Saleh Məmmədov Cavid Qurbanovun izinə düşüb?

  • 10 avq 2017, 15:13

Son günlər "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun tezliklə "Dövlət Dəmir Yollarlı” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə gətiriləcəyi xəbəri yayılıb. "Demokratik.Az"-ın məlumatına görə, bu xəbər çoxtirajlı mətbu orqanların da diqqətini çəkib. Musavat.com yazıb ki, yaxın gələcəkdə reallaşacaq dəyişikliyi Saleh Məmmədovun yaxınları iddia edir. Hətta məsələ artıq yuxarılarla da razılaşdırılıb. 

İddiaya görə, Saleh Məmmədovun Cavid Qurbanovu "RAM" etməsi üçün variant da hazırlanıb. Sən demə, "Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti "Azəryolservis”ə birləşdiriləcək. Beləcə, S. Məmmədov baş kürsüdə qalacaq. 

"Demokratik.Az" bildirir ki, iri ranqlı məmur kimi artıq möhürünü vurmuş və hakim ailəyə sıx bağlılığı və yaxınlığı ilə seçilən Cavid Qurbanovun hazırki postunu tezliklə təhvil verəcəyinə, eləcə də onun Saleh Məmmədovla əvəzlənəcəyinə inanmaq sadəlövhlük olardı. Həm də C. Qurbanov Dövlət Dəmir Yollarına təyinatından qısa vaxt keçib, hələ onun bu sahədə görəcəyi (görməli olduğu-red) işlər isə çoxdur. Problemlər içərisində sıxılan bu vacib dövlət qurumuna məhz Cavid Qurbanovun təyinatı da təsadüf olmayıb. Elə bu iki paradoksal təyinatlı qurumun birləşəcəyi də ağılabatan deyil.

Cavid Qurbanova ölkə rəhbərliyinin xüsusi etimadını və Azərbaycan Dövlət Dəmir Yollarının tez bir zamanda ən müasir tələblərlə yenidən qurulmasına yönəlik sərəncam və tapşırıqlarını nəzərə alsaq, anlarıq ki, adıçəkilənin öhdəlikləri var və o bu vəzifəyə müvəqqəti oturmayıb. 

Bildirilir ki, Saleh Məmmədov əslən Qərbi Azərbaycandandır. 1958-ci ildə Tərtər rayonunda doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2015-ci ildə, 56 yaşında isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

S.Məmmədov müxtəlif kiçik vəzifələrdə çalışıb. 2015-ci ilin dekabrında Cavid Qurbanovun Dövlət Dəmir Yollarına rəhbər təyin edilməsindən sonra uzun müddət boş qalan "Azəryolservis”ə sədr təyin olunub. 

Hər şeyə rəğmən, Saleh Məmmədov Cavid Qurbanovla müqayisə olunacaq kadr hesab olunmur və "Azəryolservis"-ə rəhbər gətirilməsi də təsadüfən baş verib. Beləliklə, birincinin yeni revanşla, yaxın gələcəkdə ikinci kəs Cavid Qurbanovun "kürsüsündə" əyləşə biləcəyi ehtimalı real səslənmir.

Həm də bir sual ortaya çıxır. Saleh Məmmədov Cavid Qurbanovun izinəmi düşüb?...

"Demokratik.Az"

Oxşar xəbərlər