Prezident Yevlaxda - FOTOLAR
Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov
rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Azərbaycan Prezidentinə
məlumat verib.
Bildirildi ki, son illər rayonun sosial-iqtisadi göstəriciləri xeyli
yaxşılaşıb. Rayonda çoxlu sosial infrastruktur obyektləri tikilib, yeni
istehsal müəssisələri yaradılıb.
***
Prezident İlham Əliyev aprelin 16-da Yevlax rayonuna səfəri çərçivəsində
Varvara Su Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışında iştirak
edib.
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin
başçısına Varvara Su Elektrik Stansiyasında görülən yenidənqurma işləri barədə
məlumat verdi. Diqqətə çatdırıldı ki, qoyuluş gücü 16,5 MVt olan Varvara Su
Elektrik Stansiyası 1954-1957-ci illərdə inşa olunub. Ümumilikdə 3
hidroaqreqatdan ibarət olan bu stansiyanın 1-ci hidroaqreqatı 1956-cı ildə, digər
iki hidroaqreqatı isə 1957-ci ildə istismara verilib. Həmin vaxtdan ötən 60 ildə
stansiyanın avadanlıqları fiziki cəhətdən köhnəlib, gücü nəzərəçarpacaq dərəcədə
aşağı düşüb. 1990-cı ildən sonra isə stansiya cəmi 2-3 MVt güclə işləyib. Buna
görə də 2010-cu ildən başlayaraq Mingəçevir Su Elektrik stansiyaları silsiləsinin
yenidən qurulması layihəsi çərçivəsində Varvara Su Elektrik Stansiyasında da
yenidənqurma işləri həyata keçirilib və uğurla başa çatdırılıb.
Prezident İlham Əliyev Varvara Su Elektrik Stansiyasını işə saldı.
***
Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax
rayonunda Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun
açılışında iştirak edib.
"Azəravtoyol” Aşıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin
başçısına məlumat verdi ki, uzunluğu 18 kilometr olan avtomobil yolu yenidənqurmadan
sonra istismara tam hazırdır. Layihə çərçivəsində yolda torpaq işləri zamanı zəruri
olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə
xüsusi material tökülərək bərkitmə işləri görülüb. Dördüncü texniki dərəcəyə
uyğun yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərinin eni hər
iki istiqamət üzrə 1,5 metrdir. Layihə çərçivəsində yolboyu müxtəlif diametrli
16 su borusunun tikinti işləri aparılıb, 360 təhlükəsizlik dirəyi, 118 yol
nişanı və göstərici lövhələr quraşdırılıb. Həmçinin 25 kilometr uzunluğunda yol
cizgi və yol göstərici xətləri çəkilib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Yevlax
rayonuna səfərə gəlib.
Azərbaycan Prezidenti Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir-Mingəçevir
stansiyası hissəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı yolun
texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin
başçısına məlumat verib ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Mingəçevir-Bəhramtəpə
avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasında
yerləşən hissəsinin yenidən qurulması işləri yekunlaşıb. Bu hissənin uzunluğu
16,5 kilometrdir. Yol üçüncü texniki dərəcədən ikinci texniki dərəcəyə uyğun
yenidən qurulub. Layihəyə əsasən, yol iki hərəkət zolağından ibarətdir.
Qeyd edilib ki, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir
dəmir yolu stansiyası arasındakı hissəsinin yenidən qurulması ilə vətəndaşların
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz
gediş-gəlişi təmin olunub.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonra xatirə şəkli çəkdirilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Yevlax
rayonuna səfəri çərçivəsində Varvara balıqartırma müəssisəsinin açılışında
iştirak edib.
Demokratik.Az
