Hər il Aşurada kuryoz olay! yaxud Gəncədə "İMAMZADƏ ədavəti”

  • 09 noy 2017, 13:04

 

AŞURA! Məhərrəm ayının 10-cu günü!

Dini inanclara görə, qosqoca tarix bu günün bir çox əlamətdar hadisəsinə şahid olub. Bunlardan ən dəhşətlisi, İSLAM peyğəmbəriHəzrəti Muhəmməd əleyhissalamın sevimli nəvəsi, İmam Hüseynin və ailə üzvlərinin Kərbəla müsibətində vəhşicəsinə şəhid olduğu gündür.

Kərbəla müsibəti İslam tarixində yeni bir oyanış kimi özünə səhifə açan və əhli-beyt aşiqlərinin hər il andıqları hadisədir. Bəlkə də bu hadisə ŞİƏLİK adı altında müsəlmanları birliyə, haqqın və ədalətin tərəfinə keçməyə örnək olan mühüm (yeganə) qətliam hadisəsidir. Tədadüfi deyildir ki, "Aşuragününün mənəvi və aydınlığı üzərində Kərbəla qaranlığının indi də kəsafəti görülməkdədir.   

Azərbaycanda ŞİƏLİYİN mərkəzi şəhəri sayılan Gəncədədə ənənəvi olaraq AŞURA mərasimləri keçirilir. Hər il İmam Hüseyin aşiqləri İmamzadə ziyarətgahında imam Baqir əleyhissalamın qəbrini ziyarət etməklə, Yezidə, Şimrə lənətlər edir, HAQQA tərəfdar olduqlarını bəyan edirlər. Aşura təkcə inancla bağlı deyil, artıq milli ənənəyə dönüşmüş hadisədir.

Son illərdə ölkənin digər şəhər və rayonlarında rast gəlinməsə də, Gəncədə inanclı insanların İmamzadəyə piyada küçə yürüşünə haqlı qadağa qoyulub. Bu qərarın tətbiqi isə Elmar Vəliyevin Gəncəyə gəlişinə təsadüf edib. Bununla belə, artıq illərdir Aşura ovqatı bu şəhər üçün qeyri-adi hadisələrlə müşaiyət olunub. Polislə dindarlar arasında qarşıdurma olub, ya hansısa məmurlar dini inanca aşkaranə sayqısızlıq göstərib, ya da şəhərin icra başçısı cənab Elmar Vəliyevin dinə qarşı kortəbii müdaxilələri, din xadimi Hacı Tahirlə ədavəti ciddi narahatlıqlar doğurub. Xoşagəlməz olayların baş verməsində elə dindarlar da "az aşın duzu” olmayıb. Yerli KİV-lər isə həm baş verənləri, və bu iki şəxs arasındakı nüfuz savaşını həvəslə tirajlayıb.

Qarşıdurma davam edir?

 

Atəşkəs pozuldumu? 

Bir illik  fasilədən sonra, bu il oktyabrın 1-nə keçən gecə Gəncə "İMAMZADƏ” ziyarətgah kompleksi növbəti biabırçı olaya şahidlik etdi. Məhz Aşura günündə, gecəyarı  minlərlə ziyarətçi öz gözləri ilə dini inanca və əxlaqa sığışmayan daha bir şounu və rüsvayçılığı izlədi. Bu kəs İmamzadədə qan töküldü.

Maraqlıdır ki, ötən illərdəki kimi, builki hadisənin episentrində yenə Hacı Tahirlə icra başçısının adı çəkildi. Bəlkə, də hansısa üçüncü qüvvə işə düşərək bu iki güc arasında qıcıq oyatmağa, dövlətçilik baxımından vacib iki fiquru mütamadi "vuruşdurmağa” çalışanlar yenə "start” düyməsini basmışdı. Bəlkə də olay tam təsadüfdən baş vermişdi. Bəlkə və bəlkə... Bəlkələr çoxdur. Bu kimi müxtəlif iddialar irəli sürülə bilər. Amma icraçılar dəyişsə də, ssenari kriminallaşdırılsa da, hadisənin arxasında yenə hansısamaraqların dayandığı aydın görünür.

Hacı Tahirə sui-qəsd cəhdlərvə ya...

Son illər məhz Aşura ərəfəsində baş verənlərə nəzər salsaq müşahidə edərik ki, Gəncə İmamzadə ziyarətgahı ətrafında cərəyan edən kuryoz hadisələrdə əslində hədəf məhz Hacı Tahir Qarabaği seçilib. Xatırladaq ki, hələ ötən illərdəki olaylarda da - Elmar Vəliyev və din xadimi arasında alovlanan "müharibə”ni Hacı Tahir özünə və həyatına qarşı təhlükə kimi xarakterizə edirdi. Mətbuatın təpkisi və tələbi ilə sonuncunun qorxaraq verdiyi açıqlamaları isə təsadüfi deyildi. Amma builki olay fərqlidir axı! Axı, Hacı Tahirin üzərinə yeriyən indi Elmar Vəliyev deyil, yüzlərlə, minlərlə "ziyarətçi”dir.

Bəs nə baş verib?

 

Builki olay həqiqətən tam kriminallaşdırılıb. Hadisənin hüquqi mahiyyəti onu deməyə əsas verir ki, əslində hadisəni törədənlər öncədən hazırlanıb. Onlara göstəriş verən (lər) var ki, xüsusən buna aydınlıq gətirilməlidir. Yoxsa, müxtəlif küt alətlərlə, daşlarla "silahlanmış”saxta dindarların İmamzadə ziyarətgahında nə işi ola bilərdi ki? Sizcə, imam Hüseyin aşiqləri müqəddəs saydıqları ziyarətgahın qapılarını yumruq və təpiklə ziyarət edərdimi? Sanki şeytanı daşlayırmış kimi, şiə əhli imam Baqir əleyhisalamın məzarını daş-qalaq edərdimi? Təbii ki, "bu olay öncədən təşkil edilmiş bir təxribata bənzəyir” deməyə ciddi əsaslar var. Amma...

Əldə etdiyimiz bilgiyə görə, həmin gün axşam saatlarında ziyarətgaha qadınların girişi üçün nəzərdə tutulan qapısından zorla girməyə nail olan şəxslərin məqsədi İmamzadənin mütəvəllisini vurmaq, ona ağır xəsarət yetirmək olub. Xoşbəxtlikdən Hacı Tahirin ayıq-sayıqlığı təxibatçıların istəyini gözündə qoyub. Azğınlaşmış şəxslərin kriminal hərəkətləri digər ziyarətçilər və sonradan polis qüvvələri tərəfindən alınıb. Qarşıdurma nəticəsində polislər də olmaqla 10-larla şəxs müxtəlif xəsarətlər alaraq yaralanıb.

Şaiyələr yayılıb ki, olayda iştirak edən 20-yə yaxın şəxs yerindəcə saxlanılaraq dindirilib. Tutulanlardan bir neçəsinə ictimai qaydanı pozduğuna görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə pul cəriməsi kəsilib və sərbəst buraxılıb. Bir neçəsinə isə 10 sutqa verilib. Hadisənin əsas "qolçomaqlarından" olan 6 nəfərə isə Cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

"Demokratik.Az”-a sızan özəl bilgiyə görə, həbsə atılan gənclər arasında dini fanat da varDigər gənclərinifadəsində isə, bu rüsvayçılığın kim tərəfindən və niyə planlaşdırıldığı sualı özünə hələ cavab tapmayıb.

Aşura gecəsi meydan bağlanıbmış, işıqlar söndürülübmüş – NİYƏ?

Hadisə gecəsi olaya şahidlik edən şəxslər bildirir ki, axşam saatlarından "İmam Hüseyin” meydanından mikrofonların yığışdırılması, işıqların söndürülməsi olayın baş verməsinə zəmin yaradan amillərdən olub. İddia olunur ki, əgər əzadarlara meydanda zəruri şərait öncədən yaradılmış olsaydı, kütlə sinə döyüb, mərsiyələr deyib öz enerjilərini atmış olardı. Bəziləri belə bir tapşırığın Gəncə icra hakimiyyəti tərəfindən gəldiyini, digər tərəf isə bunun dini təşkilatçıların nöqsanı kimi izah edib. Olaydan dərhal sonra "İmam Hüseyin” meydanında lazımi şərait yaradılıb. Hacı Tahir isə olayın şokundan və növbəti olacaqların qorxusundan minbərdə görünməyib.

Həmin gecə şəhərin və bir neçə ətraf rayonun axundlarının məscidləri nəzarətsiz qoyub İmamzadəyə gəlmələri də müəmma olaraq qalır.

"Demokratik.Az”-ın əldə etdiyi özəl məlumata görə, hadisə maraqlı "plan” üzrə baş verib. Aşura gecəsi saat təxminən 21:30 radələrində yüzlərlə şəxs "Ya Hüseyin” hayqıraraq İmamzadə ətrafında cəm olmaqla ziyarətgaha daxil olub. Dini inanclı olmaları şübhə doğuran 20-yə yaxın şəxsin həmin izdihamı qızışdırdıqları deyilir. Ziyarətgahın kamera görüntülərində də katalizatorların sağa-sola şütümələri, aranı qızışdırmaları, kütləyə istiqamət verdikləri qeydə alınıb. Elə daş və dəmir parçalarını da ziyarətgaha məqsədli olaraq həmin təxribatçılar gətirib.

Şeyxin nümayəndəsinə qarşı hücum təşkil etmək üçün həyasız və dinsiz bir qadından da istifadə olunub.

Bir qadın azğınlaşmış kütləni sakitləşdirməyə çalışan Hacı Tahirə yaxınlaşıb, heç bir səbəb olmadan din adamını təhqir edib və ətrafındakı insanları davaya sövq edib. Beləliklə, ara qarışıb, dava düşüb. Hələlik bütün bunlar təsadüf kimi də görünə bilər. Amma təsadüfə bənzəməyən tərəfləri çoxdur.

Göründüyü kimi, builki "İmamzadə olayı”nın öncədən təşkil edilmiş bir tragikomediya olduğunurəsmən iddia etmək və sübut etmək hələlik mümkün olmayıb. Bəs təşkilatçı kim ola bilər ki, indiyədək olaya tam aydınlıq gətirilməyib? Hansısa güc istintaqa təsir edirmi? Polisi qanına qəltan edən bir neçə günahkar şəxsin hələ də azadlıqda gəzdiyi iddiası doğrudurmu

Hazırda prokurorluq və polis tərəfindən ciddi araşdırma aparılır və hadisəyə düzgün hüquqi qiymətin veriləcəyinə kimsədə şübhə olmasın.

Osman Nərimanoğlu

Bildirək ki, bu gün imam Hüseynin şəhadətindən 40 gün ötür.

Bu münasibətlə Gəncə İmamzadə ziyarətgahında da ənənəvi olaraq dini mərasim baş tutub. Heç bir insident və hadisə qeydə alınmayıb.

 

"Demokratik.Az"


Oxşar xəbərlər