İlqar Məmmədov müəmması - azadlığa buraxılacağı üç mümkün tarix

  • 27 yan 2018, 12:56

Fevralın 4-də REAL sədrinin həbsinin 5 ili tamam olur

AŞ PA-nın qış sessiyasi artıq geridə qaldı. Azərbaycan üçün bu sessiyanın gözlənildiyinən asan keçdiyini demək mümkündür. Çünki REAL sədri İlqar Məmmədov və digər siyasi məhbuslarla bağlı rəsmi Bakını sessiyada ciddi problemlərin gözlədiyi qeyd olunurdu.

Lakin görünən odur ki, çoxsaylı tələblərə baxmayaraq, Azərbaycan iqtidarı REAL sədrini azad etmədən sessiyada iştirak etdi. Əslinə qalsa, sessiya öncəsi İ.Məmmədovun azadlığa buraxılacağına ümidlər böyük idi, lakin sessiya günü yaxınlaşdıqca ümidlər puç oldu. İndi isə REAL sədri ilə bağlı gedən müzakirələrin əsasını onun nə zaman azadlığa buraxılacağı təşkil edir. Bununla bağlı müxtəlif fikirlər var. Çoxları mart ayında veriləcək əfvlə vicdan məhbusun azad olunacağını, Azərbaycanın apreldə keçiriləcək AŞ PA-nın sessiyasına İ.Məmmədov problemi olmadan yollanacağını düşünür. İ.Məmmədovun maya qədər də həbsdə qala biləcəyi də istisna olunmur. Mayda gözlənilən əfv və ya amnistiya ilə REAL sədrinin azadlığa buraxılacağı ehtimal edilir.

REAL-ın icraçı katibi Natiq Cəfərli bildirdi ki, İlqar Məmmədov nə qədər tez azad olunsa, bu həm ölkə, həm də onun pozulan hüquqlarının bərpası üçün çox önəmli olar: "Artıq fevralın 4-də İlqarın həbsdə olmasının 5 ili tamam olacaq. Avropa Məhkəməsinin iki qərarı var. AŞ PA-nın qış sessiyasından İlqar Məmmədovla bağlı hər hansı bir gözləntilərin olmayacağını təxmin etmək olardı. O mənadakı Avropa Şurası Nazirlər Kabineti dekabrda qərar verib və Azərbaycan hökuməti kommunikasiya başlayıb. Bu kommunikasiyasının getdiyi vaxtda AŞ PA sessiyasında bu məsələnin qaldırılacağını gözləmək doğru olmazdı. Bu kommunikasiya da ən gec halda mart ayına qədər bitməlidir. Həm vəkillər, həm də Azərbaycan hökuməti səviyyəsində bu məsələ ilə bağlı yazılı şəkildə öz fikirlərini Avropa Məhkəməsinə bildirməlidirlər, yəni Avropa Şurası Nazirlər Kabinetinin verdiyi qərar istiqamətində. Çox ehtimal ki, mart ayına qədər kommunikasiya bitəcək. Ondan sonra nəhayət, Nazirlər Kabinetinin son qərarı veriləcək. Ola bilər ki, ya İlqar Məmmədovun vəkilləri, ya da Azərbaycan hökuməti tərəfindən hər hansı bir formada apelyasiya verilsə, etiraz bildirilsə, bu müddət bir az uzana bilər. Amma Avropa Məhkəməsinin iki qərarından sonra belə bir vəziyyətin yaranacağını düşünmürəm. Açığı istəməzdim ki, belə biz vəziyyət yaransın. Qarşıdan önəmli bayramlar gəlir, eyni zamanda, AŞ PA-nın qış sessiyası da yaxınlaşır. Ümid edirik ki, o vaxta qədər kommunikasiya bitəcək, nəhayət İlqar Məmmədov azadlığa çıxacaq, öz ailəsinə, yaxınlarına qovuşacaq, hüquqları da bərpa olunacaq”.

 

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı AŞ PA-nın qış sessiyasının əvvəlkilər kimi bitdiyini qeyd etdi: "İlqar Məmmədov hər kəsin bildiyi kimi əfv ərizəsi heç zaman yazmayacaq. Biz yenidən hər zaman olduğu kimi prezidentə müraciət edəcəyik. Düşünürəm ki, ilin sonuna qədər mütləq İlqar Məmmədovu azad edəcəklər. Sanksiyalar və digər təhdidlərlə deyil, Azərbaycan hökumətinin istəyi ilə o azad olunacaq. İlqar Məmmədov işi artıq çox ictimailəşib, tək ölkə daxilində deyil, həm də xaricdə. Gələn bəyanatlar, tələblər ard-ardadır. Martda İlqar Məmmədov azad olunmasa da, məhkəmə və digər yollarla azad olunacaq”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Oxşar xəbərlər