“DTX-nın qarşısında böyük vəzifələr qoyulub”
Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncama əsasən, hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.
Bu münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin
(DTX) şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranları Fəxri xiyabana gələrək
ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı
önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım
Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib,
"Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
DTX-nin ictimai əlaqələr şöbəsindən Demokratik.Az-a bildiriblər ki, təntənəli
mərasim Xidmətin akt zalında davam etdirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı,
general-leytenant Mədət Quliyev çıxış edərək bütün şəxsi heyəti və təhlükəsizlik
orqanlarının veteranlarını peşə bayramı münasibətilə təbrik edib. O, ümummilli
lider Heydər Əliyevin hələ sovet dövründə Azərbaycanın gələcək müstəqilliyini
düşünərək respublika həyatının bütün sahələrində misilsiz işlər gördüyünü qeyd
edib, bugünkü güclü Azərbaycanın təməlinin məhz Ulu Öndərin dövlət təhlükəsizlik
orqanlarına və davamlı olaraq ölkəmizə rəhbərlik etdiyi vaxtlardan qoyulduğunu
bildirib. Vurğulanıb ki, dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanın
hüquq mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətinin də müasir
dövrün tələblərinə uyğun formalaşmasında və inkişafında böyük işlər görüb.
Hazırda Azərbaycanın təhlükəsizlik orqanlarının öz inkişafında yeni mərhələyə qədəm
qoyduğunu deyən general-leytenant Mədət Quliyev Ulu Öndərin layiqli davamçısı
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətimizin müstəqillik,
sabitlik və tərəqqi siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin
yaradılmasının DTX-nin əsas vəzifəsi olduğunu qeyd edib. Bu baxımdan günün tələbləri
nəzərə alınaraq, Xidmətdə aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli,
məqsədyönlü və çevik təşkilinə təkan verib. DTX-nin qarşısında böyük vəzifələrin
qoyulduğunu, görüləsi işlərin hələ çox olduğunu vurğulayan general-leytenant Mədət
Quliyev ölkəmizin sabitliyinin və təhlükəsizliyinin etibarlı təmin edilməsi,
cinayətkarlıqla mübarizə üzrə aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə
mövcud olan sıx və işgüzar əməkdaşlıq əlaqələrinin bu vəzifələrin də öhdəsindən
uğurla gəlməyə imkan verəcəyini bildirib.
General-leytenant Mədət Quliyev göstərdiyi diqqət və qayğıya görə dövlətimizin
başçısına bütün əməkdaşların adından minnətdarlığını çatdıraraq deyib: "Peşə
bayramı ərəfəsində möhtərəm Prezident İlham Əliyevin sərəncamları ilə ali hərbi
rütbələrin verilməsi və bir qrup əməkdaşın dövlət mükafatları ilə təltif edilməsi
fəaliyyətimizə verilən yüksək qiymətdir. Göstərilən böyük etimada və qayğıya
görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənələrinə sadiq olan Dövlət
Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Prezident İlham Əliyevin Azərbaycanın
dinamik inkişaf edən və qüdrətlənən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində
daim ən yaxın silahdaşı olacaq, Ali Baş Komandanın bütün əmr və göstərişləri
bundan sonra da dərhal və vicdanla yerinə yetiriləcək”.
Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri
Şamil Süleymanov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin müdrik,
inamlı və son dərəcə cəsarətli daxili və xarici siyasəti nəticəsində ölkəmizdə
ictimai-siyasi sabitlik dönməz xarakter alıb. Azərbaycan bütün sahələrdə
dinamik inkişaf edir, Vətənimizin siyasi-iqtisadi nüfuzu və mövqeyi dünyada ildən-ilə
möhkəmlənir. DTX xalqın maraqlarının və təhlükəsizliyinin etibarlı qorunması
istiqamətində həyata keçirdiyi fəaliyyəti ilə öz yeni tarixinin şanlı səhifələrini
yazır. Veteranlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına
minnətdarlıq edən Şamil Süleymanov Azərbaycanın təhlükəsizliyinin qorunmasının
gözəgörünməz cəbhədə çalışan hər bir əməkdaşın müqəddəs vəzifəsi olduğunu
vurğulayıb.
Təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul
olunub.
Sonra Azərbaycan Respublikası Prezidentinin DTX-nin əməkdaşlarına ali hərbi
rütbələrin verilməsi və bir qrup əməkdaşın təltif edilməsi haqqında sərəncamları
elan edilib.
Xidmətdə fərqlənən əməkdaşların, eləcə də təhlükəsizlik orqanlarının
veteranlarının mükafatlandırılması barədə DTX rəisinin əmrləri oxunub, təltif
olunanlara, həmçinin peşə bayramı münasibətilə Xidmətin struktur bölmələri
arasında idmanın müxtəlif növləri üzrə keçirilmiş yarışların və turnirlərin
qaliblərinə mükafatlar verilib.
Bayram tədbiri DTX-nin Mədəniyyət Mərkəzində bədii proqramla davam etdirilib.
Demokratik.Az