Cahangir Hacıyevin batırdığı Beynəlxalq Bankı dövlət xilas etdi

  • 13 noy 2017, 08:31

İqtisadçı ekspert maliyyə nazirinin optimizmini bölüşmür: "ABB-nin hegemonluq erası artıq bir tarixdir”

Azərbaycan Beynəlxalq Bankı (ABB) dövlət büdcəsi hesabına xilas edildi. Lakin vəziyyətin nə dərəcədə normala düşdüyü və ABB-nin nə zaman özəlləşdirməyə hazır olacağı, dövlət büdcəsinin bundan nə qədər qazanacağı haqqında hələ ki proqnozlar belə yoxdur. Əvəzində ABB bank sektorunda təkrarən yerini möhkəmlətməyə çalışır. Bank kredit məhsullarının müştərilər üçün əlçatan olması özünün əmək haqqı və pensiya kartı sahiblərinə təqdim etdiyi nağd pul kreditinin şərtlərini xeyli asanlaşdırıb.

Kreditin faizi azaldılıb, illik faiz dərəcəsi indi 25%-dən başlanır. Müştərilərə 5000 manata qədər krediti bankdan zaminsiz almaq imkanı yaradılıb.

Son olaraq, maliyyə naziri Samir Şərifov Milli Məclisin komitə iclasında bildirib ki, dövlət büdcəsi hesabına ABB xilas edilməsəydi belə, bank defolt olduğu halda bütün yük dövlətin üzərinə düşəcəkdi: "Burada söhbət ondan gedirdi ki, xarici kreditorlar qarşısında bankın öhdəlikləri yerinə yetirilməli idi. Əks təqdirdə bank defoltla üzləşə bilərdi. Defoltun mənfi nəticələri də aydındır. Belə olacağı təqdirdə, ilk növbədə bu banka qarşı ölkə daxilində xüsusi prosedur açılacaqdı. Bu prosedurda xeyli problemlər əmələ gələcəkdi. Bizim bu bankda şirkətlərin, müştərilərin maraqları təhlükə altına düşə bilərdi. Ona görə hesab edirəm ki, bununla bağlı dövlət tərəfindən düzgün addım atıldı. Yəni dövlət bankın öhdəliklərini öz öhdəlikləri ilə əvəzlədi”.

S.Şərifov bildirib ki, dövlət bankın öhdəliklərini üzərinə götürdü. Bunun nəticəsində ölkənin xarici borcu 2,4 milyard dollar civarında artıb: "Lakin bununla biz o bankdan həmin o yükü götürdük və bu gün bankın reytinqləri yaxşılaşmağa doğru gedir, sabit rejimdə, normal öz fəaliyyətini davam etdirə bilər. Bunun qiyməti dövlət borcunun artmasıdır. Dünya praktikasında başqa yol yoxdur. Biz kreditorlarla görüşdük və onları inandırdıq ki, dövlət bankın öhdəliklərini öz üzərinə götürür. Nəticədə 300 mln. dollara qənaət etdik”.

Bəs görəsən, bütün bunlar bankın vəziyyətinin düzəlməsi üçün kifayət edibmi? Beynəlxalq Bankın üzərindəki təhlükə tam sovuşdumu?

"Yeni Müsavat”a bu sualları cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov qeyd etdi ki, Beynəlxalq Bankın vəziyyəti düzəlməyib: "Əksinə, vəziyyət daha da pisləşib. Məlum olduğu kimi, ABB ötən ili 1 mlrd. manat zərərlə bitirib. Bu il dövlət onun 3 mlrd. manat həcmində borcunu üzərinə götürdü, yəni bank 2 mlrd. manat qabağa düşməli, xalis mənfəətə çıxmalı idi. Lakin bankın 9 aylıq hesabatından görünür ki, bu il cəmi 470 mln. manat xalis mənfəəti var, kapitalı isə ondan azdır - 367 mln. manat. Bəs 2 mlrd. manatlıq xalis hədiyyə hara getdi? Nə tez dağıdıldı?! Bütün bunlar onu göstərir ki, bankın vəziyyəti ağır olaraq qalır və idarəetməsi lazımi səviyyədə deyil. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı da qeyd etmişdim ki, proses çox naşı və savadsız aparılır. Nəticəsi də belə oldu. Bu baxımdan bankın gələn il özəlləşdirilib-özəlləşdirilməməsi ciddi suallar və narahatlıq doğurur. Hər bir halda ABB-nin hegemonluq erası artıq bir tarixdir. Bu bank tədricən liderliyi tam əldən verəcək. Çünki ona etimad sarsılıb”.

Maaş və pensiya kartı həmin bankda olan müştərilərə kreditlərin təklif ediməsinə gəlincə, Ə.Həsənov vurğuladı ki, bu bankın mümkün qədər risksiz kredit vermək istəməsindən xəbər verir: "Məlum olduğu kimi, Azərbaycanda vətəndaş bu halda krediti gecikdirəndə bank borcu kartdan tutur. Bu hüququnu qabaqcadan kredit müqaviləsində təsbit edir. Əslində bu halda borclu olan kart sahibi kartı bağlaya və iş yerindən maaşı digər bank vasitəsi ilə verməyi tələb edə bilər. Qanuna görə, bu halda bank kartı bağlamalı, işəgötürən isə maaşı digər bank vasitəsilə verməlidir. Lakin reallıqda bunu etmirlər. Çünki işəgötürənlə bankın qabaqcadan sövdələşməsi olur. Nəticədə məhkəməsiz-filansız vətəndaşın maaşından borcu tuturlar. Yəni çox asan və primitiv yoldur. ABB bunu edirsə, deməli, həqiqətən də vəziyyəti yaxşı deyil və yalnız belə kredit verməyə qadirdir”.

İqtisadçı onu da vurğuladı ki, bankın borcları büdcə üçün artıq 3 mlrd. yük yaradıb: "Dövlətimiz onu hissə-hissə yaxın illər ərzində verməli olacaq.  Dövlətimiz indiyədək də ABB-yə 10 mlrd. manat xərc çəkib problemli borclarını üzərinə götürüb. Həmin problemli borcları da ”Şapka Mamed"in (Məmməd Musayevin-N.L) rəhbərlik etdiyi "Aqrarkredit” geri qaytara bilmədi. Yalnız bəzi borcluların obyektlərini əllərindən ala bildi və yaxında yeni yaradılmış "Azərbaycan Sənaye Korporasiyası”na ötürəcək. Bir sözlə, kreditlərin çoxu faktiki batdı. ABB sırf büdcə hesabına, xalqın hesabına xilas edildi və hələ də edilir. Amma xalq olaraq bizə hesabat verilmir ki, bu bankı Cahangir Hacıyevdən başqa bu günə kimlər qoydu? Həmin kreditlər kimlərin cibinə getdi? Büdcəmizə bu ağır yük kimlərin ucbatından düşdü? Bir-iki kredit oliqarxının (Nizami Piriyev, İbrahim Nehrəmli və s.) adları çəkildi, amma onların nə qədər borc ödədiyini də bilmədik".

Oxşar xəbərlər