Milli Məclisin bu gün keçirilən plenar iclasında sabiq millət vəkili, birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib. Deputatlar ayağa qalxaraq onu alqışlarla qarşılayıblar. Milli Məclsin sədri Oqtay Əsədov parlament adından onun birinci vitse-prezident seçilməsi münasibəti ilə təbrik edib.
![]()
O bildirib ki, M.Əliyeva vitse-prezident kimi ilk dəfədir ki, Milli Məclisə təşrif buyurub: "Mehriban xanım öz doğma evinə gəlib. Onun çoxsaylı fəaliyyəti var. O 12 il yaxın dövrdə bizimlə həmkar olub. Xalqımıza, dövlətə qulluq edib. Ölkədə parlament mədəniyyətinin inkişafına tövhə verib. Bir sıra qanununvericilik təşəbbüslərinin müəllifi olub , eyni zamanda 4 amnistiya aktının təşəbbüskarıdır. Milli Məclisin fəaliyyəti dövründə Amerika, Fransa parlamentlərasrası dostluq qrupunun sədrləri olub.
Milli Məclisi beynəlxalq aləmdə layiqincə təmsil edib. Bir sıra digər ictimai-siyasi vəzifələrlə yanaşı, YAP-ın sədr müavinidir, O həm də Heydər Əliyev Fondunun prezidentidir. O sözün əsl mənasında millət vəkilidir. Əminəm ki, bundan sonra da xalqımızın vəkili olaraq qalacaq. Onun bu posta təyinatı ölkəmizin ictimai siyasi həyatına yeni nəfəs gətirəcək” deyə spiker bildirib.
Daha sonra çıxış üçün söz M.Əliyevaya verilib. Kürsüyə qalxan vitse-prezidenti ayaq üstə alqışlayıblar.
M.Əliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncama əsasən yeni vəzifəyə təyin edilməyilə əlaqədar olaraq Azərbycan Milli Məclisində fəaliyyətimi dayandırmalı olur: "Mən 10 ildən artıq parlament üzvü olmuşam. Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəfli idi. Müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşdırılmasında Milli Məclisin deputat korpusunun böyük rolu olub. Azərbaycanda həyata keçirilən islahatların hüquq bünövrəsinin millət vəkillərinin birgə səyi nəticəsində hazırlanıb, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edib. Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim ab-havanın şahidi olmuşam. Belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay Əsədovun böyük əməyi var. O 10 ildən artıq ki, Milli Məclisin sədr vəzifəsini layiqlə icra edir. Hörmətli Oqtay müəllim, sizə gələcək fəaliyyətlərində uğurlar arzu edirəm”.
O, keçmiş deputatlıq fəaliyyəti ilə bağlı hesabat da verib.
M. Əliyeva deyib ki, bu müddət ərzində Xəzər rayonunda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa edilib və əsaslı təmir olunub: "17 sənaye müəssisəsi, 10 idman obyekti, o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla 28 mədəniyyət obyekti , 7 məscid və ziyarətgah istifadəyə verilib. Bundan əlavə, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrində əhalinin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb. Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilib, rayon ərazisində ümumi uzunluğu 190 km olan yollar salınıb. Bu illər ərzində irimiqyaslı, uzun müddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat edən problemlərin araşadırılmasını və həllini də daim ön plana çıxarmışam. Mənə müraciət edən insanlara dəstək olmağa çalışmışam. Fəaliyyətimin bütün mərhələlərində rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal deyil, hər zaman səmimi olub. Mən tam əminliklə deyə bilərəm ki, əldə olunan bütün nailiyyətlərə birgə fəaliyyət nəticəsində nail olmuşuq. Bu illər ərzində məni dəstəkləyən hər kəsə öz minnətdarlığımı bildirirəm. Gələcəkdə də Xəzər rayonun inkişafı üçün çalışacağam".
M. Əliyeva Milli Məclisdə təmsil olunduğu müddət ərzində bir sıra təklif və təşəbbüslə çıxış etdiyini diqqətə çatdırıb: "Humanizm və ədalət ideyalarına əsaslanaraq, 2007, 2009, 2013, 2016-cı illərdə irəli sürdüyüm Amnistiya aktlarının qəbul edilməsi ilə bağlı təşəbbüsüm həmkarlarım tərəfindən daim dəstəklənib. Bu qərarlar əsasında ümumilikdə 39 min 887 məhkum cəzadan azad edilib. Mən amnistiya təşəbbüslərini dəstəkləyən, on minlərlə insana azadlıq bəxş edən deputatların hər birinə dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək, bu, xoş ənənə davam edəcək. Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi. Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib”.
O qeyd edib ki, Milli Məclisdə 12 illik fəaliyyətini böyük bir ömür məktəbi kimi qiymətləndirir. "Bir millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən həyatda sadə prinsiplərə arxalanmışam. Vicdan, ləyaqət, mərhəmət və xoş niyyət, ədalət, qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin hərtərəfli inkişafı üçün bütün gücümlə çalışacağam. Son günlər mənim ünvanıma soydaşlarımızdan təbriklər gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Səmimi ürək sözləri və dəstəklərə görə, hər birinə öz dərin minnətdarlığımı bildirirəm. Bu gün parlamentdə təmsil olunan qadım həmkarlarımı və bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Mən sizin hər birinizə möhkəm can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Bu illəri birlikdə keçirdiyimiz fəlaiyyətə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Ümidvaram ki, gələcəkdə də bizim əməkdaşlıq davam edəcək”.
Çıxış edən deputat Siyavuş Novruzov Mehriban Əliyevanın birinci-vistse prezident seçilməsini cəmiyyətin sosial sifarişi kimi qiymətləndirib. O, bu təyinatı eyni zamanda Yaxın Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən Azərbaycan dövlətinin müasir demokratiyasının bariz nümunəsi kimi dəyərləndirib. "Bu təyinat hakim partiya üçün ikiqat sevinclidir. Çünki 2013- cü ildə M. Əliyevanın hakim partiyanın sədr müavini seçilməsi ilə o, YAP-ın fəaliyyətinə yeni impuls verib”.
Deputat Fəzail İbrahimli bildirib ki, Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini kənara qoyub, təkcə dünya və Azərbaycan tarixində şərəflə yazılacaq Birinci Avropa Oyunlarındakı təşkilatçılıq qabiliyyəti və bu oyunun ölkəmizdə keçirilməsi ilə tarixə öz adınızı yazdırmış oldunuz.
F.İbrahimli əlavə edib ki, Birinci Avropa Oyunlarının açılış mərasimində kürsüyə çıxan Mehriban Əliyeva bir daha dünyanın diqqətini Azərbaycana yönəltməklə yanaşı, Azərbaycan həqiqətlərini bir dünya ictimaiyyətinə çatdırdınız. " Mehriban xanımın yüksək təşkilatçılıq qabiliyyəti ilə bir daha Azərbaycanı dünyaya qalib və qüdrətli bir ölkə kimi təqdim etdi. Mehriban xanım yüksək təşkilatçılıq qabiliyyəti ilə bu oyunları boykot edən ölkələri və ona dəstək verən qüvvələri utandırdınız. Mehriban xanım nimdaş və boz sifətləri utandırdınız”- deyə, F. İbrahimli vurğulayıb.
F.İbrahimli M. Əliyevaya gələcək fəaliyyətində uğurlar arzuladı.
Çıxış edən vitse-spikerlər Ziyafət Əsgərov, Bahar Muradova və digər deputatlar da M.Əliyevanı təbrik ediblər.
Birinci vitse-prezident Mehriban Əliyeva parlamentdə deputatların onunla bağlı çıxışlarına münasibət bildirib. O, hər bir qələbənin, nailiyyətinin arxasında eyni niyyətli, eyni fikirli, güclü və vahid bir komanda durduğuna əmin olduğunu deyib. "Mən öhdəmə düşən vəzifənin məsuliyyətini dərk edirəm. Eyni zamanda, həyacan da keçirirəm, amma gələcəyə optimizmlə yanaşıram. Çünki bilirəm ki, məni dəstəkləyən xalqımız var. Bununla yanaşı, ölkəmizin İlham Əliyev kimi bacarıqlı, savadlı, güclü prezidenti var. Odur ki, müstəqilliyimizin bərkiməsi üçün əlimizdən gələni tam gücümüzlə bir yerdə, bir komanda kimi həyata keçirə biləcəyik”.
Daha sonra M.Əliyeva parlamenti tərk edib. Deputatlar onu ayaq üstə sürəkli alqışlarla yola salıblar.