DİREKTORLAR YALAN DANIŞIR?- Gəncədəki şagird ölümünə dair çətin SUALLAR
Xəbər verildiyi kimi, fevralın 13-də Gəncədə qətl hadisəsi baş verib. Şəhərin Tağı Arani küçəsində, İmperial" şadlıq sarayının yaxınlığında, mübahisə zəminində şagird şagirdi bıçaqla ürəyindən vuraraq qətlə yetirib.
Rəsmi açıqlamaya görə, qətli törədən şəxs Gəncə şəhər Mircəlal Paşayev adına 39 saylı orta məktəbin rus bölməsinin 10-cu sinif şagirdi Tağıyev Tural İsmayıl oğludur. Hadisədə həyatını itirən şagird isə şəhərin 42 saylı orta məktəbinin Azərbaycan dili bölməsinin 11 A sinif şagirdi Bağırov Elnur Həsən oğludur. Hər ikisi Gəncə şəhər sakinləridir. "Demokratik.Az" qanlı olayın detallarını araşdırıb. Məlumata görə, hadisədən bir neçə gün əvvəl tərəflər arasında mübahisə düşüb və "haqq-hesab" günü saat 12-oo radələrində hadisə yerində başqa şagirdlər də olub. Davanın görüntüsü yaxınlıqdakı mağazanın kamerasına da düşüb. Şəhər sakinlərinin dilində dolaşan iddialara görə, öldürülən şagird həmin gün söhbətə çağırılıb, "söhbətinə" isə əvvəllər oxuduğu M.Ə. Sabir adına 5 saylı orta məktəbdən və 42 saylı məktəbdən olan dostlarını dəvət edib. Yayılan söz-söhbətlərə inansaq, qarşı tərəfin də 10-15 şagirddən ibarət dəstəsi olub və 39 saylı məktəbin şagirdləri hadisə yerinə sonuncu dərs saatlarından yayınaraq gedə biliblər. Bu iddanı qəbul etsək, belə bir mənzərə ortaya çıxır ki, 10-larla şagird dərs saatlarında adıçəkilən məktəblərdən qaçıb bir yerə toplanıblar. Bu versiya ətrafında hesab edirik ki, həm prokurorluq orqanı, eləcə də Təhsil nazirliyi obyektiv araşdırma aparmalı, olayın məktəblərdəki tədris prosesinə aid hissəsinə real hüquqi qiymət verilməlidir. Lakin, məktəbin direktorlarının həmin gün KİV-ə oxşar açıqlamaları olayın təfərrüatı barədə bu kimi iddiaları bəri başdan nəinki təkzib edir, əvəzində direktorların səmimiyyəti ilə bir sıra mətləblərə də özü aydınlıq gətirir. Hər iki direktor şagirdlərinin dərsə gəlmədiyini jurnal yoxlaması ilə, müəllimlərin dili ilə sanki isbata çalışır.
Direktor N.Rzayevin dediklərindən SİTAT: -"O, (Tağıyev Tural-red) bu gün dərsə gəlməyib. Müəllimi bununla bağlı uşağın valideynlərinə zəng etdikdə, onlar övladlarının həvəskar futbolla məşğul olduğunu və yəqin məşqə getdiyini, sonradan isə onun qətl törətdiyini eşitdiklərini bildiriblər".(sitatın sonu)
Direktorun açıqlamasından aydın görünür ki, o, Gəncədə ən öncül məktəblərdən olan, M.C.Paşayev adına 39 saylı orta məktəbdə hər bir şagirdə xüsusi diqqəti önə sürür. N.Rzayev bu açıqlaması ilə bəlkə də kimlərisə inandırmağa çalışır ki, məktəbdə təhsil alan 2000 şagirdin gündəlik dərsə davamiyyəti çox yüksək səviyyədədir və olayın qəhrəmanı da heç vaxt dərsdən qalmırmış. Yəqin, şagirdin dərsdən qaldığı bircə gün olub ki, onda da məlum olayı törədib. Gənc direktorun bu açıqlaması başadüşüləndir və inanırıq ki, bir həftədir seçki məntəqəsinin sədri kimi daha vacib işlərlə məşğul olan Nizami Rzayev özünü əvəz edən müavinini belə günlərdə tək buraxmaz.
Qətlə yetirilən şagird Bağırov Elnur Həsən oğlu barəsində də 42 saylı orta məktəbin direktoru Naidə İsgəndərova oxşar fikirlər açıqlayıb. Xanım direktor mərhum şagirdin son 5 gün ərzində dərsə gəlmədiyini deyib:
SİTAT: -"Ümümiyyətlə davamiyyəti zəif şagird idi. Hər gün olduğu kimi, bu gün də, sinif müəlliməsi evlərinə zəng edib, lakin telefona cavab verən olmayıb. Günorta saatlarında xəstəxanadan məktəbə xəbər gəldi ki, bəs sizin şagird Elnur Bağırovu bıçaqlayaraq öldürüblər. Hazırda biz də hadisənin hansı səbəbdən törədildiyini bilmirik. Sinif yoldaşları onun kiminləsə bir probleminin olduğunu eşitməyiblər. Hər kəs kimi biz də hüquq-mühafizə orqanlarının əməkdaşlarının araşdırmasını gözləyirik ki, səbəbini bilək". Direktor mərhumun iki qardaş olduqlarını, ailənin isə maddi vəziyyətinin aşağı olduğunu əlavə edib. N.İsgəndərovanın sözlərinə görə, E.Bağırov onların məktəbinə 9-cu sinifdən gəlib (buna qədər Gəncə şəhər 5 saylı orta məktəbdə oxuyub-red) və bu illər ərzində kiminləsə mübahisəsi olmayıb.(sitatın sonu)
Açıqlamalardan anlaşılan odur ki, direktorlar bu hadisədə öz məktəblərini məsuliyyətdən yayındırmağa, bütün günahı kənarda axtarmağa çağırış edirlər. Halbuki müəyyən məsələlər gün kimi aydındır.
Hadisənin günorta saatlarında, məhz dərs vaxtı baş verməsi direktorların həyəcanlı və oxşar danışığından da bilinir. Gəncədəki mənbəmizdən aldığımız məlumata görə, direktorları qorxudan təkcə olay saatı, şagirdlərə yazılan "qaib"lər deyil. Ümumiyyətlə Gəncə TŞ bu səbəbə təşvişdədir ki, hadisədə iştirak edən şagirdlər də şahid qismində istintaqa cəlb olunmalıdır. Həm 5 saylı, eləcə də 39 və 42 saylı orta məktəbin direktorları isə izah etməlidirlər ki, həmin zamanda şagirdlər niyə məktəblərində olmayıblar? Şagirdlər bu məktəblərdən asanlıqla necə yayınıblar? Bəlkə bir çoxu ya repititor yanına gedir deyə aylığa buraxılıb? Ya da ümumiyyətlə bu məktəblərdə yaradılan şərait, tədris metodları yuxarı sinif şagirdlərinə müstəqillik verib? Ən maraqlısı, görəsən hadisəyə şahidlik edən şagirdlərdən kimlərə "QAİB" yazılıb? Və şagirdləri dərsə gəlməyən məktəb yetkililəri davamiyyət qeydlərini ağ saxlamaqdan və sonradan yazmaqdan nə vaxt əl çəkəcəklər? Yoxsa, bu ilin fevralında Gəncə məktəblərində ikicə nəfərə qaib yazılıb, o da ölən və öldürəndir? Yaxşı olardı ki, məktəblər öz şagirdlərinə sahib çıxsınlar, onları nə aylığa, nə dərs saatlarında ripititor yanına buraxmasınlar. Yoxsa, direktorlar bədbəxt hadisələr sonucunda hələ çox şagirdə "Qaib" yazmaq məcburiyyətində qalacaq.
Hazırda Gəncə şəhər prokurorluğunda müvafiq maddə üzrə cinayət işi açılıb və qanlı hadisənin bütün detalları dərindən araşdırılır.
Hazırladı: Osman Nərimanoğlu
P.S-Yuxarıdakı mülahizə və faktlar, çətin suallar istintaqın işinə köməklik məqsədilə yayımlanıb. Demokratik.Az mövqe yazısına məmnunluqla yer ayırdığını da bəyan edir!
Demokratik.Az