“Şəki Aqro İndastris” MMC-də DƏRƏBƏYLİK yaxud "Bəylik" pendirində XƏYANƏT izi!

  • 11 dek 2017, 13:52

"Şəki Aqro İndastris”MMC-də PENDİR ÖZBAŞINALIĞI baş qaldırıb.

 


 

"Demokratik.Az”-a "Şəki Aqro İndastris” MMC-nin fəaliyyətində yol verilən ciddi maliyyə maxinasiyaları, eləcə də şirkətdaxili özbaşınalıqlar barədə şokedici məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, hazırda iri heyvandarlıq təsərrüfatına nəzarət funksiyası həyata keçirən bir qrup şəxs qeyri-adi üsullarla "Şəki Aqro İndastris” MMC-ni talayır. Təsərrüfatda özbaşınalıq hökm sürür. 

"Demokratik.Az"a daxil olan məlumatlara əsasən təəssüf hissilə qeyd etmək olar ki, son illərdəki məlum proseslər "Şəki Aqro İndastris” MMC-ni "Dünyamin-Cahangir düyünü”ndən azad etsə də, başqa bir qrupun cənginə təhvil verib. Demək olar ki, illərdir maldarlıq təsərrüfatının idarə olunmasında ənənəvi çirkin üsullardan hələ də istifadə olunur. Şirkət barədə bu günlərdə oxucularımıza geniş yazı təqdim edəcəyik. Hələlik isə şirkətdə həyata keçirilən inanılmaz pendir maxinasiyalarından bəhs edəcəyik.

 


 

Şirkətdə istehsal olunan və ölkədə satışı həyata keçirilən pendir "Bəylik” brendi adı altında məşhurlaşıb. "Demokratik.Az”ın məlumatına görə, son illər bu pendirin hazırlanmasında biabırçılıqlar ayaq açıb. Təsəvvür edin ki, inəklərdən tədarük edilən təbii südün tərkibindən təbii yağı çıxarıb kənara baha qiymətə satışını təmin edirlər.

Yerdə qalan üzsüz südə isə insan sağlamlığına zərərli ola biləcək ucuz "SUN 23” adlı yağ qatılır və bundan sonra əldə olunan məhlulla istehlakçıların təbiiliyinə inanaraq aldığı "Bəylik” pendiri istehsal edilir.

"Şəki Aqro İndastris” MMC-də pendir istehsalında daha dəhşətli cinayət əməlinə də yol verilir. Belə ki, 10-larla xəstə, mastitli və antibiotikli inəklərin südündən də pendir hazırlayaraq, kirli paslı qablarda açıq satış məqsədilə mağazalara ötürülür. Mallar qazellərdə daşınır. Məlumata görə, xəstə pendir satışının həcmi tonlarladır.

FOTOFAKTLARI TƏQDİM EDİRİK:



 Məlumata görə, xəstə pendir satışının həcmi tonlarladır. Maxinasiyalara rəhbərlik edən isə Elçin Mürsəlov adlı şəxsdir.

 

 

Fotodakı Elçin Mürsəlovdur

 

Bəs Elçin Mürsəlov kimdir?

"Demokratik.Az"-ı bu barədə məlumatlandıran mənbənin sözlərinə görə, bu maxinasiyaları həyata keçirən şəxs "Turanbank”ın Marketinq və satış departamentinin direktoru ( Satış üzrə baş direktor-red) Emil Mürsəlovun qardaşıdır. Hazırda maldarlıq təsərrüfatına nəzarəti də "Turanbank” həyata keçirir. Bu səbəbdən illərdir təsərrüfatda meydan sulayan Elçinin adı işçi kimi qeydiyyata alınmadan, özbaşınalıqlarına qeyri-rəsmi şərait yaradılıb. Bu şəxsin əməllərinə isə icraçı direktorun - Elşən Ağalarovun "dur" deməsi mümkünsüz hal alıb. İcraçı direktorun da "Turanbank”ın marionetkası olması iddia olunur.

Aldığımız bilgiyə əsasən, "Şəki Aqro İndastris” MMC-nin hazırki icraçı direktoru Elşən Ağalarov əvvəllər məşhur qəssab olub. Özünə əlaqələr quraraq uzun müddət "Araz” mağazalar şəbəkəsinin ət satışını təmin edib. Bundan başqa, Bakı şəhərində, Binə qəsəbəsində köhnə donuzçuluq fermasının yanında iri ət kəsimi məntəqəsi də Elşən Ağalarovundur. Hazırda rəhbərlik etdiyi təsərrüfatın ətlik heyvanlarını da kəsilməsi üçün Bakıya məhz o özü aparır. Mühüm təsərrüfatın taleyinin niyə məhz bu qəssaba həvalə olunması da aydındır. Onun "Turanbank”ın Marketinq və satış departamentinin direktoru ( Satış üzrə baş direktor-red) Emil Mürsəlovla dostluğu qəssablıqdan direktorluğa təyinatına şərait yarada bilib.

 

 

Emil Mürsəlov - "Turanbank"da vəzifəli şəxs

Göründüyü kimi, ölkə başçısı cənab İlham Əliyevin 2008-ci ildə açılışında iştirak etdiyi mühüm və çox böyük bir fermer təsərrüfatı "Turanbank"dan, Elşən Ağalarovdan və baş maxinator Elçin Mürsəlovdan ibarət "bermud üçbucağı"nın pəncəsində illərdir əziyyət çəkir. Adıçəkilən şəxslər öz maddi maraqları naminə, təsərrüfatdakı ətlik - damazlıq mal-qaranı talamaqla, süd-pendir istehsalında vacib standartları pozmaqla dövlətimizin və əhalinin maldarlıq təsərrüfatına olan böyük ümidlərinə xəyanət edirlər. Bu ünvanda baş qaldıran və müşahidə olunan halların daha böyük miqyas almaması üçün, ölkənin aidiyyatı qurumlarının təcili hərəkətə keçəcəyinə ümid edirik.

Osman Nərimanoğlu

Qarşı tərəfin də söz haqqını tanıdığımızı bəyan edirik!

Mövzu diqqətimizdədir. Araşdırmamız tamamlandıqdan sonra, "Şəki Aqro İndastris” MMC-nin dünəni, bugünü və gələcəyinə dair geniş yazını oxucularımızın diqqətinə çatdıracağıq.


Demokratik.Az

Oxşar xəbərlər