GÖYGÖL RAYONUNDA TƏHLÜKƏ! UZUNTALADA MÜƏMMALI SƏNGƏRLƏR QAZILIR

  • 19 may 2017, 14:26

SABİQ POLİS ƏMƏKDAŞI "ÇETE” YARADIB, GÜC ORQANLARI NİYƏ SUSUR?

"Demokratik.Az”-a Göygöl rayon sakinləri tərəfindən şokedici xəbər daxil olub. Rayonun Aşıqlı kəndində yaşayan bir çox ailə qorxu-təlaş içindədir. Muruddakı Daş karyerinə yaxın ərazi sakinlərin tanımadıqları hərbi geyimli bir qrup silahlı şəxslərin oylağına çevrilib. Kimliyi bilinməyən şəxslər mütamadi olaraq qazel və niva markalı avtomaşınlarla əraziyə gəlir, rastlaşdıqları şəxslərə hədə-qorxu edərək ərazidən qovur, yanlarında gəzdirdikləri itlərlə çobanları və mal qaranı qorxudurlar. Aldığımız məlumata görə, ara-sıra ərazidə atəş səsləri də eşidilir.

  "Demokratik.Az”-ın baş redaktoru Osman Nərimanoğlu ötən gün məlumatı dəqiqləşdirmək məqsədi ilə ərazidə olub. Jurnalistin xəbərinə görə, rayonun Uzuntala deyilən ərazisində həqiqətən bir qrup şəxs tərəfindən təyinatı və məqsədi kimsəyə məlum olmayan qazıntı işləri aparılır. Əkinəyararlı torpaq sahəsini əhatə edən hektarlarla meşə zolağında aparılan müəmmalı işlər təbiətin faunasını, torpaq və bitki örtüyünü tamamilə məhv edib. Aparılan işlər hamıda müəmmalar doğurub və qorxuya səbəb olub. Qazıntı işlərinin mahiyyətini aydınlaşdırmaq çətin olsa da, ilk baxışdan hərbi məqsədlə sanki səngər qazıldığını, sanki kimlərinsə gizlənməsinə hesablanmış dərin quyuların qazıldığını söyləmək olar. Baş verən prosesdən əziyyət çəkən şəxslər ərazidə mal-qara otaranlarla yanaşı, bir neçə sahibkardır. Saytın baş redaktoru sahibkarlarla görüşərək olaya aydınlıq gətirməyə çalışıb. Zərərçəkmiş şəxslər (sahibkarlar-O.N) bildirib ki, "çete” illər öncə zorla onların 10 ha-dan artıq torpaq sahəsini zəpt etməklə özlərinin daha rahat fəaliyyətlərini təmin ediblər. Adının ictimailəşdirilməsini istəməyən sahibkarlardan birinin dediyinə görə, bu müəmmalı proses illərdən bəri davam edir. Aydınlaşdıra bildiyimiz əlavə məlumata görə, hadisələrin birbaşa səbəbkarı və təşkilatçısı Mehdi Məmmədov adlı sabiq polis əməkdaşıdır. Dəstənin digər üzvləri isə, əsasən onun yaxın qohumlarıdır.

Baş verənlərdən belə anlamaq olar ki, icazəsiz müəmmalı qazıntı işləri aparan "çete” heç kimdən və heç nədən qorxmurlar və onların fəaliyyətini hansısa güclü qüvvələr stimullaşdırır.

Gəzən söz-söhbətə görə, qazıntının aparılmasına rəhbərlik edən sabiq polis əməkdaşı M.Məmmədov əslində dəfinə-xəzinə axtarır. Hələlik bu da bir versiyadır. Amma bu versiyanı inandırıcı edən əsaslar da yox deyil.

 Belə ki, Göygöl rayonunda yeganə dəfinə axtaran və tapan polis rəisi kimi yaddaşlarda qalan Semur Məmmədov M.Məmmədovla yaxın dost olub. Məlumata görə, adıçəkilən sabiq polis rəisinin qızılaxtarma əməliyyatlarında şəxsən iştirakçı olub və məhz hazırda eşilib-deşilən ərazidə bir neçə dəfə qızıl-zinət əşyaları, tarixi qiymətli əşyalar tapılıb. Görünür M.Məmmədovun axtarmaqda olduğu ərazidə zəngin xəzinə yatır. Qazıntı işlərini apararkən niyə məhz uzun səngərlərin qazılması isə əlavə suallar doğurur. Bəlkə, bu qazıntı işləri başqa təhlükələrdən xəbər verir? Və sakinləri qorxudan da budur!

Ümid edirik ki, olay hüquq mühafizə orqanları tərəfindən araşdırılacaq.

"Demokratik.Az" Olay yerindən hazırladığımız videogörüntünü təqdim edir:


Mövzuya qayıdacağıq

"Demokratik.Az”

Oxşar xəbərlər