Əhəd Abıyev kürd "Diplomat" - da təbliğat aparır?

  • 09 apr 2018, 14:48

    

Daşkəsənin qalmaqallı icra başçısının olduqca ilginç və qaranlıq media təbliğatı diqqətimizi çəkib.

"Demokratik.Az" Əhəd Abıyevin son illər Daşkəsəndə görülən işləri "Diplomat" qəzetində də ictimailəşdirdiyini üzə çıxarıb. Aldığımız məlumata görə, qəzetin baş redaktoru, kürd əsilli Tahir Süleymanla dostluq münasibətində olan sabiq deputat rayonda keçirilən tədbirləri məhz bu qəzet vasitəsilə də tirajlamasına nədənsə xüsusi maraq göstərib.

"Diplomat"ın hər il dərc etdiyi xüsusi buraxılışlarda da Əhəd Abıyev isminə rast gəlinir. Qəzetin təkcə builki müxtəlif saylarında Daşkəsəndə keçirilən Xocalı tədbiri, eləcə də növbədənkənar prezident seçkilərinə dair toplantı manşet seçilib. Bu isə heç təsadüfə oxşamır... 

Xatırladaq ki, bu qəzet ölkəmizdə kürdcə nəşr edilən və etnik azlıqların - kürdlərin qəzeti sayılır. Qəzet bir neçə səhifəsində materialları kürdcə çap edir və 15 ildən artıqdır ki, həftəlik dövriyyədə fəaliyyət göstərir.

Ölkənin yerli mətbuatı dəfələrlə "Diplomat"ın etnik separatizmlə məşğul olması kimi ciddi iddialarla çıxış edib. Qəzetin sahibi isə illərdir sərbəst şəkildə İraqa gedərək, orada yaradılan Bərzani iqtidarı ilə görüşlər keçirib, öz qəzetində kürd liderlərdən aldığı müxtəlif səpkili müsahibələri dərc edib. Hətta, kürd redaktor ötən illərdəki bəyanatlarında Şimali İraq ərazisində yaradılmış kürd muxtariyyətində planlaşdırılan referendum qərarını da dəstəkləməsi ilə gündəmə gəlib. Bu qəzet barədə cənab Abıyevin özünün də kifayət qədər məlumatlı olması dəqiqdir.

"Demokratik.Az"a verilən məlumata görə, bu günlərdə Tahir Süleymanla "Rojhat Laçın" adlı kürd gənclər təşkilatının sədri Nicat Cəbrayılov Daşkəsəndə Abıyevin xüsusi qonağı olublar. Sonuncu adıçəkilən təşkilat rəhbərinin isə, PKK sevdalısı olduğu deyilir. Xatırladaq ki, hələ illər əvvəl N.Cəbrayılov Azərbaycanda PKK-ya qarşı danışan deputatların və digər siyasi fiqurların üstünə şığıyaraq onlardan PKK-ya qarşı çıxışlarını durdurmalarını tələb edib. Bu barədə yerli mediada çoxlu sayda yazılara rast gəlinir. 

Əlavə məlumat üçün bildirək ki, Abıyev özü dəfələrlə milliyyətcə kürd olmasını dövriyyəyə buraxıb. Lakin onun əslən Masallıdan olması və milliyyətcə də talış olması kimi deyimlər də var. Özünün açıqlamasına görə isə, Abıyevlər İranın Ərdəbil vilayətindəndir və baba şəcərəsi də əslən türkdür.

"Demokratik.Az" məlumatı dəqiqləşdirmək və qarşı tərəfin məsələyə münasibətini öyrənmək məqsədilə Daşkəsən İHB-nin elektron poçtuna məktub göndərib. Rəsmi yazılı cavab almasaq da Əhəd Abıyev şəxsən saytımızla telefon əlaqəsi yaradaraq iddiaların əsassız olduğunu, nə "Diplomat" qəzetini nə də Tahir Süleymanı yaxından tanımadığını bildirib.

İcra başçısı "Demokratik.Az"a açıqlamasında deyib ki, adıçəkilən şəxsləri ötən il rayon ərazisində baş qaldıran torpaq qalmaqallarından sonra tanıyıb və həmin qəzetdə rayon tədbirlərinin işıqlandırılmasından xəbərsizdir.

P.S - Bizə görə bir sual açıq qalır. Axı necə olur ki, Daşkəsənin tədbirləri durmadan "Diplomat"ın səhifələrini bəzəyib? Əhəd Abıyev bu işə maraqsızdırsa, Tahir Süleyman niyə onu təbliğ etsin ki?... Axı, Əhəd Abıyev rayon tədbirlərinin işıqlandırılmasını rəsmi dövlət qəzetərində işıqlandıra biləcək qədər nüfuza sahibdir. İcra başçısını sizcə separatçılıqla məşğul olan bir qəzetlə, belə bir KİV rəhbərliyi ilə konkret nə bağlayır?

Diqqət çəkən daha mühüm bir məqam isə, vikipediada Əhəd Abıyev barədə yer alan məlumatlarda onun kürd olmasının xüsusilə qeyd edilməsidir.

Bizə görə, milli mənsubiyyət kiməsə ayrıseçkilik tanımır və azərbaycançılıq, dövlətçilik naminə bu ölkədə yaşayıb fəaliyyət göstərən hər kəs birliyimizin və həmrəyliyimizin ayrılmaz parçasıdır. Sadə vətəndaşlar da, məmurlar da ölkəmizdə milli mənsubiyyətinə görə deyil, əməlinə görə müzakirə olunur. Təbii ki, Əhəd Abıyevin də milli mənsubiyyətinə sayqı ilə yanaşırıq! 

Mövzu diqətimizdədir. 

Əlavə məlumat verəcəyik.

Demokratik.Az

    

Oxşar xəbərlər