Xaçmazda - "Arzu" Ticarət Mərkəzində nələr baş verir?

  • 16 avq 2017, 13:13

"Demokratik.Az"-ın xəbərinə görə, Kanal24.Az internet televiziyasında Xaçmazda fəaliyyət göstərən "Arzu" Ticarət Mərkəzində baş verən dəhşətli özbaşınalıqlar barədə videoreportaj yayımlanıb. Videomaterildan göründüyü kimi, şəraitsiz bazarda sahibkarlıqla məşğul olan Sadıqovlar ailəsi bazarın sahibəsi Gülnarə Həbibovadan şikayətçidir. Şikayətçilər bildirib ki, "Arzu" TM-in sahibəsi onlara 1500 manata sənədsiz yer satıb. Hər ay da sahibkarlardan 229 manat pul alan bazar rəhbərliyi sonradan aylıq 600 manat tələb irəli sürüb. Son təklifdən imtina edən ailəyə bazarı tərk etmək tələbi qoyulub. Beləcə tərəflər arasında qarşıdurma baş qaldırıb.

Şikayətçilər bildirir ki, avqustun 8-də, gecə saatlarında bazardakı mühafizə polislərinin də iştirakı ilə sahibkarlara məxsus piştaxta bir neçə şəxs tərəfindən talan edilib. Mallar Gülnarə Həbibovanın göstərişi ilə harasa daşınıb. Ertəsi gün polisə məlumat verilib. Lakin tədbir görülməyib. Hadisə yerinə quraşdırılan güvənlik kameraları isə izi itirmək məqsədilə sıradan çıxarılıb. Kamera aparatı götürülüb.

Zərər görmüş ailə onu da bildirib ki, Gülnarə Həbibovanın qardaşı Fuad Həbibov Ombudsman Aparatında çalışır.

Qarşı tərəf isə məsələyə başqa cür münasibətini bildirib. Adıçəkilən Fuad Həbibov baş verənlərin günahını Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevdə axtarmağa çalışıb. O icra başçısı haqda ilginç fikirlər səsləndirib. Hətta şikayətçilərin də başçı tərəfindən öyrədildiyini iddia edib. Ötən ay bazar ətrafındakı yanğının da müəmmalı olduğuna, hadisənin ört-bas edildiyinə də işarə edib.

Xaçmazın İcra Başçısı Şəmsəddin Xanbabayev


 

 

 

"Demokratik.Az" Fuad Həbibovun dediklərini dəqiqləşdirmək üçün kiçik araşdırma aparıb. İnternetdə yayımlanan bilgilərdən məlum olur ki, "Arzu" Ticarət Mərkəzi ilə yerli İcra Hahimiyyəti arasında səngiməyən savaş var. Məlumata görə, insidentə məhz mərkəzi bazar səbəb olub. Həbibovlar dəfələrlə iddia ediblər ki, Xanbabayev Xaçmaza icra baçısı təyin edilən kimi mərkəzi bazara sahib olmaq istəyib. Lakin Həbibovlar bazarı satmaqdan imtina ediblər.

Müəmmalı qətl - prokuror işdən çıxarılıb

15 sentyabr 2010-cu ildə Həbibovların anası Nəcimə Babayeva Xaçmazdakı 3 mərtəbəli evinin birinci mərtəbəsində qətlə yetirilib. Şəxs və ya şəxslər onun başına küt alətlərlə zərbələr endirib, sonra boğazını kəsiblər. İddialara görə, rayon prokuroru qətlin araşdırılmasına maneələr yaradıb. 23 sentyabr 2011 ci ildə prezident İlham Əliyev Xaçmazda səfərdə olarkər Gülnarə Həbibova beşmərtəbəli binanın damına çıxaraq var gücü ilə qışqırıq salmağa başlayıb. Anasının qətlə yetirildiyini, qatilin isə prezidentin yanında dayanan icra başçısı Şəmsəddin Xanbabayev olduğunu dilə gətirib. Daha sonra qadın mühafizə xidmətinin əməkdaşı tərəfindən dinlənilib. Hadisədən qısa müddət sonra isə, Xaçmaz prokuroru işindən alınıb.

Hazırda görünən odur ki, uzun müddətdir Xaçmazda BAZAR ətrafında cərəyan edən hadisələr hər iki tərəfə yaxşı heç nə vəd eləmir. Bu süni və cəmiyyətə lazım olmayan insidenti isə dərhal durdurmaq lazımdır.

"Demokratik.Az" 


Oxşar xəbərlər