Yevlax QAİsinin “Qoca şiri” Gəncəyə gətirilir?

  • 04 noy 2017, 08:52

Cavanşir Əliyev Ramiz Zeynalovdan revanş istəyir...

Gəncə Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi Rəhim Zalovun bu yaxınlarda təqaüdə gedəcəyi, onun yerinə isə Yevlax rayonunun baş qaisinin təyin olunacağı gözlənilir. "Demokratik.Az"-a bu barədə məlumat verən mənbənin dediyinə görə, Yevlax DYP rəisi artıq xeyli müddətdir ki, yaxın ətrafına bu barədə fikirlərini paylaşıb. Uzun illərdir ki, DİN naziri cənab Ramil Usubovun və ölkənin baş qaisi hörmətli Ramiz Zeynalovun diqqətindən yayınmağı bacaran, öz neqativ əməllərini xüsusi məharətlə rəhbərlərdən gizlədən rəis 1996-cı ildən eyni vəzifəni icra edir. Yevlax yollarında gecə-gündüz şütüyən, kasıb maşınlarının ovuna çıxan DYP rəisinin indiyədək yerdəyişmə etməməsi maraq doğurur. Demokratik.Az-a verilən xəbərə görə, qeyri-adi bacarığı ilə seçilən Yevlax DYP bölməsinin rəisi C.Əliyevin bir dabana 20 il eyni vəzifəni üstlənməsi rayonda da qıcıq oyadıb. Haqlı olaraq səslənir ki, əgər bu adam işinin öhdəsindən lazımınca gəlibsə, indiyədək nə əcəb bir az daha yüksək pillədə oturmayıb? Eləcə də sual oluna bilər ki, yarıtmaz biri eyni postda niyə 20 ildir qocalmaqdadır?   

Yevlax RPŞ-nin DYP bölməsinin rəisi, polis mayoru Cavanşir Əliyevin artıq bir neçə ildir ki, Yevlax rayonu Balçılı kənd bələdiyyəsinin ərazisində iri fermer təsərrüfatı yaratdığı iddia edilir. Onun fermer təsərrüfatına şəxsən nəzarət etdiyi, bu səbəbdən də başqa rayona yerdəyişmədə indiyədək maraqlı olmadığı iddiası da real səslənir. Görəsən indi nə dəyişib, Yevlax qaisinin Gəncəyə namizədlik eşqi haradan qaynaqlanıb?

Redaksiya olaraq adıçəkilənin mövqeyini dəfələrlə öyrənməyə cəhd etsək də, Cavanşir Məmmədov günlərlə telefona cavab vermədi. 

Qarşı tərəfin söz haqqı var.

Demokratik.Az

Oxşar xəbərlər