Kəlbəcər qaçqınının daxmasını külək apardı-fotolar

  • 07 apr 2017, 12:57

Güclü külək məcburi köçkünü evsiz-eşiksiz qoyub. Bir ailə çarəsiz vəziyyətdə dövlət qurumlarından kömək gözləyir. Rəsmi qurumlar isə deyəsən "qış yuxusu"ndan hələ ayılmayıb. Nə maraqlanan var, nə də insanlıq naminə onlara bir köməklik əli uzadan məmur tapılır.

Demokratik.Az-ın məlumatına görə, Göygöl rayon Kərəmli kəndində müvəqqəti məskunlaşmış, Kəlbəcər rayon Seyidlər kənd sakini Abbasov Samir Əmiralı oğlu prezident İlham Əliyevə və birinci vitse -prezident xanım Mehriban Əliyevaya müraciət edib. Ailə başçısı onlardan kömək istəyir.

Ailəsilə birgə 1993-cü ildən etibarən Kəlbəcərdən qaçqın düşərək Göygöl rayonunun Kərəmli kəndində, kəndin uçuq və yararsız mal fermasında məskunlaşmış şikayətçi ölkə rəhbərliyinə müraciətində dövlət qurumlarından narazılığını ifadə edir. Vətəndaş bildirir ki, hələ də qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən tikilən və paylanan mənzillə təmin olunmayıb. Dəfələrlə yaşayış şəraitlərinin acınacaqlı olması barədə ölkə başçısına və aidiyyatı qurumlara çoxsaylı müraciətlər edib. Lakin, onun və ailəsinin taleyi nədənsə kimsələri maraqlandırmır.

Vətəndaş təəssüf hissilə yazır ki, uçub dağılmış və 20 ildən artıq müdətdir yaşamağa məhkum olduqları kəndin mal fermasının durumu heç bir məmur tərəfindən düzgün qiymətləndirilməmişdir. O hesab edir ki, özünün və ailə üzvlərinin hüquqları tapdaq altında qalmaqla indiyədək nə qaçqınçılıq taleyi, nə də dözülməz yaşam tərzləri yuxarı vəzifəli şəxsləri narahat etməmişdir.                                                

Abbasov Samir Əmiralı oğlu müraciətində yazır ki, 27 mart 2017-ci il tarixdə daha bir müsibətlə qarşılaşıblar. Qaçqınçılıq və kasıbçılıq dərdlərinin üstünə bir böyük dərd də əlavə olunub. Belə ki, ötən ayın 27-də güclü küləyin təsirindən məskunlaşdıqları fermanın köhnəlmiş və çürük dam örtüyü bütövlüklə yerindən çıxaraq yerə düşüb. On gündür ki, müraciət etmədiyi, kömək istəmədiyi qurum qalmayıb. Məcburi köçkünün FHN-in 112 "qaynar xətti”nə müraciətləri də, Göygöl və Kəlbəcər İHB rəsmilərinə müraciətləri də nəticəsiz qalıb. Yerli Qaçqınkom nümayəndəsi ümumiyyətlə məsələnin həllində acizliyini boynuna alıb. Digər rəsmilər isə bildiriblər ki, baş verənlər təbii fəlakət sayılmır, rayonda fövqəladə hal qeydə alınmayıb. Bu işlərə cavabdeh, Göygöl rayon icra başçısının birinci müavini Turani Əliyev isə şikayətçiyə; "həmin ferma sahibini tap, ondan tələb elə, qoy o özü fermanın dam örtüyünü yeniləsin, təmir etsin..." - deyərək üzərinə düşən vəzifəni tamamlayıb. Şikayətçi yazır: "Bu sadəcə gülünc doğurur. Görünür, bu ağıllı məmurlar qanunlardan xəbərsizdir və ya öz işinin öhdəsindən layiqincə gələ bilməyənlər mənə nağıl danışır. Yerli rayon FH komissiyası nədənsə kəndə gəlib hadisəni aktlaşdırmır, mənim müraciətimlə maraqlanmır. Kəlbəcərin icra başçısı Aqil Məmmədov da məsələnin həllinə səy göstərmir, olaya biganə yanaşır. Ümidlərimiz göydə allaha, yerdə yalnız prezident İlham Əliyevə qalıb." 

Şikayətçi bildirir ki, işsiz olduğundan maddi durumu problemini şəxsən həll etməyə imkan vermir. Məskunlaşdıqları mal fermasında isə yaşamaq artıq mümkün deyil. Buranın divarları da uçur, döşəməsi və tavanı isə heç vaxt olmayıb.

Vətəndaş məktubunda məskunlaşdıqları fermanın dam örtüyünün, eləcə də divarlar, tavan və döşəmənin bərpası üçün aidiyyatı qurumlara göstəriş verilməsini, problemlərinin qanunamüvafiq həllinə dair xüsusi komissiya təşkil edilməsini ölkə başçısından xahiş edib.

Müraciətlə əlaqədar "Demokratik.Az"-ın əməkdaşı sözügedən evə və ailəyə baş çəkib. Vətəndaşın müraciətinin əsaslı olduğuna şahid olub. Şəkillərdən də göründüyü kimi, həqiqətən əvvəllər kəndin mal ferması olmuş bu ünvanda yaşamaq mümkün deyil. Buna baxmayaraq, çarəsiz vəziyyyətdə qalan məcburi köçkün ailəsi dam örtüyünün və məskunlaşdıqları iki otağın ilkin təmirindən sonra burada yaşamağın mümkülüyünü bildirirlər. Hər halda göründüyü kimi, heç bir sığınacaqları olmayan ailə buna məcburdur. Samir Abbasovun sözlərinə görə, bu istəyini reallaşdırmağa küllü miqdarda maddi vəsait tələb olunmur. Sadəcə olaraq bu işləri görmək-gördürmək üçün məmurların, xüsusilə Kəlbəcər İHB başçısının iradəsi və marağı olmalıdır.

Demokratik.Az təəssüf hissilə bildirir ki, icra başçısı Aqil Məmmədovun başı başqa işlərə qarışdığından, kəlbəcərlilərin bu cür probleminə vaxt ayırmaq iqtidarını itirib. Məlumata görə, Kəlbəcərin millət vəkili Cavid Qurbanovun özü də artıq neçə illərdir belə fərdi məsələlərin həllinə vaxt ayırmır. Onun yaxın qohumu olan Kəlbəcər icra başçısı son illər əldə etdiyi maddi imkanlar hesabına qızına Göygöl rayonunda, oğluna Bakıda ikimərtəbəli evlər tikdirməklə məşğuldur. Bir müddət əvvəl Göygöl rayonunda aldığı 18 sot torpaq sahəsində ferma tikdirmək, orada mal-qara saxlatdırmaq kimi işlər də icra başçısının başını lap qarışdırıb. Formal hesabatlar verməklə məşğul olan Kəlbəcər İHB-dən bu ailəyə kömək əlinin uzanacağı isə real səslənmir.

"Demokratik.Az"a verilən məlumatlara görə, Aqil Məmmədovun Göygöl rayonundakı evi küçə tərəfdən kameralarla əhatələnib və deyəsən bu yolla da icra başçısı özünü kəlbəcərlilərdən təcrid edib. Bəlkə də, narazı kəlbəcərlilərin evinə hücum çəkəcəklərindən ehyiyatlanaraq, başçı özünü və evini təhlükəsizlik kameraları ilə qoruma altına alıb.

Ümidvarıq ki, vətəndaşın səsinə səs verən kimsə tapılacaq, ya məskunlaşdıqları yerin dam örtüyü və digər hallar aradan qaldırılacaq, ya da evsiz-eşiksiz qalan bu ailə dövlət tərəfindən sığınacaqla təmin olunacaq.

(mövzu diqqətimizdədir)    

 



 

 

Demokratik.Az

 

Oxşar xəbərlər