Lütfi Zadənin məzarı bolşeviklərin “mühasirəsində”

  • 16 sen 2017, 18:55
Məlum olduğu kimi, dünya şöhrətli alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə Azərbaycanda, I Fəxri Xiyabanda dəfn olunacaq. Amerikada yaşayan və orada dünyasını dəyişən alim Azərbaycanda müsəlman qaydaları ilə dəfn olunmasını vəsiyyət edib. Lütfi Zadənin cənazəsinin növbəti həftə ölkəmizə gətiriləcəyi gözlənilir. Artıq mərhumun məzarı da I Fəxri Xiyabanda hazırlanıb.

"Yeni Müsavat”ın müxbiri dünya elminə yeni istiqamət gətirən alimin dəfn olunacağı əraziyə baş çəkib.

Lütfi Zadənin qazılaraq üstü çadır örtüyü ilə qapadılan məzar yeri uzaqdan diqqətimizi çəkdi. I Fəxri Xiyabanda, sol tərəf qazılan məzar sağlığında ölkəmizin adını dünyaya tanıtmış insanın son mənzili olacaq. 
Diqqət çəkən məqamlardan biri də Lütfi Zadənin məzarının iki bolşevikin, Azərbaycan Demokratik Xalq Cümhuriyyətinə qarşı savaşda ölənlərin məzarları arasında olmasıdır. Onlardan biri Əli Bayram oğlu Bayramovdur. Məzarının üzərində bu alovlu bolşevikin "Müsavat cəlladları” tərəfindən vəhşicəsinə öldürüldüyü yazılır. Alimin digər məzar qonşusu isə Mirfəttah Əli oğlu Musəvidir. Onun məzarının üzərində isə 1919-cu ildə "Müsavat qatilləri”nin əli ilə öldürüldüyü yazılır. 

Yaxınlıqdakı digər məzar da "əksinqilabçıların (AXC qurucularının-M.M.) əli ilə vəhşicəsinə öldürülmüş sovet hakimiyyətinin qurulması üğrunda qorxmaz mübariz” Qasım İsmayılovun məzarıdır. 
Yeri gəlmişkən, sovet dövründə Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Xalq Cümhuriyyətinə münasibətin birmənalı olmadığı bəlli məsələdir. Lakin AXC-nin varisi olan Müstəqil Azərbaycanda vətən xainlərinin, 1918-ci ildə yaradılan dövlətin yıxılması üçün hər şey edən bu adamların məzarının hələ də I Fəxri Xiyabanda saxlanılması təəssüf doğurur.

Ölkəmizin fəxri olan dünya şöhrətli alim, vətəninə bağlı bir insan olan Lütfi Zadəyə Azərbaycanda nə qədər böyük dəyər verilməsi dövlət başçısının xüsusi diqqətindən sonra bir daha təsdiqini tapdı. Dövlət başçısı onun məhz I Fəxri Xiyabanda dəfn olunması ilə bağlı tapşırıq verdi. Lakin onun məzarının Azərbaycana xəyanət etmiş bolşeviklərin məzarları ilə yanaşı qazılması... 
Unutmayaq ki, Lüfti Zadə artıq həyatda olmasa da, dünyanın böyük alimləri Azərbaycana səfər edərkən onun məzarını ziyarət etməyə can atacaqlar. Bu zaman alimin məzar qonşularının kimliyi ilə də maraqlanacaqlar. Bu məzar daşlarının üzərində yazılan "Müsavat cəlladları”, "Müsavat qatilləri” ifadələri isə müstəqil Azərbaycanın siyasətinə uyğun deyil. 

Bu məsələ bir neçə gündür ki, sosial şəbəkələrdə də müzakirə olunur. Lakin görünür, məsul şəxslər bu məsələyə də dövlət rəhbərliyi səviyyəsində müdaxilə olunmasını gözləyirlər. Dahi alimin məzar yeri dəyişdirilməsə belə, bolşevik qəbirləri köçürülə bilər. Belə bir ənənə daha öncə də tətbiq olunub və 26 Bakı komissarlarının qəbirləri şəhərin mərkəzindən köçürülüb. 
Ümid edək ki, dahi alimin məzarı ölkəmizə gətirilənə kimi bu problem də həllini tapacaq. 

Qeyd edək ki, azərbaycanlı alim Lütfi Zadə sentyabrın 6-da ABŞ-da vəfat edib. 
O, 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa Moiseyevna Koremanın ailəsində dünyaya gəlib.

Lütfi Zadənin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib.
Lütfi Zadə ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailəsi ilə birlikdə Tehrana köçüb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir. 
Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb.
Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda tətbiq olunub.(musavat.com)
Oxşar xəbərlər