR MƏHƏRRƏMOV İSƏ ÖZÜNÜ LAP BAMBILI KİMİ APARIR... 

Göygöl Suvarma Sistemləri İdarəsindən "Demokratik.Az" saytına maraqlı və ŞOKEDİCİ məlumatlar daxil olub. Mənbənin sözlərinə görə, idarədə anarxiya və özbaşınalıq hökm sürür, kollektiv arasında ciddi narazılıqlar var. Bu ünvanda işçilər Əhməd Əhmədzadə ciddiliyini hiss etmir, idarə kommersiya müəssisəsi kimi işlədilir. Bunlara səbəb isə, idarə rəisi İlqar Məhərrəmovun özbaşınalıqları və öz işinə yönəltdiyi şəxsi davranışlarıdır.

Əldə etdiyimiz məlumatda bildirilir ki, idarə rəisinin hərəkətləri reallıqda bütün Azərbaycanı bürümüş korrupsioner və rüşvətxor məmurların obrazı ilə paralellik təşkil etsə də, həm də ölkə rəhbərliyi tərəfindən ən sayğılı kadrlardan olan, qocaman meliorator Əhməd Əhmədzadənin şəxsinə qarşı hörmətsizliyin daha bir göstəricisidir. Elə internet üzərindən axtarış edərkən belə aydın olur ki, "Meliorasiya ASC"-nin tabeliyindəki əksər idarə rəisləri sanki qocaman rəhbərlərinin dövlət yanındakı hörmət və ehtiramını xərcləməklə, idarənin maddi resurslarını talan etməklə, bölgələrdəki əkin sahələrinin suvarılmasına lazımi töhfələr vermək əvəzinə, sanki vacib meliorativ tədbirlərin tormozlanması işini həyata keçirirlər. Vicdanlı melioratorlara görə bu bağışlanmaz xəyanətdir. Amma qeyd edək ki, ortadakı bəzi sayğısızlıq da, anarxiya da məhz Əhmədzadənin özünün loyallığından, bəzi kadr seçimini dost-aşnasının ixtiyarına buraxmasından doğub. Necə ki, ASC rəhbərinin illər əvvəl bir jurnalist adaşına (Əhməd İsayevə-red) jesti ilə Göygöl SSİ-yə müdir qoyulan" İlqar Məhərrəmov adlı bir maşın alverçisinin, bir yarıtmazın hoqqaları ortaya çıxır...

Necə ki, Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi illərdir Əhməd Əhmədzadənin deyil, jurnalist Əhməd İsayevin kadrı olduğunu, dolayısı ilə sonuncunun sudaşıyanı olduğunu əməli nümayiş etdirir...

Bəs necə olub ki, Göygöl SSİ bir jurnalistin təsiri altındadır?...

Elmar Vəliyevin qovduğu Əhmədə Əhmədzadə niyə və necə sahib çıxıb?!...

"Demokratik.Az"-ın əldə etdiyi bilgiyə görə, Elmar Vəliyevin Gəncəyə başçı təyinatından sonra sabiq şəhər rəhbəri Eldar Əzizovun yaxın adamları kimi "ələkdən keçənlər" listəsində "Azərbaycan" qəzetinin bölgə müxbiri Əhməd İsayevin də adı ilk sıralarda olub. Və bu tanınmış personaya qarşı yeni icra başçısı tərəfindən atılan radikal addımların real əsasları mövcud olub.

Mənbənin bildirdiyinə görə, Əhməd İsayevə qarşı "dağıdıcı islahat projesi" Elmar Vəliyevin ilk ümumşəhər iclaslarında onun ünvanına səsləndirdiyi tənqidlərlə başlayıb. İlk qalmaqala səbəb, jurnalistin Gəncənin ən perspektivli yerlərində hektarlarla torpağa sahib olması olub.

Məlumata görə, Elmar Vəliyev şəhərin "Yeni Beynəlxalq Avtovağzal" kimi bir neçə iri layihələrini reallaşdırmaq üçün şəhərin dövlət fond torpaqlarına nəzər salarkən müəyyən edib ki, Eldar Əzizovun sərəncamları hesabına bir sıra lazımlı ərazi qocaman jurnalistin adınadır. Ona görə də sələfinin sərəncamlarını ləğv etməklə bərabər, toplantıların birində Gəncə qubernatoru belə bir mesaj verib. "..Mən bu şəhərdə hansı daşı qaldırıramsa, altından Əhməd İsayevin adı çıxır. Məyər jurnalistin bu qədər də torpağı olar? Eldar Əzizov ucdantutma sərəncamla torpaqları həmyerlisinə verib. Hamısı ləğv olunacaq..".

Bu arada mühüm bir məqamı da xatırladaq ki, Əhməd İsayevin tənələrə tuş gəlməsi üçün daha böyük səhvi də ortada idi. O, illər əvvəl məqalələrinin birində dahi Nizami Gəncəvinin Gəncədən yox, Qaxın Qum kəndindən olduğunu yazmağa cəsarət etmişdi. Nizami yurdunda yaşayıb, suyunu içib çörəyini yeyib də yaradıcılığında aşıladığı "Gəncəsevərliyini" böyük sual altına almışdı. Elmar Vəliyev isə haqlı olaraq bu bilgidən jurnalistə "antigəncəli" qiyafəsi biçə bilmişdi, bu əməlilə Nizami Gəncəvini Gəncədən Qaxa - öz yurduna "calayan" birisinə öz yerini göstərmişdi...   

Uzun-uzadı bu mətləbi qurcalamadan nəticəni xatırladaq ki, ölkənin ən güclü icra başçılarından biri sayılan Elmar Vəliyevlə jurnalist arasındakı qarşıdurma "Azərbaycan" qəzetinin bölgə müxbirinin başqası ilə əvəz olunmasına gətirib çıxarmışdı. Nəticədə başçıya uduzan İsayev hektarlarla "qiymətli" torpaq sahələri ilə birgə, Gəncədə öz əzəmətli media postunu da itirməyə məhkum olmuşdu.

Bildirilir ki, jurnalist də öz növbəsində əlindəkiləri itirməmək üçün bir xeyli çaba göstərib, lakin nəticəni dəyişə bilməyib. Həmin ərəfədə yaxın dostunun və yerlisinin sıxışdırıldığını görən Əhməd Əhmədzadə dövrəyə girib, barışdırıcı rol oynayıb. Qələm adamına sahib çıxan baş meliorator gözlənilməz jest edib VƏ...

Göygöl SSİ-nin "qazancı" və kadr seçimi qocaman jurnalistə peşkəş edilib... 

"Demokratik.Az"- a verilən məlumata görə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə Elmar Vəliyevin hörmət və ehtiramla münasibətdə olduğu iri məmurlardan biridir. Hətta, icra başçısı Gəncəyə gələn kimi məmurlarla tanışlıq zamanı Gəncə meliorasiya idarəsinin rəisinin kim olduğunu özəlliklə soruşub. Lakin biləndə ki, Gəncədə bu idarə yoxdur; çox təəssüf edib və Əhmədzadəyə hörmətini dilə gətirib.

Yuxarıda da qeyd edildiyi kimi, adıçəkilən yazar "vurulduqdan" sonra Əhmədzadə öz adaşına Göygöl SSİ-də ayrıca otaq ayıraraq, idarənin kurasiya edilməsini ona həvalə edib. Həmin vaxt Əhmədzadəyə xainlik edən və aşkar söyən keçmiş müdir Namaz Quliyev işdən çıxarıldığından, jurnalistin təqdimatı ilə İlqar Məhərrəmov idarənin sənəd üzərində faktiki rəisi təyin olunub.

Beləcə, sonradan bilinəcəkdi ki, sələfi ilə yaxın qohum olan və idarənin uzun illər baş mühəndisi çalışan İ.Məhərrəmov çoxdan müdirlik iddiasında olmuşdu. Və o da bilinəcəkdi ki, bu istəyinə nail olmaq üçün o, öz qohumu Namaz Quliyevin qocaman rəhbərinə bir neçə söyüş nitqini səsyazma edərək başqa adamların əli ilə ASC rəhbərinə ötürmüşdü...

Saytımıza bu barədə ətraflı danışan Göygöl melioratorları deyir ki, İlqar Məhərrəmovun rəis olmasını birbaşa jurnalist Əhməd İsayevə borcludur. Deyilənə görə neçə illərdir ki, İlqar Məhərrəmov sövdələşməyə sadiq qalaraq hər ay Üçtəpə bələdiyyə sədrinə məxsus "Alik" petroldan idarə hesabına Əhməd İsayevin övladlarının və özünün maşınına 200-300 litr benzin yanacağı "bağışlayır". Bundan əlavə, indiyədək bir dəfə də olsun işə gəlməsə də, jurnalistin Bəxtiyar adlı oğlu illərdir ki, havayıca maaş alır. Əhməd İsayevin özü isə, deyilən qalmaqaldan bu yana, Göygöl SSİ-nin bir otağını "Azərbaycan"qəzeti redaksiyasına çevirib. Jurnalist istədiyi vaxt idarənin bütün işlərində söz sahibliyi edir, idarədə "ölü canlar" listəsi də, çirkli pul yuyulması işləri də onun nəzarətindədir. İdarə müdirinin hər il verdiyi formal hesabatların Əhmədzadə şəxsində qəbulu və Göygöl SSİ-nin fəaliyyətinin yalandan tərif olunması da Əhməd babaların hesabına reallaşır. Artıq o da aydın olur ki, mətbuat səhifələrində bu idarədəki nöqsanlara dair yazılanların çürüdülməsi və ASC-də saya salınmaması bəstəboyu müdafiə edənin işidir...

İdarənin resursları talanır, texnikalar şəxsi diqtələrlə işləyir...

Əhmədlər biabırçılıqları durduracaqmı?..

Hələlik qəti bir söz söyləmək mümkündür. Nə Əhmədzadə özü, nə də adaş arkadaşı adıkeçən SSİ-də heç bir anormallığı durdurmaq fikrində deyillər. Gəncənin icra başçısı Elmar Vəliyevin təsir gücünün minimum həddə olması başadüşülən olsa da, Göygöl xanı Arif Seyidovun da seyirci olması, özünü qələmiqırıq məmur kimi aparması yalnız təəssüf doğurur...

"Demokratik.Az" saytı olaraq Göygöl SSİ-də alaqlaşan talançılığa, hoqqabaz müdirin maxinasiyalarına diqqət çəkməyə çalışsaq da, Meliorasiya ASC-nin başbilənləri mövqelərini susmaqla ifadə etməkdədir. Hesab edirik ki, aidiyyatı qurumlar tərəfindən bu idarənin maliyyə məsələlərindən tutmuş, yalan hesabatlar xatirinə son illərdə görülən və dəyəri milyonlarla ölçülən tender layihələrinin, Gəncə çayı ətrafında guya sel və daşqınlara qarşı bəndbərkitmə işlərinin təftişinə ehtiyac var. İdarədə aşkar mənimsəmələr və israfetmə halları yetərincədir.

Rəsmi açıqlamalarda, bu idarənin balansında Gəncə şəhəri də daxil olmaqla, (Gəncə və Göygöldə ayrıca subartezian idarəsi yoxdur və bu işləri Göygöl SSİ həyata keçirir - O.N) təxminən 250 subartezian quyusunun mövcudluğu qeyd edilir. Hansı ki, araşdırılası olsa ortaya çıxar ki, bu artezianlardan xeyli sayda hissəsi idarə tərəfindən deyil, fərdi sahibkarların vəsaiti hesabına başa gəlib. Sadəcə olaraq İdarə rəisi müəyyən maxinasiyalarını həyata keçirmək üçün əvvəlki idarə müdiri Namaz Quliyev kimi, artezian sayının süni artırılması yolunu seçib. Bu yolla dövlət tərəfindən həmin artezianlara ayrılan illik elektrik enerjisinin limitini, ayrılan vəsaitin miqdarının şişirdilməsini təşkil edib. Orta hesabla bu artezianlara büdcədən yarım milyona yaxın pul ayrılır və bu da dərindən təhlil edilməlidir. Təkcə Gəncə şəhərində elə arteziana rast gəlmək olar ki, illərdir sıradan çıxıb, amma elektrik limiti yazılır. Artezian suyundan stifadə edənlər İlqar Məhərrəmovun qeyri-stabil qeafikinə tabedir. Əhalidən paradoksal olaraq enerji haqqı da yığılır. İmkanlı sahibkar artezian sifariş verəndə 15 min manata başa gəlir ki, bunun da əsl maya dəyəri, dövlətin dəstəyi nədir, bilən yoxdur... 

İdarənin balansında olan texnikalardan, ayrılan yağ-sürtgü materiallarından, yanacaqdan - ümumi inventarlaşdırmadan danışmağa belə dəyməz. Buradakı müasir traktorlara yaxşıca haqq qoyulub, şəxsi mənfəət naminə işləməyən sürücü tapmazsan.

Məlumata görə, traktorların əksəriyyəti İlqar Məhərrəmov tərəfindən arendaya verilib, günəmuzd işlər-qazıntılar həyata keçirir. Göygöl İHB-nin sifarişləri istisna olmaqla, SSİ-nin müasir texnikaları dövlət əhəmiyyətli hansısa işə cəlb olunmur.

Bütün bunlar ayrı-ayrılıqda araşdırma mövzusudur. Amma otağında Əhmədzadəyə bahalı balıqlar saxlayan, Arif Seyidovun və Elmar Vəliyevin barəsində danoslar gəzdirən bir idarə müdirindən kiməsə bir fayda gözləmək olmaz.

Göygöl SSİ-nin yeni binası necə tikilib?..

Korrupsiyanı gizlətmək üçün smeta dəyəri, podratçı tərəf haqqında heç bir məlumat verilmir...

Bircə İlqar Məhərrəmovun icadı görünür - daş hörgü əvəzinə şüşəli məkan...

Daha bir fakta diqqət çəkək. Hazırda sözügedən idarənin yeni binası da görənlərdə maraq doğurur. İşçilər deyir ki, yeni binanın tikintisində hər şey İlqar Məhərrəmovun zövqünə uyğunlaşdırılıb. Müdir binada nəyi necə istəyibsə elə də inşa etdirib. Memar olmasaq da bu binanın restovrasiyasında, tikiliş maneralarında bir şəxsin zövqü ilə müasir inzibati binalara dair tikinti qaydalarına tüpürüldüyünü söyləyə bilərik. Bina dörd bir yandan daşla deyil, şüşə ilə yığılıb. İçərisində də tavan və döşəmə istisna, hər şey şüşədəndir. Binanın içərisinə daxil olduqda adam özünü akvariumun içinə girmiş kimi hiss edir. Görünür zehniyyətində bol su xəyalları qurmuş İ.Məhərrəmov bu yolla özünü şüuraltı olaraq boğulmaqdan izolyasiya edib. Amma cənab Əhmədzadə bu çertyoju niyə bəyənib, buraya nə qədər vəsait ayrılıb, xərclənib, bu işləri özləri bilir. Bu binanın ərsəyə gəlməsində də ətrafa kəskin korrupsiya qoxusu yayılıb...

Sonda naümid olsaq da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sayqıdəyər rəhbərinə səslənirik: - Heç bir qurumunuzu özünüzdən başqa Əhmədlərə, İlqarlara həvalə etməyin! Yoxsa, Azərbaycanımızda su istəyən cırtdanlar divniyyətli melioratorların "xəlbir oyunu"na hələ çox tamaşa edəcək.

Göygöldə isə, torpaq becərən və son illər yayın qızmarında su tapmayan kəndlilərin halına artıq acıyın. İlqar Məhərrəmov ötən ili çuğundur əkməklə yola verdi, soruşun görək, 10 hektarlarla torpaqda özünə bu il nə əkib, camaatı susuz qoyacaq?

El arasında yaxşı ki, mövzuya uyğun bir qarğış da var. Desəm öldürərlər, deməsəm ölləm: - LƏNƏT YEZİDƏ...

Osman Nərimanoğlu

"Demokratik.Az" bu yazıda bir ilkə də imza atır. Cənab Əhməd Əhmədzadədən başqa, yazıda adıkeçən heç kimin söz haqqını tanımadığını bəyan edir! Hesab edirik ki, cəmiyyətimizə və dövlətimizə qarşı bəd əməl törədənlər söz haqqını çoxdan itirib.

HƏR BİR HALDA, KİV HAQQINDA QANUNA ƏSASƏN REDAKSİYA QARŞI TƏRƏF OLAN HƏR KƏSİN MÖVQEYİNİ DƏRC ETMƏYƏ HAZIRDIR! 

 

"Demokratik.Az" 





Oxşar xəbərlər