Hüseynqulu Bağırovun “ekoloji çete” si "Göygöl" ü də cənginə alıb?

  • 09 sen 2017, 14:02

 

 

 

 

 

 

 

ETSN dəki "çete" və oliqarxlar "Göygöl" Milli parkında daha nəyi bölüşdürə bilmir???

Son illər dünya dövlətləri qarşısında həlli vacib məsələlərdən biri kimi duran ciddi ekoloji problemlər Azərbaycanda da prioritetdir. Ölkəmizdə vətəndaşlarımızın sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Bu istiqamətdə diqqət çəkəcək dərəcədə işlər görülsə də ekoloji cavabdehlik daşıyan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və nazir Hüseynqulu Bağırovun şəxsi iradəsi bəzi önəmli məqamlarda məsələlərə loyal yanaşma sərgiləməkdədir. Hətta 15 ildir nazir kimi qocalmaqda olan Hüseynqulu Bağırovun idarəetmə mexanizminin tərkib hissəsinə çevrilən bəlli bir "ekoloji çete” də formalaşıb. Bu "çete” adıçəkilən nazirliyin yalnız qanunazidd əməllərini - pul, bac-xərac toplama əməliyyatlarını həyata keçirir. Həlli vacib məsələlər isə ETSN-də mühüm vəzifə tutan, mühüm işlərə cavabdeh bir çoxlarının vecinə də deyil. Belələri nə ekologiyanı, nə də təbii sərvətlərimizi qorumaq haqda düşünmür. Dediyimiz kimi, belələrinin ilk məqsədi qazanc əldə etmək, öz oliqarxlaşmış nazirləri kimi hədsiz dərəcədə varlanmaqdır...

Demokratik.Az-ın redaksiyasına daxil olan son bilgilərlə deyilən qənaətə gəlmək olar. Artıq elektron KİV-də Hüseynqulu Bağırovun və ona yaxın "Ekologiya adamları” nın hansı qeyri yollarla sərvət toplamalarını dəfələrlə oxumuşuq və bu nazirliyin fəaliyyəti ilə tanışıq. Amma bu dəfə "Demokratik.Az”- a dərdini danışan Gəncə sakini Atin İsmayılovun iddiaları daha şokedicidir.

Adıçəkilənin redaksiyamıza dediyinə görə, Göygöl Milli Parkı yaradılarkən onun mülkiyyət hüquqları Ekologiya Nazirliyi tərəfindən bilərəkdən pozulub. "Göygöl Dövlət Qoruğu”nun əhəmiyyətli funksiyası "Göygöl Milli Parkı”na devr edildikdən sonra ETSN yüksək səlahiyyətli əməkdaşlarının "inhisarçılıq” siyasəti yeni ünvana da sıçrayıb. Hətta vətəndaşa yaradılan anoloji süni problemlər ucbatından nazirliyin səlahiyyətli şəxsləri bir-birinə qarşı yeni savaş belə açıb.

Hələlik ən mühüm olanı yazmağa çalışaq. Prezident İlham Əliyevin başçılığı ilə yürüdülən ekoloji siyasətə dair göstəriş və təlimatlarının "Göygöl Milli Parkı”nın timasalında məhz Ekologiya naziri cənab Hüseynqulu Bağırovun gözləri qarşısında niyə və necə bəzi məmur maraqlarının qurbanı olmasını işıqlandırmağa çalışaq.

 Üçü bir "boyda”?.. Aparat rəhbəri Rövşən Cəlilov, nazir müavini Rauf Hacıyev ,

 bir də hüquqşünas Teymur Şəkərəliyev...

Ölkə nazirliklərində,elə Ekologiya Nazirliyində də  uzun müddətdən bəri müavinlərin, şöbə müdirləri və digər rəsmilərin bir-biri ilə açıq nüfuz savaşı aparmaları artıq oxucuya sirr deyil. Əldə etdiyimiz məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində də iriçaplı məmurların bir sıra "məsələlərdən” dolayı aralarında gedən nüfuz savaşı dərinləşməkdədir. 

Elə ”Demokratik.Az”-ın araşdırması zamanı məlum oldu ki, sən demə indi yazacağımız məsələ-"Göygöl Milli Parkı ” nda baş qaldıran problemlər Ekologiya və Təbii Sərvətlər Nazirliyində böyük "anarxiya” və hərcmərcliyə səbəb olub...

Demokratik.Az məlum edib ki, Ekologiya Nazirliyində gedən nüfuz savaşının əsas oyunçuları Hüseynulu Bağırovun əsas adamı, "qara kassası” kimi tanınan Aparat rəhbəri Rövşən Cəlilovla, nazirin müavini Rauf Hacıyev və qurumun hüquqşünası Teymur Şəkərəliyevdir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş verənlər əcaib mənzərələr doğurub.Bununla belə, nazirliyin mühüm işlərini iflic edib. Məşhur aparat rəhbəri Rövşən Cəlilovun son illər anidən yüksəlişi və nazir Hüseynqulu Bağırovla şəxsi münasibətlərinin isti olması qurumda birincini əsas söz sahiblərindən birinə çevirib. Təsadüfi deyil ki, Rövşən Cəlilov bu gün nazirlikdə özünü Hüseynqulu Bağırovdan sonra ikinci şəxs kimi görür. Aparat rəhbərinin özünü nazir kimi aparması və bir çox məsələlərdə heç bir müavinlə hesablaşmaması isə digər məmurların narazılığına səbəb olub. Nazirin birinci müavini Firdovsi Əliyev Hüseynqulu Bağırovla dostluq təmasındadır və Rövşən Cəlilovun onunla hər hansı bir problemi yoxdur. Digər müavin Novruz Quliyev isə səssizcə öz vəzifəsini qorumaqla hər hansı bir qrupa qoşulmama prinsipini əsas tutub.

Nazirliyin Rauf Hacıyev adlı digər müavini isə Rövşən Cəlilovla soyuq savaş başlayıb. Bu soyuq savaşın başlama səəbi Aparat rəhbərinin özünü nazir kimi aparması və özünə yaxın dairələrdə Hüseynqulu Bağırovun "varisi” kimi çıxış etməsi, həmçinin Rauf Hacıyevin kurasiyasında olan işlərə, eləcə də Göygöl Milli Parkının idarə olunmasına birbaşa müdaxilə edərək təkbaşına "iş" görməsidir.Rövşən Cəlilovun Rauf Hacıyevlə aralarında baş verən bu soyuq savaşda isə aparat rəhbərinə qarşı ikinci bir cəbhə də açılıb. Həmin cəbhəyə isə nazirliyin Hüquq Şöbəsinin müdir əvəzi Teymur Şəkərəliyevin başçılıq etdiyini deyə bilərik. Məlumata əsasən hər iki şəxsin Rövşən Cəlilovla problemli olmasının günahkarı ilk növbədə aparat rəhbərindədir. Çünki Rövşən Cəlilov vaxtı ilə nazirlikdə Meşələrin İnkşafı Departamenti direktoru işləyəndən artıq bir çox şəxslərlə açıq savaşa girişib. Həmin vaxt ölkənin səfalı, turizmə münasib rayonlarındakı meşə massivlərini, xüsusilə Göygöl meşə ərazisini kütləvi şəkildə iş adamlarına, məmurlara çox illlik müqavilələrlə satan Rövşən Cəlilov bu bacarığı sayəsində nazir Hüseynqulu Bağırovun yanında hörmətə minə bilib. Araşdırılsa İsmayıllı, Qəbələ, Şamaxı, Ağsu, Qax, Oğuz, Zaqatala, Balakən, Göygöl, Samux rayonlarındakı meşə massivlərinin çox illik satılması, icarəyə verilməsi külli miqdarda qazanc gətirməsi ortaya çıxar. Bu prosesdə sahibkar yaxud hansısa məmur nazirliyə dövlət rüsumunu köçürməklə bərabər həm də Rövşən Cəlilovun haqqını da verməyə məcbur edilib. Nazirin "qara kassa” sının bu yolla topladığı pulların miqdarı ağlasızmazdır. (Aparat rəhbərinin Meşələrin İnkişafı Departamentinin direktoru olduğu dövrlərdə satdığı meşə massivləri ilə bağlı xüsusi araşdırılma aparılmalıdır-O.N) İndi isə daha bir böyük problem-Göygöl Milli Parkının idarəolunma məsələlərində adıçəkilən "güc”lərin bir-birlərinə güzəştə getməmələri əməlli başlı xaos yaradıb.

Dövlət meşələrinin satılması işlərindən yaxşıca qazanclı çıxan Rövşən Cəlilov sonradan Hüseynqulu Bağırovun əmri ilə nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin edilib. Məhz nazirlə isti münasibətlərin yaranması və özünün qurumda ikinci şəxs kimi hiss edən Rövşən Cəlilov digər müavinlərə, şöbə müdirlərinə xor baxmağa başlayıb. 2008-ci ildən bəri "Göygöl Milli Parkı" na nəzarət funksiyasını da nazirin razılığı iləRövşən Cəlilov əlinə alıb.Məlumata görə Milli parkda indiyədək aparılan və nəzərdə tutulmayan tikintilər, icarə məsələləri, bir sözlə qeyri-leqal pultoplama əməliyyatları aparat rəhbərinin inhisarındadır. Nəzərə alınsa ki, cənab Cəlilov indiki vəzifəyə təyin edildikdən sonra yenə də Meşələrin İnkşafı Departamentini əlindən buraxmayıb, bir az da dərindən düşünək. Həmin idarəyə təyin edilən Şakir İsmayılov deyilənə görəməhz cənab Cəlilova bağlı şəxsdir. Aparat rəhbəri indinin özündə də təkcə Göygöl rayonu ərazisində və  xüsusilə Hacıkənd ərazisində onlarla yolkənarı meşə ərazisini sahibkar və məmurlara icarəyə verilməsini təmin edib.

Rauf Hacıyev arasında yaranan soyuq savaşla bağlı bildirilir ki, Cəlilov dəfələrləmüavinin də nəzarətindəki qurumlara da müdaxilə edərək orada da öz diktəsini edib”. Bu isə Rauf Hacıyevin xoşuna gəlmir”.

Nazirliyin hüquqşünası ilə aparat rəhbərinin probleminin kökündə əsasən hüquqi məsələlər dayanır. Rövşən Cəlilovun vaxtı ilə Meşələrin İnkşafının Departamenti direktoru işlədiyi vaxt bir çox şəxslərə "satdığı” meşə massivlərinin bu gün sıradan çıxarılması, standartdankənar istirahət güşələrinin salınmasıdır. Belə ki, naziliklə bağlanan müqaviləyə görə sahibkar icarəyə götürdüyü meşə massivi ərazisində ağacları inkşaf etdirməli, yüngül konstruksiyalı bina tikməli və digər şərtlərə əməl etməlidir. Ancaq bu gün ölkənin turizm rayonlarındakı meşə massivlərində yerləşən obyktlərin əksəriyyəti bağlanmış müqavilənin şərtlərinə əməl etmirlər. Onlar lazım olanda ağaclarıda kəsirlər, ağır formalı tikinti işləri də aparırlar. Bu sahibkarların bir çoxunun arxasında imkanlı, sözü keçən məmurlar dayansa da bəzilərinə "krişalığı” məhz Rövşən Cəlilovun etdiyi deyilir. Bu sahibkarlarla bağlı nazirliyə çoxsaylı şikayətlərin olması, onların müqavilə şərtlərinə əməl etməməsi isə hüquq şöbəsini məcburən hərəkətə keçməyə vadar edib. Həmçinin bir çox meşə Təsərrüfat idarələrinin direktorlarınında qanunsuz əməlləri və meşə talanı ilə bağlı başlanmış araşdırmalar Teymur Şəkərəliyevlə Rövşən Cəlilovu üz-üzə qalmağa gətirib çıxardıb. Amma bu da son deyil!                          

 

 Göygöl Milli Parkına uzanan ədavət və şikayətin təfərrüatları...

Yuxarıda yazılanlar təbii ki, bu nazirlikdə baş verən həngamələrin çox cüzi təsviridir. Məlumata görə, artıq nazirliyin hüquqşünası təkcə "Göygöl Milli Parkı”nda nazirliyin əməkdaşlarının  buraxdığı ciddi qanun pozuntuları ilə zəngin "dosye” hazırlayıb. İlkin addımda nazirlik əməkdaşlarından Vaqif Cavadovun vəzifəsinin aşağı salındığı deyilir. Beləcə yazının girişinə, vətəndaş Atin İsmayılovun iddialarına-bir şikayətin izinə qayıdaq.

ETSN-də vacib məsələlərin həlli elə ləng şəkildə gedir ki, sanki birokratiyanın ən sərt məngənəsi Hüseynqulu Bağırovun nazir olduğu qurumda təşəkkül tapıb. Təsəvvür edin ki, bu nazirlik bir vətəndaşın dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını ən barbar şəkildə pozaraq özünü mütləqi-hakim hesab edir.

Demokratik.Az-a şikayət edən Atin İsmayılov bildirir ki, 2001-ci ildə AR Dövlət Əmlakı Nazirliyi tərəfindən Gəncə şəhəri "Göy-Göl” "Maral –Göl” yolunun kənarı, Göygöl gölünün şimal hissəsində yerləşən "Göygöl” yeməkxanası ona satılıb. Buna dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının idarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 26.05.2003-cü il tarixdə təsdiq edilmiş 000779 saylı qeydiyyat şəhadətnaməsi də vətəndaş İsmayılov Atin Azər oğlunun "Göygöl yeməkxanası” na xüsusi mülkiyyətçi hüququnu təsdiq edir. Lakin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2744 nömrəli Sərəncamı ilə Xanlar, Goranboy və Daşkəsən rayonlarının inzibati ərazilərinin 12755 hektar sahəsində "Göygöl Milli Parkı” yaradılmasına start verilib. Milli Park Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik meşə və dövlət torpaqlarının hesabına formalaşıb. Nəticədə Atin İsmayılovun mülkiyyətində olan Gəncə ş, Maral-Göl yolunun kənarında yerləşən Milli Parkın ərazisinə təsadüf edən "Göygöl” yeməkxanası yerlə yeksan edilərək yerində xüsusi vertolyot meydançası inşa edilib.

 Bir zaman yeməkxana, indi də vertolyot meydançası

Sənədlə Atin İsmayılovun olan həmin yeməkxananın 0,80 ha torpaq sahəsi də vətəndaşın əlindən alınıb.Yəni həmin yeməkxana və torpaq üzərində Atin İsmayılovun mülkiyyətinə "son” qoyulub.

Vətəndaşın dediyinə görə, indiyədək ona aidiyyatı üzrə kompensasiya ödənilməyib. Heç olmasa yenidən Milli park ərazisində sahibkarlıq üçün başqa torpaq sahəsi ilə təmin olunması baş tutmayıb. Dəfələrlə Elologiya Naziri Hüseynqulu Bağırovun qəbulunda da problem öz həllini tapmayıb.Əksinə, vətəndaş hədə-qorxularla, məmur təcavüzləri ilə üzləşib. Hüseynqulu Bağırovun şəxsən "rədd” cavabını alıb. Digər tərəfdən də vətəndaşa öncədən bildirilib ki, onun mülkiyyəti olan 0,80 ha torpaq sahəsində də hansısa tikili olmayacaq və kiminsə mülkiyyətinə verilməyəcək. Halbuki hazırda vətəndaşın əlindən alınan torpaq Hüseynqulu Bağırovun diqtəsi ilə kimlərinsə mülkiyyətinə çevrilib. Həmin torpaq sahəsində dəbdədəli bir neçə istirahət mərkəzləri inşa edilib.

 

 

Vətəndaşdan alınaraq satılmış ərazi

 

Vaqif Cavadov

Bu işlərin icraçısı isə ETSN-də Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sabiq direktoru Vaqif Cavadov olub. Hazırda da Göygöl ərazisində gündəlik göstərişlər verən bu şəxs sahibi gizlədilən iri məmura məxsus otelin, bir neçə kortej və restoranın tikintisində Hüseynqulu Bağırovun görən gözü, eşidən qulağıdır. Şikayətçi Atin İsmayılovun torpaq mülkiyyəti üzərində tikilən restoranlar da məhz Vaqif Cavadov tərəfindən neçə ildir ki, illik 15-20 min manat olmaqla dostu Zaman adlı şəxsə və başqalarına icarəyə verilir.  

 Demokratik.Az-ın araşdırmasına görə, hazırki Göygöl Milli Parkı-Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyaca məşhurdur. Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli 475 nömrəli Qərarına əsasən qoruq yenidən təşkil edilib.

Sənədlərdən görünür ki, vətəndaşın mülkiyyətində olmuş yeməkxana məhz 1968-ci ildə, yəni o zamanki Azərbaycan Nazirlər Sovetinin müvafiq qərarına uyğunlaşdırılaraq həmin illərdə tikilib.Yeməkxananın tikintialtı sahəsi təxminən 300 kv m olub. 2001-ci ilədək Obyektin mülkiyyətçisi AR Dövlət Əmlak Nazirliyi, həmin ildən etibarən isə Əmlak, Ekologiya və İqtisadi İnkişaf Nazirliklərinin razılıqları əsasında şikayətçi Atin İsmayılovun mülkiyyətinə verilib.

                     Bəs Atin İsmayılova kompensasiya niyə verilmir?   

Prezident İlham Əliyev tərəfindən 2008-ci il 19 noyabr tarixli 18 nömrəli fərmanı ilə təsdiq edilmiş "Göygöl”Milli Parkı Haqqında” əsasnamədə qeyd olunur ki:

"1.5. Milli Parkın hüdudlarına ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaq sahələri də daxil edilə bilər”.

Beləliklə, vətəndaşın mülkiyyətində olan torpaq və mülkiyyət Milli parka daxil edilibsə bu hal qanunvericiliklə müəyən edilmiş qaydada həll edilməli idi. Yəni vətəndaşın mülkiyyət hüquqlarını itirməsi müqabilində ona ədalətli kompensasiya ödənməli idi. Lakin Ekologiya Nazirliyinin vətəndaşa qarşı məlum hərəkət və ya hərəkətsizliyi özbaşınalıqdan xəbər verir.

Əldə etdiyimiz məlumata görə, Ekologiya Naziyliyindəki  "çete” və maraqlı digər şəxslər səfalı "Göygöl Milli Parkı”ndakı "maraqlarını” hələ də bölüşdürə bilməyib. Milli Parkın rəsmi xəritəsində "Murov” Otel-Restoran, 1 və 2 saylı "Kəpəz” Otel, 1 və 2 saylı "Göygöl” Otel Komplekslərinin və bir neçə istirahət evlərinin varlığı ərazini daha cazibədar edir. Elə hüququnun pozulduğunu deyən Atin İsmayılovu düşündürən də odur ki, indiyədək Ekologiya Nazirliyi qanunvericiliyin tələbinə uyğun şəkildə milli parkın ərazisində onu restoran ərazisi ilə təmin edə bilərdi, niyə etmir?...Axı Milli parkın ərazisində restoran və digər məqsədə torpaq bölgüsü prosesi hələ də gedir???

Osman Nərimanoğlu

Demokratik.Az-dan: Suallarımıza cavab almaq və nazirliyin məsələyə münasibətini öyrənmək məqsədilə ETSN mətbuat xidməti ilə də, nazirliyin hüquq şöbəsi ilə də əlaqə saxladıq. Lakin heç kəs suallarımızı cavablandırmadı.Aidiyyatı üzrə 13 saylı Goranboy regional Ekologiya idarəsinin rəisi isə məsələdən xəbərsiz olduğunu, bu barədə heç bir müraciətin olmadığını bildirərək digər suallarımızı cavabsız qoydu...

(Mövzu diqqətimizdədir.)Yazıda adı qeyd olunan hər kəsin söz haqqını tanıdığımızı bəyan edirik...

 

Demokratik.Az

Oxşar xəbərlər