Deputatlar büdcə talançılığını müzakirə edib

  • 15 apr 2017, 10:05
Milli Məclisin dünənki iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun ötən ilki hesabatını təqdim edib. Hesabatdakı məlumatları nöqsanların təsnifatına görə təqdim edildiyini deyən palata sədri qeyd edib ki, belə yanaşma informasiyanın qəbul edilməsini asanlaşdırmaqla yanaşı, bu barədə məlumatların uyğunluğunu təmin edir. Nəzarət tədbirlərin sayı haqqında məlumat verən V. Gülmməmədov söyləyib ki, Hesablama Palatasının 2016-cı ilin İş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 12-si analitik təhlil və 65-i audit olmaqla 77, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 10-u analitik təhlil və 9-u audit olmaqla 19 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilib. Hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzrə nəzarət tədbirlərinin 2-si növbəti ilə saxlanılıb.

V. Gülməmmədov qeyd edib ki, hesabat ilində dövlət büdcəsinin gəlirləri üzrə 8, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə cəlb edilmiş vəsaitlərlə bağlı 2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 auditin nəticəsi üzrə qərar qəbul edilib.

Palata sədri əlavə edib ki, 2015-ci ilin İş planına daxil olan və nəticələri hesabat ilində yekunlaşan 2 audit də nəzərə alınmaqla 2016-cı ildə 76 nəzarət tədbirinin nəticəsi ilə bağlı qərar qəbul edilib, Azərbaycan Dövlət İqtisad Universitetində həyata keçirilmiş tədbirin nəticələrinin yekunlaşdırılmaması səbəbindən həmin auditlə bağlı məlumatlar növbəti ildə fəaliyyətlə bağlı hesabata daxil ediləcək.

"2016-cı ilin iş planında nəzərdə tutulmuş və hesabat ilində başa çatdırılmış nəzarət tədbirlərinin sayı 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,8% az olub. Bununla belə, hesabat ilində nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 34,2% çox olub. Hesabat ilində aparılmış audit ilə ümumilikdə 5 mlrd. 606,5 mln. manat vəsait əhatə olunub ki, bunun 3 mlrd. 19,6 mln. manatı və ya 53,9%-i dövlət büdcəsinin xərcləri, 277,3 mln. manatı və ya 4,9%-i büdcədənkənar fondların vəsaitləri, 2 mlrd. 309,6 mln. manatı və ya 41,2%-i isə fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə olub. Eyni zamanda, hesabat dövründə beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə keçirilmiş nəzarət tədbirləri 87,9 mln. dollar məbləğində vəsaiti əhatə edib", - deyə o bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsinin gəlirlərini əhatə edən və hesabat ilində yekunlaşan 2 tədbir vergi inzibatçılığının təşkil edilməsi, həmçinin vergi qanunvericiliyinə riayət olunması vəziyyəti ilə bağlı olub: "7-si analitik təhlil olmaqla 69 nəzarət tədbiri dövlət büdcəsinin xərclərini əhatə edib. Bununla yanaşı, hesabat ilində iki audit dövlət zəmanəti ilə alınmış kreditlər üzrə, bir analitik təhlil isə büdcə kəsiri ilə bağlı olub".

V. Gülməmmədov bildirib ki, ötən il 8 istiqamət üzrə 825 nöqsan və pozuntu halına yol verilib: "Hesabat ilində mühasibatlıq, büdcə vəsaitlərindən istifadə və satınalmalar zamanı nöqsanlara daha çox yol verilib. Dövlət satınalmaları sahəsində zəruri sənədlərin təqdim edilməməsi, vəsaitlərin səmərəsiz istifadə və digər pozuntular qeydə alınıb.

Qurum rəhbəri qeyd edib ki, bəzi qurumlar tərəfindən nöqsanlara və pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam görülməyib. Həmçinin bu tədbirlərin preventiv xarakter daşıması nəzərə alınaraq tətbiq edilən tədbirlər əvvəlki illərdə olduğu kimi kifayət qədər sərt olmayıb.

"Hesablama Palatası bununla bağlı vaxtında tədbirlər görməyib?

Deputat Fərəc Quliyev ölkədən çıxarılan vəsaitlərlə bağlı Palata sədrinə sual ünvanlayıb. "Heç kəsə sirr deyil ki, bəzi layihələrə ayrılan vəsaitlər ölkədən çıxarılıb. Niyə Hesablama Palatası bununla bağlı vaxtında tədbirlər görməyib? Ölkədən nə qədər vəsaitin çıxarıldığı və hansı tədbirlərin görüldüyü barədə məlumat verilməlidir”. 

Deputat bir müddət öncə Bakıda bir çox villaların sökülməsini də yanlış addım adlandrıb. "Dövlət büdcəsindən yayınan vəsaitlər hesabına villalar tikildi. Sonra da Bakı Şəhər İcra Hakimiyyəti bu villaları sökdü. Bu tikililər sökülməməli, dövlət mülkiyyəti sayılmalı, məktəb və ya bağça kimi istifadə olunmalıdır. Biz bu tikililəri sökməklə itirilmiş pulları bir daha itirmiş oluruq".

O, ümumilikdə Hesablama Palatasının fəaliyyətini müsbət qiymətləndirib və bildirib ki, bu, parlamentin uğurudur. Deputat bildirib ki, hesabatda "AZAL” və "Bakı Metropoliteni”nin vahid büdcə təsnifatından çıxarılması tövsiyə olunur ki, bu da çox doğru addımdır. 

«Aşkar olunan nöqsanlarla bağlı daha ciddi tədbirlərin görülməlidir”

Deputat Qüdrət Həsənquliyev də Hesablama Palatasının öz fəaliyyətinin öhdəsindən gəldiyini desə də, aşkar olunan nöqsanlarla bağlı daha ciddi tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Ölkədə maliyyə intizamı ilə bağlı problemlərin olduğunu deyən deputat söyləyib ki, dövlət büdcəsindən vəsait oğurlayanlara qarşı cəzalar daha da sərt olmalıdır. "Hesablama Palatasının hesabatına baxdıqda görərik ki, orada maliyyə nöqsanlarının qarşısının alınması ilə bağlı cəzalar o qədər də sərt deyil. Hesabatda bu cür nöqsanlara görə, işçilərin daha çox işdən azad olunması, töhmət verilməsi və ya onların maaşlarından çıxması tədbirlərini görürük. Lakin biz bilmirik ki, işdən çıxarılanlar hansı səbəblə işdən azad ediliblər. Əgər nöqsanı yaradanlar həqiqətən onlardısa, o zaman həmin insanlar bir yerdən çıxıb digər iş yerinə düzələ bilirlər. Bu baxımdan yalnız töhmət, işdən azad olunma və ya maaşdan çıxılma kimi cəza tətbiq etməklə bu halların qarşısını almaq mümkün deyil. Bu cəzalar daha sərt olmalı, onlara qarşı cinayət işi açılmalıdır. Düzdür, bütün nöqsanlara görə Hesablama Palatasını günahlandırmaq olmaz”. Q. Həsənquliyev həmçinin parlamentdə büdcə və büdcəyə nəzarət komitəsinin yaradılmasını təklif edib.

"Bizdə deputatlar nə büdcənin hazırlanması, nə də ona nəzarət funksiyası da iştirak edirlər. Lakin dünya təcrübəsinə baxsaq, görərik ki,  digər ölkələrin parlamentində yaradılan quruma müxalifəti təmsil edən deputatlar nəzarət edir. Xalqın vəsaitini oğurlayanlar cəzalandırılmalıdır. Oğurlanan vəsaitlərin geri qaytarılması yaxşıdır. Lakin onu edənlər də cəzasız qalmamalıdır”.

"Bu faktların sadəcə bir nöqsan olaraq göstərməyin nə mənası var?”

Deputat Fazil Mustafa Hesablama Palatasının hesabatında nöqsan kimi xarakterizə olunan faktlara diqqət çəkib. O qeyd edib ki, 11,3 milyon manat 75 min və 17 min avro məbləğində vəsaitin dövlət büdcəsinə qaytarılmasından söhbət gedir”.

O bildirib ki, Beynəlxalq Bankda mənimsənilmiş böyük vəsaitlərin heç biri büdcəyə qaytarılmayıbsa, biz bu işlərlə qane ola bilmərik. "Sənəddə bu faktların sadəcə bir nöqsan olaraq göstərməyin nə mənası var? Bizi daha çox maraqlandıran nəticədir. Dövlət vəsaitlərinin büdcəyə qaytarılması üçün daha ciddi addımla atılmalıdır”.

F.Mustafa qida təhlükəsizliyi məsələsində hökm sürən vəziyyətə də diqqət çəkib: "Son vaxtlar hər gün oxuyuruq ki, filan rayonda at kəsildi, eşşək kəsildi, it kəsildi. Kəsib lüləkabab şəklində restoranlarda vətəndaşlara yedirirlər. Bu, hansısa məmurun vəsaitlər qazanması müqabilində baş verir. Yaxud adi Xəzər dənizinin balığına da vətəndaş həsrət qalıb. Mal-heyvanı, nefti-qazı başa düşdük. Bu balığa ki, ot, yem verilmir. Elə qiymət qoyurlar ki...Bu ökədə yaşayan vətəndaş da heç olmasa o kürüdən bir qaşıq yeyə bilməlidir axı.  Heç olmasa bu sahədə qiymətlərə nəzarət etmək lazımdır”.

Siyavuş Novruzov: "O cəzanın nə əhəmiyyəti var?!”

Deputat Siyavuş Novruzov da deyib ki, dövlət büdcəsindən mənimsənilən vəsaitlərin geri qaytarılması ən ali şərtlərdən biridir. "Dövlət vəsaitini mənimsəyən insanlara verilən cəzanın növündən asılı olmayaraq əgər dövlət vəsaiti geri qayıtmırsa, o cəzanın nə əhəmiyyəti var?”-deyə deputat bildirib.  

Onun sözlərinə görə, kimsə qohum-əqrabasının vasitəsilə külli miqdarda pulu ölkədən çıxarsa və o vəsaitlər qayıtmayacaqsa, o cəzanın nə əhəmiyyəti var?! Əksinə, dövlət həmin şəxslərin həbsdə saxlanmasına vəsait sərf edəcək”.

S.Novruzov qeyd edib ki, Hesablama Palatasına əlavə səlahiyyətlər verilməlidir: "Əgər bir yerdən siqnal daxil olursa ki, orada pozuntular var, Palataya səlahiyyət vermək lazımdır ki, oranı dərhal yoxlasın və nöqsanların qarşısını vaxtında alsın. Yoxsa biz illərlə gözləyək ki, kimsə ora süpürgə çəksin sonra biz axtaraq görək o pullar necə oldu. Neçə illər banklara inam yaranmışdı, amma bəzilərinin nöqsanları nəticəsində bu gün bank sektorunda problemlər yarandı. Ona görə də bu nöqsanların qarşısı vaxtında alınmalıdır”.

Əli Məsimli: "Bir məktəbin tikilməsinə, yolun çəkilməsinə üç dəfə pul ayrılır”

Deputat Əli Məsimli bildirib ki, büdcə vəsaitlərinin artırılması üçün xırda xərcləri məhdudlaşdırmaq effektli deyil: "Pensiya yaşının artırılması, işığın, qazın qiymətinin qaldırılması ilə büdcəyə böyük vəsaitlər qazandıra bilməyəcəyik. Korrupsiya, inhisarın aradan qaldırılması büdcəyə kifayət qədər böyük məbləğlər qazandıra bilər. Hər halda biz kölgə iqtisadiyyatından daha çox faydalanmaqla yüz milyonlarla vəsaiti büdcəyə cəlb edə, daha ciddi uğurlara nail ola bilərik. Büdcəyə bərpa olunan vəsait dəryada damladır. Amma zəruri tədbirlər görülsə, on milyonlarla vəsaiti büdcəyə bərpa etmək olar. Biz büdcənin vəsaitinin 10 faizinin xarici borcların ödənməsinə sərf etməyə başlamışıqsa, artıq bu, həyəcanlı məsələdir. Bir məktəbin tikilməsinə, yolun çəkilməsinə üç dəfə pul ayrılır, amma nə məktəb var, nə yol. Hesablama Palatasında bu kimi faktlar əksini tapmalıdır. Məmur sahibkarlığının qarşısını almasaq, Azərbaycan iqtisadiyyatının inkişafı mümkün olmayacaq”.
Müzakirələrdən sonra deputatlar hesabatı səsə qoyaraq təsdiqləyiblər.
 
Demokratik.Az
Oxşar xəbərlər